2020-ci il yanvarın 15-də “Dünya” məktəbinin direktoru, direktor müavini və 33 nəfər 11-ci sinif şagirdi öz müəllimləri ilə bərabər tanışlıq məqsədilə Xəzər Universitetinə ekskursiya etdilər. Tədbiri universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açdı və sözü Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının Sədri professor Hamlet İsaxanlıya verdi. Hamlet İsaxanlı qonaqlara Xəzər Universitetinin təhsil modelini açıqladı, onun Avropa və Amerikanın qabaqcıl universitetləri ilə müqayisəsini apardı və ixtisas seçimi ilə əlaqədar şagirdlərə öz tövsiyələrini verdi. Sonra Universitetin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva Xəzər Universitetinin tələbələrə yaratdığı imkanlar, professor Fuat Rəsulov universitetin ölkədə və xaricdə uğur qazanmış məzunları haqqında qısa məlumat verdilər. Daha sonra Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Hassan Niknafs öz təcrübəsinə əsaslanaraq, bakalavr pilləsi əvəzinə magistratura və doktorantura pillələrini Avropa və ya Amerikanın qabaqcıl universitetlərində əldə etməyin üstünlüyünü vurğuladı. Yekunda qonaqlar iki qrupa bölünərək, universitetin laboratoriyaları ilə tanış oldular və onlara Xəzər Universitetinin bukletləri hədiyyə edildi.