2020-ci il fevralın 28-də Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının doğum gününə həsr olunmuş “Humanitar elmlər: dünən, bu gün və sabah” mövzusunda Tələbə elmi konfransı öz işinə başladı.
Açılış mərasimində çıxış edən Professor İsaxanlı tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı mütəxəssis hazırlanmasına tələbələrin elmi yaradıcılığa cəlb olunmasının səmərəli təsirindən, eyni zamanda, belə tədbirlərin respublikamızın müxtəlif universitetlərində təhsil alan tələbələrin bir araya gəlməsi, bir-birləri ilə fikir mübadiləsi aparması üçün çox gözəl fürsət olduğunu qeyd etdi. O, bugünkü gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, potensialı olduğunu vurğuladı, tələbələrin elmi tədqiqata həvəsini yüksək dəyərləndirdi.
Daha sonra universitetin rektoru dos.İradə Xəlilova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dos.Elza Səmədova çıxış edərək, elmi konfransların keçirilməsinin tələbələrin yaxşı mütəxəssis kimi yetişmələrində mühüm rol oynadığını, gənclərin elmi-tədqiqatlarının praktiki baxımdan ortaya qoyulması, onların tədqiqat bacarıq və vərdişlərinin formalaşmasına müsbət təsir göstərdiyindən bəhs etdilər.
Açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi. 4 bölmə üzrə tələbələr müxtəlif mövzularda 65 tezis təqdim etdilər. Konfransda Xəzər Universitetinin tələbələri ilə yanaşı, Azərbaycanın müxtəlif təhsil ocaqlarından, o cümlədən, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən gələn tələbələr iştirak edirdilər. Tələbə elmi konfransında maraqlı tezislərlə çıxış edən gənc tədqiqatçılar Xəzər Universitetinin rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif edildilər.
Konfrans öz işini Xəzər Universitetinin müəllim və tələbələrinin ifasında böyük maarifçi, istedadlı şair-publisist, təhsil qurucusu professor Hamlet İsaxanlının şeirləri və sözlərinə bəstələnmiş musiqilərdən ibarət bədii hissə ilə yekunlaşdırdı.