2020-ci il mayın 6-da Xəzər Universiteti Inkişaf Mərkəzinin təşkilatçılığı ilə Onlayn Tədris və Öyrənmə Problemləri üzrə Virtual Konfrans keçirildi. Konfransda dünyanın müxtəlif ölkələrindən: Böyük Britaniya, İspaniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Finlandiya və Azərbaycandan olan məruzəçilər mövcud təcrübə və problemlərin necə qarşılandığı və necə həll edildiyi barədə təcrübələrini bölüşmək üçün 10 dəqiqə ərzində təqdimatlarla çıxış etdilər.

Üç hissədən ibarət olan konfrans İnkişaf Mərkəzinin direktoru Raziyə İsayevanın çıxışı ilə başladı. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova konfransa qatılan dinləyici və məruzəçiləri salamladı. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı COVİD-19 pandemiyasının ölkəmizə, tələbə və müəllimlərə, eyni zamanda tədqiqat sahəsinə olan təsirindən danışdı.

Növbəti mərhələdə Valensiya Politexnik Universitetinin nümayəndəsi Javier Orozco təqdimatla çıxış edərək, mövcud vəziyyətlə əlaqədar İspaniyadakı təhsil sistemindən danışdı. Eldar Ayanbayev çıxışında Qazaxıstandakı distant təhsildən və istifadə olunan “Moodle” platformasından bəhs etdi.

Gəncə Dövlət Universitetinin nümayəndəsi Razim Əliyev universitetin təhsil sistemindən bəhs edərək, “Tələbə və müəllimlərin onlayn təhsilə olan münasibəti” adlı sorğunun nəticələrini paylaşdı.

Virtual konfransın ikinci mərhələsində Middlesex Universitetinin nümayəndəsi George Dafoulas, Debrecen universitetinin nümayəndəsi Gábor Erdei, Özbəkistandan Makhmud Kurbonov, Azərbaycan Dillər Universitetinin əməkdaşı Zarina Aslanova çıxış etdilər.

Konfransın üçüncü mərhələsində Valensiya Politexnik Universitetinin nümayəndəsi Elena de la Poza, Finlandiyanın Jyvaskyla Universitetinin nümayəndələri Kati Clements və Saana Mehtälä və Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Aidə Cəlilzadə mövcud vəziyyət və problemlərin necə qarşılandığı və necə həll edildiyi barədə təcrübələrini bölüşdülər.

Təqdimatların sonunda məruzəçilər verilən sualları cavablandırdılar.

Sonda Xəzər Universiteti İnkişaf Mərkəzinin Direktoru Raziyə İsayeva çıxış etdi və tədbirə qatılanlara təşəkkürünü bildirdi.

khazar.org