2020-ci il fevralın 25-də yerli və xarici universitetlərin iştirakı ilə PAWER layihəsinin yekun konfransı keçirildi. Konfransda Monqolustan, Qırğızıstan Təhsil nazirliklərinin nümayəndələri iştirak edirdilər. Konfrans Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayevanın çıxışı ilə başladı. Açılışdan sonra Raziyə İsayeva iştirakçıları Xocalı soyqırımı haqda məlumatlandırdı və Xocalı soyqırımında həlak olan insanlar 1 dəqiqəlik sükutla yad edildi. Bundan sonra Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova çıxış edərək, qonaqları salamladı.

Azərbaycan Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov PAWER layihəsi haqqında çıxış edərək, Xəzər Universitetinə təşəkkürünü bildirdi.

Gün ərzində davam edən konfransda layihənin koordinatoru, L’aquila Universitetinin professoru Anna Tozzi çıxış etdi. O, öz nitqində PAWER layihəsinin koordinatoru olmaqdan qürur duyduğunu bildirdi. Anna Tozzi qeyd etdi ki, ilk gündən layihənin məqsədlərinə və onları yerinə yetirəcəyimizə inandıq. Sonda qeyd etdi ki, daha çox gənclərə, onların inkişafına və beynəlmiləlləşməsinə yönələn PAWER layihəsi yeni nəsil üçün sadəcə başlanğıcdır.

L’aquila Universitetinin digər nümayəndəsi Massimiliano D’innocenzo təqdimatında 36 ölkənin iştirak etdiyi PAWER layihəsində görülən işlər və mərhələlər haqda iştirakçılara yekun məlumat verdi.

Daha sonra Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva Azərbaycan universitetlərindəki təhsil sistemi, mərhələləri və təhsil ocaqlarımızdakı Boloniya sistemi haqda iştirakçıları məlumatlandırdı. O, 2005-ci ildən 2018-ci ilədək baş vermiş islahatlardan bəhs etdi.

Çay fasiləsindən sonra Vroslav Universitetinin nümayəndəsi Krzysztof Kafarsky layihənin keyfiyyət qiymətləndirməsinin nəticələri haqda çıxış edərək, layihə çərçivəsində keçirilmiş seminarlar, təlimlər onların nəticələri və güclü, zəif tərəfləri haqda iştirakçıları məlumatlandırdı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva Monqolustanın Təhsil Nazirliyinin nümayəndəsi ilə görüş keçirdi.

Nahar fəsiləsindən sonra Middlesex Universitetinin nümayəndələri George Dafoulas və Ariadni Tsiakara layihənin ümümi dəyərləndirməsi və nəticələri haqda danışdı. Onlar PAWER layihəsinin SWOT analizi güclü və zəif tərəfləri haqda iştirakçıları məlumatlandırdı.

Axşam saatlarına qədər davam edən konfrans şam yeməyi ilə yekunlaşdırıldı.

khazar.org