2019-cu il iyunun 10-14-də Xəzər Universitetində Riyaziyyat departamentinin təşkilatçılığı ilə riyazi fizikanın müasir problemlərinə həsr olunmuş 2-ci “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” (RFOFS) adlı beynəlxalq konfrans keçirildi. Konfransın başlıca məqsədi riyazi fizikanın ən yeni nailiyyətlərini və inkişaf istiqamətlərini, həmçinin onun metodlarını müzakirə etmək idi.
Qeyd edək ki, 1-ci RFOFS konfransı 2018-ci il mayın 21-24-də professor Hamlet İsaxanlının 70 illik yubileyi münasibətilə keçirilmiş və bundan sonra hər il keçirilməsi qərara alınmışdır.
Konfransda Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, AMEA institutlarının, olkə universitetlərinin alim və mütəxəssisləri, media mənsubları və dünyanın 25 ölkəsindən – Türkiyə, Rusiya, Gürçüstan, Ukrayna, ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Rumıniya, Sloveniya, Polşa, İsveç, İsveçrə, İsrail, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, Norveç, Koreya, Şimali Koreya, Çin və Yaponiyadan gəlmiş 60-dan artıq tanınmış riyaziyyatçılar iştirak edirdilər.
Konfransın açılış mərasimi universitetin Mərmər salonunda oldu. Riyaziyyat departamentinin müdiri, konfransın sədri Əli Hüseynlinin giriş nitqindən sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova çıxış edərək, iştirakçıları salamladılar və konfransın işinə uğurlar arzuladılar.
Açılış mərasimindən sonra konfrans beş gün ərzində üç müxtəlif seksiyada, hər seksiyada beş qırx dəqiqəlik çıxışlarla davam etdi. Əsasən, riyazi fizikanın bu sahələrindəki elmi nailiyyətlər müzakirə olundu: Sim nəzəriyyəsi; Kvant sahə nəzəriyyəsi; Klassik və kvant inteqrallanan sistemlər; Təsvirlər nəzəriyyəsi; Kompleks analiz və differensial həndəsinin müasir riyazi fizikada metodları; Spektarl nəzəriyyə, səpilmə nəzəriyyəsi, tərs spektral məsələlər, ortoqonal polinomlar; Riyazi fizikanın xüsusi törəməli tənliklərinin analıizi; Soliton nəzəriyyəsi.
Konfransda təqribən 70 çıxış dinlənildi. Qeyd edək ki, istər xarici iştirakçıların sayı, istər iştirakçıların mənsub olduğu coğrafiyanın genişliyi, istərsə də konfransda iştirak edən alimlərin nüfuzu baxımından bu konfrans bir il öncə keçirilmiş 1-ci RFOFS beynəlxalq konfransı ilə müqaisədə daha yüksək göstəricilərə malik idi. Heç təsadüfi deyil ki, Beynəlxalq Riyazi Fizika Cəmiyyəti məhz belə yüksək göstəriciləri nəzərə alaraq, bu konfransı öz klassifikasiyasına görə B kateqoriyalı konfrans kimi tanıdı və bu konfransın rəsmi dəstəkçisi oldu.
Xüsusi qeyd edək ki, Azərbaycanda riyaziyyat sahəsində keçirilmiş konfransların tarixləri və onlar haqqında olan informasiyalar onu deməyə əsas verir ki, istər birinci, istərsə də ikinci RFOFS beynəlxalq konfransları miqyasına görə Azərbaycanın son 40-50 illik tarixində riyaziyyat sahəsində təşkil olunmuş ən böyük iki konfransdır.
Hal-hazırda konfransın tezislər kitabı çapa hazırlanır.