2020-ci il yanvarın 15-də Xəzər Universitetinin Mərmər salonunda Mövlana Ədəbi-Fəlsəfi Araşdırma Mərkəzinin (MƏFAM) təşəbbüsü və şair, yazıçı, uzun illər Nəbati irsinin tədqiqatçısı Xosrov Sərtipinin təqdimatı ilə “Nəbati yaradıcılığında eşq” mövzusunda tədbir keçirildi.

Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr, ölkənin tanınmış elm və sənət nümayəndələri, qonaqlar iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri açaraq, Azərbaycan ədəbiyyatında Nəbatinin xüsusi yeri olduğunu vurğuladı. Ədibin şeirlərindən bir neçə nümunə səsləndirərək, Nəbati irsinin tədqiqatında Xosrov Sərtipinin böyük rolundan söz açdı və sözü qonağa verdi.

30 ildən çox bir müddətdə Nəbati irsinin tədqiqatçısı olan Xosrov Sərtipi Əbülqasim Nəbatinin qəzəli ilə nitqinə başlayaraq, tədbirin iştirakçılarını salamladı. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəbati haqqında mühazirəsində Xosrov Sərtipi sənətkarın həm klassik, həm də aşıq şeiri şəklində olan əsərlərindən nümunələr səsləndirərək, yaradıcılığında eşq mövzusunun irfani tərənnümündən söz açdı. Çıxışını Nəbatiyə yazdığı şeiri ilə tamamladı.

Tədbirdə şairlər Vahid Çəmənli və İlham Qəhrəman Nəbatiyə həsr etdikləri şeirlərini oxudular. Əməkdar incəsənət xadimi Aqil Məlikov musiqi müşayiəti ilə Nəbatidən bir neçə qəzəl söylədi. Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının solisti, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova və aşıq Ramin Qarayev Nəbatinin şeirlərinə aşıq havalarını ifa etdilər. Xalq artisti Alim Qasımov Nəbati qəzəli üstündə muğam nümunəsi səsləndirdi.

İranın görkəmli sənətkarı Vədud Müəzzinzadə, Tohid Novruzi, Mehdi Cənnəti Fərd və azərbaycanlı sənətçilər Elya Dəniz və Məhta Behnamın iştirakı ilə də konsert proqramı təqdim olundu.

khazar.org