2019-cu il iyunun 19-da Xəzər Universitetinin “Mərmər” salonunda universitetin “Potensial məktəb direktorları” kursunun 9-cu buraxılışına həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdə universitetin rəhbərliyi, əməkdaşları, kursun məzunları və qonaqlar iştirak edirdilər. Xəzər Universiteti himninin ifası ilə başlanan mərasimdə sonra iştirakçılara universitetin Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu dosent Zülfiyyə Sadıqova) Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert təqdim olundu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı geniş nitq söyləyərək, müasir dövrdə qloballaşan dünyada təhsilinin, o cümlədən, Azərbaycan təhsilinin qarşısında duran mühüm vəzifələrdən, bu vəzifələri uğurla yerinə yetirmək üçün məzunların üç ay ərzində kursda əldə etdikləri idarəetmə bilikəri və təcrübəsinin əhəmiyyətindən danışdı, tövsiyələrini verdi və onlara uğurlu karyera arzu etdi.
Sonra məzunlara “Peşəkar İnkişaf Sertifikatı”nın təqdim olunmasına başlanıldı. Sertifikatları professor Hamlet İsaxanlı, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva və kursu tədris edən müəllimlər təqdim etdilər. Xatirə şəkilləri çəkildi.
Məzunlar adından İlahəxanım Hacıyeva çıxış edərək, kursun və tədrisin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə, kursun təşkilatçılarına və müəllimlərə minnətdarlıqlarını, qazandıqları idarəetmə bacarıq və vərdişlərinin karyeralarında önəmli rol oynayacağını bildirdilər. Kursun keçmiş məzunu –232 saylı məktəbin direktoru Məhluqə Əzizova kursda əldə etdiyi biliklərin praktik işində ona böyük yardım göstərdiyindən danışdı.
Kursun məşğələlərindən çəkilmiş fotolardan ibarət slayd-şou nümayiş etdirildi. Məzunluq mərasimi çay süfrəsi ətrafında davam etdi.
Qeyd edək ki, “Potensial məktəb direktorları” kursu 2014-cü ildən fəaliyyətə başlayıb, 650 nəfərdən çox məzuna sertifikat vermişdir, onlardan 50 nəfərdən çoxu direktor, direktor müavini təyin olunmuşdur.