2024-cü il fevralın 24-də Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli Kahramanmaraş Sütçü İmam Universitetində olub. Universitetin rektoru, Prof. Alptekin Yasım, prorektor , Prof. İ.Ersin Akıncı, baş katib Ali Rza Bekler, Beynəlxalq ofisin müdiri Özlem Nalbantbaşı, Dos. Ömer Okan Fettahoğlu, Dos. Necmettin Gül, müəllimlər Burak Öztaş, Həmran Əmirli və digərlər tərəfindən “Xəzər”in nümayəndəsi çox səmimi qarşılanıb.

Ə.Əmirbəyli Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlının və rektor Doc. İradə Xəlilovanın salamlarını türkiyəli rektora çatdırıb.

Görüşdə universitetlər arasında qarşılıqlı işgüzar əlaqələrdən danışılıb. Xəzər Universitetinin rektoru tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsini Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Alptekin Yasım imzalayıb və tərəflərə təqdim edilib. Universitet rəhbərliyi tərəfindən qonağın şərəfinə ziyafət verilib, hədiyyə mübadiləsi olub.

Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru yaxın zamanda Xəzər Universitetini ziyarət edəcəyini söyləyib.

khazar.org