2024-cü il martın 15-də Xəzər Universitetinin Mərkəz kampusunda Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüş keçirildi.

Görüşdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələri, digər ali məktəblərin əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, akademiyanın elmi işçiləri, Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının sədri və “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcid, şair və yazıçılar, sənət adamları, mətbuat nümayəndələri, eləcə də yazıçının müxtəlif sahələri təmsil edən yaxın dostları və ailə üzvləri iştirak edirdilər.

Foyedə görkəmli yazıçının kitablarından ibarət sərgi nümayiş olunurdu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı tədbiri açaraq, bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd etdi ki, bu görüş həm də onunla əlamətdardır ki, Anarın doğum günü ərəfəsinə təsadüf edir.

Xalq yazıçısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Sonra Hamlet İsaxanlı onu səhnəyə dəvət etdi və ənənəvi görüş qaydasından fərqli olaraq onlar üz-üzə kresloda əyləşdilər.

Öncə Anarın həyat yoluna işıq salan videoçarx nümayiş olundu, sonra yazıçı iştirakçıları salamladı və yaradıcılığına verilən dəyərə görə universitet rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi.

Hamlet İsaxanlı ilə Anar arasında diskussiya şəraitində keçən görüşdə Xalq yazıçısı ona ünvanlanan bütün sualları geniş və əhatəli cavablandırdı. O, həmçinin, sözlərinə yazılan mahnıların da olduğunu söylədi və qardaş Türkiyədə yaşadığı dövrdə vətən həsrəti ilə yazdığı bir şeirə mərhum bəstəkar dostu Emin Sabitoğlunun gözəl bir mahnı bəstələdiyini də xatırladı. Hamlet İsaxanlı cavab olaraq söylədi ki, biz bu mahnının tarixçəsi barədə artıq məlumatlıyıq və buna görə də onun bəstəkarın özündən sonra ən gözəl ifaçısı olan Xalq artisti İlqar Muradovu tədbirə dəvət etmişik.

Sonra Xalq artisti Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər – universitetin Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə həmin mahnını ifa etdi.

Sonra Anar Rzayevin əsərləri əsasında çəkilən filmlərdən parçalar təqdim edildi və bu kinofilmlərin bəzi məziyyətləri ilə bağlı Hamlet İsaxanlı ilə Xalq yazıçısı arasında fikir mübadiləsi oldu.

Tədbirin yekununda Xalq yazıçısının doğum günü münasibətilə hazırlanan tort səhnəyə gətirildi və Zülfiyyə Sadıqova Anara universitet adından gül dəstəsi təqdim etdi.

khazar.org