Hafiz Rüstəm

Yaxşı  tanıdığım,  ruhu  etibarilə,  mənəvi  mühitilə  mənə  doğma  olan dostum Əli Rza Xələflinin bu il yazıb başa çatdırdığı həyatın romanı əsərini ardıcıl izləmişəm, oxumuşam və redaktə etmişəm. Sözün həqiqi mənasında məmnuniyyətlə,  böyük  zövqlə.  Adından  da  göründüyü  kimi,  həyatın  ən müxtəlif tərəflərinə işıq salan bir əsər kimi “Həyatın Dastanı” poetik bir əhvalla əzəlindən sonunadək müşayiət olunur. Əsər şair Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında yazılmış ədəbi-fəlsəfi düşüncələr- dən ibarətdir. Bu müəllif qənaəti olsa da, mən “Həyatın Dastanı”nı monoq- rafiya kimi görürəm. Çünki bu əsərin həm də dərin elmi siqləti var. Əsərin kütləvi dildə, emosional bir ruhda yazılması geniş oxucu kütləsinin mara- ğına səbəb olacaq. Mən buna şübhə etmirəm.

* * *

Əmir Ünsürül-məali Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn

Ziyar (1021 – 1082) şairlik qaydaları haqqında oğluna nəsihətində buyurur:   “Şeir (qəzəl, qəsidə, mərsiyə və s.) yazdıqda o barədə nə mümkünsə,

hamısını de, bitkin bir əsər yarat, heç vaxt yarımçıq yazma. Bir də ki, nəsrdə işlənən sözləri şeirdə işlətmə, nəsr – rəiyyətdir, şeir – şah. Rəiy- yətə yaraşmayan şey şaha heç yaraşmaz”1.

Deməli, şeir sənətin gözü, bütün yaradıcılıq növlərinin başçısıdır, şahıdır. Elə buna görə də poeziyaya bu qədər boz-bulanıq axın var. Elə buna görə də hər şairəm deyən gücü çatdı-çatmadı, “poetik şedevr” yaratmağa, “şahbeyt- lər” icad etməyə can atır. Elə buna görə də hər ürəyindən şahlıq keçən şah ola bilmir. Çünki ən azı iddiayla tələb, imkanla gerçəklik, formayla məz- mun, təsadüflə zərurət bir-birini tamamlamayanda, başqa sözlə, real həyatla tale yazısı üst-üstə düşməyəndə heç nə alınmır. Əksinə, bütün bunlar düz mütənasib olanda, ədəbi şəxsiyyətin missiyası qismən müəyyənləşir.

Hamlet İsaxanlının da şairlik missiyası yuxarıdakı qanunauyğunluqlar- sız İlahi töhfə sayıla bilməz. Hərçənd o, “A millət” adlı şerində yüngül qa- zanc dalınca qaçmaq, rüşvətlə təhsil almaq, qeyri-qanuni yolla vəzifələrə yiyələnmək və s. kimi neqativ halların, mənfi milli xüsusiyyətlərin elm və sənət sahələrinə də sirayət etdiyini sarkazmla bildirir:

– Elmdə sıramız? – Bəli, seyrəkdir, Bizimki o deyil, sevən ürəkdir.

On səkkiz min şair nəyə gərəkdir? Sən məni də şair etdin, a millət?!

Məncə, bu prizmadan yanaşsaq, qətiyyən elmə dəxli olmayan, ancaq elmi dərəcə almaq uğrunda dəridən-qabıqdan çıxan “alimlərin” sayı heç də yuxarıdakı “şairlərin” sayından geri qalmaz.

H.İsaxanlı süjetli “Ziyarət” poemasınadək kiçikhəcmli, ancaq yüksək mündəricəli lirik- poetik təcrübələrini doğruldanadək, heç şübhəsiz, uzun və məşəqqətli yaradıcılıq axtarışları aparıb. Hansı böyük şairəsə bənzəməyə, hansı klassikisə təqlid etməyə, yamsılamağa, milli və qeyri-milli məşhurla- rın həyat və ədəbi fəaliyyətlərini öyrənməyə cəhd edib. Bu yolda dəfələrlə daxili-mənəvi böhranlarla, ruhi-psixoloji sarsıntılarla qarşılaşıb. Bəzən zahi- rən uğurlu, özünəməxsus görünən poetik işartıların ilğımlarında azıb, sonra- dan aldandığının dərin məyusluq və peşmançılıqlarını yaşayıb. Yalnız təbii istedad, ağır zəhmət, özünəinam və əzmkarlıq sayəsində bədii üslubun ha- mıya məlum tərəflərindən və nəzəri postulatlarından əldə edilməsi mümkün olmayan, ancaq zatən həqiqi sənətkara sirr kimi, sehr və möcüzə kimi əta edilən fərdi üslubun açarını tapandan sonra yeni, işlənməmiş poetik möv- zuların qapıları onun üzünə taybatay açılmağa başlayıb.

Oxucular üçün maraqlı olacağını nəzərə alıb əvvəlcə, Aristotelin “Poetika”sı və ona sanballı şərh yazan A.Aslanovun Ön sözü əsasında “Ziyarət”in yaranma səbəblərini, yüksək zövq məhsulu kimi onu şərtləndirən amilləri, janr  xüsusiyyətlərini  müəyyənləşdirməyə  çalışaq.  Məlum  olduğu  kimi H.İsaxanlı bu əsərində doğulduğu kəndə qonaq gəlməsinin, kənd obrazları- nın, kəndlə bağlı əziz, müqəddəs uşaqlıq xatirələrinin poetik təqlidini verib:

“Zənn etmək olar ki, poeziya sənətini, ümumiyyətlə, iki, həm də təbii səbəb  doğurmuşdur.  Əvvələn,  təqlid  uşaqlıqdan  bütün  insanlara xoşdur və onlar digər canlılardan bununla fərqlənirlər ki, təqlidə daha çox maildirlər və ilk bilikləri də onun sayəsində əldə edirlər; ikinci, təqlid və onun nəticəsi hamıya zövq verir. Həyatda baş verən hadisələr də bunu sübut edir: həyatda bizə iyrənc görünən (yaxud gözəl görünən
– H.R) şeylərin təsvirinə baxarkən xoşumuz gəlir. Bunun səbəbi isə ondadır  ki,  bilik  qazanmaq  nəinki  filosoflar,  eyni  zamanda  başqa adamlar üçün də son dərəcə xoşdur, yalnız bir fərqlə ki, bu sonuncular bilikləri uzun zaman üçün əldə etmirlər”1.

H.İsaxanlı ziyarət etdiyi kənd təbiətinin, o təbiəti təşkil edən canlı və cansız predmetlərin fiziki, bioloji keyfiyyətlərini deyil, estetik-fəlsəfi qavra- yışını əsas götürür. O, təkcə ata ocağı ilə, doğma, tanış şəxslərlə, həmkəndli- ləri ilə görüşmür, o, həm də ana yurdun, yurddaşların tipik obrazlarını can- landırır. İndi onun ziyarət etdiyi, haqqında bəhs açdığı yer-yerlərdir, adam- adamlardır .

H.İsaxanlı artıq tamamilə yeni dövrün – sovet dövrünü tarixə tapşırmış, bütün ideoloji yasaqlara son qoymuş müstəqil, milli bir respublikanın qələm əhli kimi partiyalı, formaca milli, məzmunca sosialist buxovlardan azad dünyagörüşün yaradıcı təmsilçisidir.Elə buna görə də onun “Ziyarət”i təbii və orijinaldır.

Bu mənada H.İsaxanlının “Ziyarət”ində ədəbi qəhrəmanın hiss və həyə- canları, dövrün dramatik hadisə və əhvalatları müvafiq söz, ritm və ahəng daxilində oxuculara çatdırılır. Bu üç haldan ikisi daha fəal və xarakterik olduğuna görə, yəni H.İsaxanlının “Ziyarət”i bədii təhkiyənin vasitəsinə və predmetinə görə janr etibarilə epik-lirik poemadır.

Yuxarıda xatırlatmışdım ki, H.İsaxanlı məhz sirli, sehrli, özünəməxsus

fərdi üsluba yiyələndikdən sonra poetik mövzuların qapıları onun üzünə açılmağa başladı. Əslində bu spesifik yaradıcılıq qüvvəsini özündə hiss et- məyən, bu qüvvəyə sahib olmayan şəxslər istəsələr də heç bir sənət əsəri ya- rada bilməzlər. Məhz bu “fərdi üslubu olmayanlar, həyatı obrazlarla düşün- məyi bacarmayanlar” elmi də, sənəti də özlərinin ruhsuz, cansız, məzmun- suz, ehtirassız söz yığınları ilə ancaq gözdən salırlar.

Məlum olduğu kimi fərdi üslub birbaşa fəlsəfi-əxlaqi, intellektual dün- yagörüşlə, vacib estetik kateqoriya olan tipiklik məsələsilə, yüksək dərəcədə özünəməxsusluqla, nəhayət fərdi üslubu reallaşdıran, maddiləşdirən fərdi dil, bədii təsvir və ifadə vasitələrilə sıx surətdə bağlıdır.

Əli Rza Xələfli “Həyatın Dastanı” adlı bu monoqrafiyasını H.İsaxanlı- nın məhz fərdi üslubunu qabarıq nümayiş etdirən “Ziyarət” poemasının ədə- bi təhlilinə, şərhinə həsr etmişdir. Yaxşı yadımdadır ki, bu əsəri təşkil edən məqalələr ilin əvvəlindən “Kredo”1 qəzetində ardıcıl olaraq dərc olunmağa başladı  və  geniş  ədəbi  ictimaiyyətin  mühakiməsinə  verildi.  Qabaqcadan deyim ki, əsər məhz Əli Rzaya məxsus elmi-publisistik üslubda yazılıb, olduqca maraqlı və oxunaqlıdır. O, təhlilə cəlb etdiyi ədəbi obrazları, tipləri və hadisələri oxucu yaddaşına həkk etmək, sözə qüvvət vermək üçün onlarla mötəbər ədəbi-elmi mənbələrə uğurla müraciət edib və tam əminliklə deyə bilərəm ki, o, bu istəyinə çox qısa bir müddətdə nail olub. Həm də nəzərə almaq lazımdır ki, qələmdən istifadə etməyən Əli Rzanın bu diktələri, şifahi nitqlər toplusu yeni bir yaradıcılıq nümunəsi kimi ağır və şərəfli əqli mül- kiyyətin məhsulu olaraq çox qiymətli və dəyərlidir. Qeyd etmək yerinə dü- şərdi ki, o, hələlik bu son əsərinədək qısa müddət ərzində, yorulmaq bilmə- dən araya-ərsəyə gətirdiyi “Dilimiz – varlığımız” (2009), “Axtala əfsanəsi” (2010), “Sözün çağlar şəlaləsi” (2010), “Yaddaşa aparan yollar” (2011) adlı ideya  və  məzmunlarına  görə  bir-birindən  fərqlənən,  yüksək  elmi-ədəbi məziyyətlərə malik olan, son dərəcə mükəmməl, sanballı, irihəcmli ədəbi- tənqidi əsərlərin müəllifi kimi də tanınır.

H.İsaxanlının “Ziyarət”i bir növ ziyarətnamə, daha doğrusu onun ərəbcə sinonimi olan səyahətnamədir. Dünya ədəbiyyatında irili-xırdalı, məşhur-

1 ” Kredo”qəzeti, 2011, 15 yanvar.

qeyri-məşhur səyahətnamələrdən fərqli olaraq H.İsaxanlı məhz özünəməx- sus, çox da irihəcmli olmayan, ancaq dərin məzmunlu bir səyahətnamə ya- radıb. Bu səyahətnamə naməlum, xarici ölkələri səyahətdən deyil, bir ölkə daxilində artıq məşhurlaşmış bir şəxsiyyətin öz doğma yurdunu səyahətin- dən, öz ata ocağını ziyarətindən və bu səfərin yaratdığı poetik təəssüratdan bəhs edir:

“H.İsaxanlı kəndimizə (Borçalının Qarayazı bölgəsinin Kosalı kən- dinə) yalnız hərdən imkan olanda gedə bilir. Doğma kəndinə gələndə sanki  arzuladığı  bir  ziyarətgaha  qovuşur.  Bu  ziyarətgahla  bağlı yaddaşı yenə oyanır, xəyal dünyasında əziz xatirələri yenidən canlanır. Oxucu poemanın əzəlindən başlamış bütün bunları diqqətlə izləyir:

…Duyğu hakım oldu bizə Sevgi özü ibadətdir
Şükür, gəldik kəndimizə, Bu nə gözəl ziyarətdir!  Güllər tanış, qoxu tanış,  Göy otların çoxu tanış,  Ocaq tanış, tüstü tanış,  Kəndin altı, üstü tanış…

Bu sadə müşahidədə kəndin zahiri təbiətinin bir vaxtlar oyatdığı hissi təəssürat təzələnir”1.

H.İsaxanlı təkcə doğulduğu çağdaş kəndlə, kənd adamları ilə, həm də ucqar kənd təbiətilə zahirən görüşmür, o, eyni zamanda həmin kəndin artıq xatirəyə çevrilmiş sərt həyat tərzilə, məhrumiyyət dolu tarixi keçmişilə bizi görüşdürür. Ə.R.Xələfli H.İsaxanlının fərdi üslubunu şərtləndirən özü ilə, onun dünyagörüşü ilə elə ilk səhifədən bizi tanış edir: “H.İsaxanlının “Ziya- rət”i yaddaşın ziyarəti mahiyyəti daşıyır. O, indiyədək nəşr olunmuş kitabla- rında “lirik mən” kimi görünürdü. Amma bu əsərdə həm də avtobioqrafik x- arakter hiss olunur”. Ə.R.Xələfli H.İsaxanlının dünyagörüşü haqqında kifa- yət qədər geniş təsəvvür yaradan portret cizgilərinə, onun tərcümeyi-halına, cəmiyyətdə tutduğu şərəfli mövqeyinə də aydınlıq gətirir: “H.İsaxanlı Azər- baycanın görkəmli riyaziyyatçı alimidir, sözün həqiqi mənasında, böyük təh- sil təşkilatçısıdır”.

Ə.R.Xələfli əsərin əvvəlindən diqqəti cəlb edən, “Ziyarət”in əsas güc mərkəzi olan çox maraqlı bir Yaddaş Sahibi obrazı yaradıb. Bu obraz, ümu- miyyətlə, ədəbiyyatda bir ədəbi vasitə kimi, xitab obyekti kimi son dərəcə yeni bir obrazdır: “Bu obraz bütün əsər boyu xüsusi hərəkətverici gücə ma- likdir. Biz onun ətrafında, onun haləsində baş verən hadisələri məxsusi ola- raq onun özünün münasibətilə qavrayır, başa düşürük. Ancaq demək lazım- dır ki, “Ziyarət” əsərindəki Yaddaş Sahibi obrazı Azərbaycan ədəbiyyatında- kı tarixi yaddaşı canlandıran obrazlardan fərqlənən, bir növ qeyri-ənənəvi obrazdır”, – deyir Ə.Xələfli. Bu obraz daha yığcam ifadə etsək, təkcə müəl- lifin özünü deyil, ümumiyyətlə müəllifin simasında bütün tarixi-milli dün- yagörüşü təmsil edir.

Ə.R.Xələfli bu Yaddaş Sahibi obrazı vasitəsilə H.İsaxanlının “Ziyarət”- ini təşkil edən, həqiqi könül nəğmələrindən ibarət olan “Şükür gəldik kən- dimizə”, “Böyüklərim yada düşdü”, “Qismətdənmiş bu görüşmək”, “Dilimiz gödək olmasın” və s. başlıqlar altında onun bədii təxəyyüldən keçirdiyi, ti- pikləşdirdiyi obrazları, əhvalatları, demək olar ki, eyni poetik səviyyədə du- ran ədəbi-tənqidi qeydlərilə, professional ədəbiyyatşünas mülahizələri ilə ehtiva edir.

H.İsaxanlının nəsil şəcərəsinə daxil olan, hər bir azərbaycanlıya ancaq başucalığı gətirən, adı milli müqavimət hərəkatının liderlərindən biri kimi tarixə düşmüş babası Qaçaq İsaxandan, himayəsində min bir əziyyətlə böyü- düyü nənəsi Zeynəbdən tutmuş, sevimli ata-anası, əmisi, həmkəndliləri – şərti olaraq adlandırdığımız Ağsaqqal və Ağbirçəyəcən, eyni zamanda heç vaxt yaddan çıxmayan, unudulmayan, məşəqqətli olduğu qədər, həm də hər- dən lirik-romantik görünən qələmə aldığı adi həyat lövhələrinə qədər hər şe- yi nə qədər canlı və real əks etdirmişsə, Ə.Xələfli də bir o qədər həmin ob- raz və əhvalatlara böyük qayğı və diqqətlə yanaşmış, bütün bunların hamısı- nı ən xırda detal və təfərrüatlarınacan təhlil müstəvisinə gətirmiş, hətta indi yurdun  qıraqda  qalan  yerlərinə  çevrilmiş  Borçalı  və  borçalıları  həm  də ədəbi-geosiyasi baxımdan nəzərdən keçirməyi də yaddan çıxarmamışdır.

Ə.R.Xələfli H.İsaxanlının özünəməxsusluğuna dəlalət edən, onun ya- radıcı təbiətini, poetik gücünü şərtləndirən ştrixləri, incə nüansları açıqlayır: “Onsuz da H.İsaxanlı istər şeirlərində, istərsə də “Ziyarət” poemasında sö- zü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. Bu ritm, bu ahəng onun mənəvi aləmindədir. Müəllifin üstünlüyü kimi

bunu mütləq qeyd etməliyik ki, o, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir”. 

Ə.R.Xələfli poemanın məziyyətlərini qeyd etməklə yanaşı yeri gəldikcə müəllifə kömək məqsədilə haqlı iradlarını da bildirir: “Yaylaq yerinin, xüsu- silə buz kimi suların çağladığı bulağın, yarpızlığın, əvəlikliyin ətri, bihuşda- rı kimi insanı məst edən kəklikotu çiçəklərinin, çayçiçəyinin, qantəpərin, lil- parın, qazayağının, quzuqulağın… olduğu yerlərdə “yarpız, yasəmənin qo- xusu” yox, “çiyələyin qoxusu” məntiqi, mənzərəni daha yaxşı tamamlayır”. 

Ə.R.Xələflinin izahlarında həm də bədii üslubun təzahürləri valehedici- dir. Bir də görürsən ki, nəqli cümlə çox şairanə bir təşbehlə ifadə olunur: “Bir vaxt gəlir ki, o pıçıltılar onun xəyalındakı səliqəli ata, ana zəhmətilə düzəldilmiş ləklər kimi misralara çevrilir”.

Ə.R.Xələfli öz şərhlərində yaxın dövrün Qərb və Şərq mütəfəkkirləri ilə yanaşı yunan mifologiyasına (İkar və Dedal haqqında əfsanə), böyük tənqid- çi Belinskinin üz tutduğu, e.ə. ikinci əsrdə yaşamış qədim yunan alimi və tənqidçisi Aristarxa və digər məşhur söz adamlarına müraciət etməklə öz fikir və arqumentlərini daha da qloballaşdırır.

Ə.R.Xələfli poema haqqında yazarkən o, poemanın da daxil olduğu kitabda gedən bəzi lirik şeirlərə də münasibətini bildirir. “Gələcəkdə” adı ilə təqdim olunan şeirdə H.İsaxanlının təbirincə desək, “gələcəyin qələmçalanı” indinin qələmçalanı ilə müqaisə edilir. Gələcəyə ünvanlanan bu şeir həqiqə- tən də çox obrazlı və düşündürücüdür:

Sən ey bizi bizdən sonra yada salan, Haqqımızda fikrə dalan,

Və bu yolda qələm çalan

Qız, ya oğlan!

Keçmişinə baxanda sən,

Biz nələri qurub-çatdıq?

Nə dağıtdıq, nə yaratdıq?

Onu bizdən daha yaxşı biləcəksən.  Dayaz, səthi, ibtidai fikirlərə

Baş bulayıb güləcəksən.

Bu, H.İsaxanlının təmsil etdiyi ədəbi nəsillərin sualları kimi heç də də- yərsiz deyil, əksinə təəssüfqarışıq məzmunludur.

Ə.R.Xələfli obrazları tipikləşdirmədə, ədəbi qəhrəmanı ümumiləşdirmə- də fövqəladə və xariqüladə hünər və istedada malikdir ki, bunu aşağıdakı nümunədə bütün gücü və parlaqlığı ilə nümayiş etdirir. Bu, həm də cüzi, cı- lız ədəbi uğurlarını və əllaməçiliklərini hər cür vasitələrlə gözə soxmaqdan çəkinməyən, ancaq Əli Rzanın məhsuldar və zəngin yaradıcılığını bəyənmə- yib ona həsəd aparanlara kiçik bir mesajdır: “Ziyarət” poeması xarakter eti- barilə bizim müasirimiz olan bir insanın taleyindən danışır. Yəni biz əsər boyu Yaddaş Sahibini görürük, onun düşüncələrini dinləyir, həyatının ayrı- ayrı məqamlarını gözlərimizin önündən keçiririk. Onun uşaqlığı da, körpə- lik, fidanlıq çağları da, əlləri əsə-əsə, soyuqdan iliyi dona-dona bağda-ba- ğatda işlədiyi günləri də, barmağını oxuduğu kitabın dayandığı səhifəsinin üstündə saxlayıb bir arx kənarında axıb gedən sulara atdığı balaca daşlara qoşulan, o suların harayacan axması haqqında düşünən anlarını da görü- rük. Özünün körpə uşaq qəlbilə sevgisini götürüb dünyanın hansısa yaşıl bir adasına uçmaq xəyalları da bizi təsirləndirən, özümüzün uşaqlıq dünyamızı təzədən yaddaşımıza gətirən məqamlardır. Bunlar əsərin ən parlaq, ən işıqlı görünən tərəfləridir. Dünyanın elm mərkəzlərində yeni tədqiqatları ilə, elmi nəticələri ilə, məntiqi hökmləri ilə həmkarlarını bəzən təəccübləndirən, dün- yaya meydan oxuyan ölkələrin fikir, düşüncə sahiblərilə mübahisələrə giri- şən, inandığı məntiqindən bir addım da geri çəkilməyən Yaddaş Sahibi tari- xi yurd yerlərinə qayıdanda yenidən həmin o arx kənarındakı uşağa çev- rilir”. 

Burada  Yaddaş  Sahibinin  təqdimatında  həm  də  Əli  Rzaya  məxsus təfəkkür dərinliyi, təxəyyül zənginliyi parlaq şəkildə üzə çıxır.

O, H.İsaxanlının xalq təfəkküründən qaynaqlanan, ən passiv beyinləri də silkələyən, əxlaqi-didaktik misralardan ibarət bayatısını təhlil obyektivin- də iri planda göstərir:

Müdriklər tez od almaz,  Boş sözü saya salmaz.

Hər hürənə daş atsaq,  Yurdumuzda daş qalmaz.

Zənnimcə, Ə.R.Xələfli bu kitabında heç də subyektivliyə yol verməmiş, “Ziyarət”in ideyasını, onun ədəbi-bədii xüsusiyyətlərini obyektiv, canlı və dolğun şəkildə açıb göstərmiş, yüksək zövqlü oxucuların tələbatını ödəyə- cək orijinal, oxunaqlı bir əsər yaratmağa müvəffəq olmuşdur. Bu “Ziyarət”, yaxud ziyarətnamə Kəbə evini ziyarət etməyə bərabər ziyarətdir.

P.S. Yeri gəlmişkən bu poema – hərçənd yüksək sənətkarlıqla yazılmış parçalarının olduğunu, ideya-bədii xüsusiyyətlərinin orijinallığını və təbiiliyini nəzərə almaqla  bir  dünyagörmüş  müdrik  insanın,  hikmət  sahibinin  aforistik,  fəlsəfi misralarıyla yekunlaşır. Bu misraların mahiyyətini nə qədər açmağa çalışsaq da, yenə də o misralardakı ilahi gözəllik və hikmətin sehrləri və sirləri müəmmalı qalacaq. Biz burada keçmişini unutmayan, gələcəyinə biganə olmayan, Şərq ürəkli, Qərb təfəkkürlü, müasir, milli bir ziyalının ölməz obrazını görürük. Böyük həyat eşqinə malik bu obrazın poetik Bisütunun hündür və əlçatmaz qayasına həkk etdiyi köhnəlmək bilməyəcək misraları ən azından Milli Yaddaş Sahibinin hafizəsindən heç vaxt silinməyəcək, əbədi yaşayacaqdır:

Bu yerlərə çox gəlmişəm,  Gəldikcə də kövrəlmişəm.  Nəşəm qəmlə görüşübdür,  Sevincimə xal düşübdür.

Ey Tanrıdan aldığım nur,

Sən göstərən yol doğrudur.  De, keçmişdənmi gəlmişəm? Ya mən özüm köhnəlmişəm?

 

Hafiz RÜSTƏM 11 – 15 iyul 2011

 

Ədəbiyyat:

Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009
C.Mustafayev.“Ata ocağı”. “Kredo” qəzeti, 2011, 15 iyun.
“Qabusnamə”.”Şərq-Qərb” nəşriyyatı. Bakı , 2006, s.147
Aristotel. “Poetika”. ”Şərq – Qərb” nəşriyyatı. Bakı , 2006, s. 27
”Kredo”qəzeti, 2011, 15 yanvar
C.Mustafayev.“Ata ocağı”. “Kredo” qəzeti, 2011, 15 iyun