Xəzər Universiteti Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il aprelin 26-27-də Xəzər Universitetində Azərbaycan 8-ci Beynəlxalq Psixologiya Konfransı keçirildi.Açılış Xəzər Universitetinin orkestrı ilə başlandı.  Xəzər Multimedia Mərkəzinin hazırladığı və əvvəlki illərin konfranslarını əks etdirən video material iştirakçılara nümayiş etdirildi.

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova departament və Xəzər Psixoloji Xidmət Mərkəzinin bu tip seminar, təlim və konfranslarda aktiv yer aldığını qeyd edərək, konfransın açılışı üçün sözü Xəzər Universitetin  Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya verdi. O da öz növbəsində  bir ənənə halını alan konfransın işinə uğurlar diləyərək, psixologiyanın elm sahəsi kimi inkişafda olduğunu  söylədi.  Xəzər Universitetinin rektoru  Dos. İradə Xəlilova bu kimi konfransların əhəmiyyətli olduğunu qeyd edərək, konfransın işinə uğurlar dilədi.

Psixologiya departamentinin koordinatoru Mələk Kərimova konfransa Britaniyadan dəvət edilmiş əsas spikerlər haqqında ətraflı məlumat verdi. Dedi ki, konfransa dünyanın məşhur psixoloqlarından biri, Britaniya Psixologiya Cəmiyyəti və Amerika Psixologiya Assosiasiyasının üzvü, 95 kitab və 1480-dən çox məqalə müəllifi Adrian Furnham, “Inclusion Childhood and Education Ltd (ICE)” şirkətinin təsisçi direktoru və “Əlillik və Cəmiyyət” jurnalınin baş redaktoru Michele Moore, Marmara Universitetinin professorları Müge Yüksel, Azize Nilgün Canel, Durmuş Ümmet, Mersin Universitetinin professoru Cem Ali Gizir dəvət edilmişdir.

İki gün davam edən konfransda Prof. Adrian Furnham “Pul və Motivasiya” haqqında iştirakçılara təlim keçdi. Təlimdə gəlirin və maddi vəziyyətin insan psixologiyasına təsiri, həmçinin pul və motivasiya arasındaki əlaqədən danışıldı. Ardınca Prof. Michele Moore “Əlillik və ailədə yaşanan çətinliklər” mövzusu  ətrafında  ən son yenilikləri iştirakçılara çatdırdı.  Prof. Cem Ali Gizir “Yas terapiyası” mövzusundan bəhs etdi. Tədbirin davamında Prof. Azize Nilgün Canel “Metakoqnitiv yardım prossesi” barəsində iştirakçılara məlumat verdi. Konfrans Doç. Durmuş Ümmetin “Psixi sağlamlıq mütəxəssislərində şəfqət yorğunluğu” mövzusunda nəzəri, “Seanslarda terapevtik kartların istifadə edilməsi” mövzusunda   praktik çıxışı ilə yekunlaşdı.

Konfransın ikinci gününün daha çox hissəsini praktiki tapşırıqlar əhatə edirdi. Prof. Adrian Furnham “Liderlerin uğursuzluqlarının səbəbləri” barəsində iştirakçılarla bərabər praktiki təlim keçdi. Prof. Michele Moore “Əlilliklə üzləşən ailələrdə çətinliklərlə işləmə metodları”, Prof. Cem Ali Gizir “Yas terapiyasında istifadə edilən metodlar”, Prof. Azize Nilgün Canel “Həyat ağacı: Gücləndirmə əsaslı Narrativ terapiyanın tətbiqi”, Prof. Müge Yüksel “Yaradıcı dramın tətbiqi” mövzuları barədə  ətraflı müzakirələr aparmaqla  yanaşı onların  tətbiqi qaydalarını  da şərh etdilər.

Konfransdan sonra qonaqlarla axşam yeməyi təşkil edildi və gələcək əməkdaşlıq məsələləri müzakirə edildi. Sonda konfrans iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olundu və  konfransa sponsorluq dəstəyi verən  “Asterias” şirkətinə təşəkkür edildi.

khazar.org