Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poemasını yaddaşın əzəmətli simfoniyasına bənzətmək olar. Yaddaş Sahibinin ocaq-ocaq, cığır-cığır, ev-ev və ən başlıcası, ürək-ürək gəzdiyi yerlərdə xatirələrin oyanışı hisslərə, duyğulara təsir edir, canlanmalar poetik lövhələrə çevrilir. Beləcə, əsər boyu poeziyanın incə, duyğuları titrədən, bəzən şahə qalxan, fırtınalı dalğalara bənzəyən, bəzən az qala ağacları kökündən qoparan küləklərin vıyıltısına, bəzən də bir səhər çağında bülbüllərin cəhcəhinə bənzər səsləri dinləməli olduq. Şairin orijinal, öz səsi və öz nəfəsi ilə oxunan musiqinin son akkordlarına gəlib çatırıq. Artıq ahəng dəyişib, Yaddaş Sahibi xəyalən mənəvi dünyasını bir ömrə sığışmış olan nə varsa, hamısını gəzib, təəssüratlarını da, birinci növbədə ömrünün indiki çağları ilə bölüşüb. Şübhəsiz, bu bölgüdən onun müasirlərinə də pay çatıb. Əsərin sonluğunda şairin “saf, dumduru el nəfəsi” adı ilə təqdim etdiyi son poetik akkordlar ruhumuza həm də bir payız nəfəsi gətirir. Həzin pıçıltılarla bu payız nəfəsinin səsini dinləməli oluruq:

Kənd dursa da, ruh dəyişib, Qara zurna gözə dəymir; Görən, aşıq kimdən küsüb? Saz sinədə dastan demir.

Ömrün coşğun çağlarının ötüb-keçməsi haqqında elegiya təsiri bağışlayan bir nəğməni dinləməli olacağımızı elə bəri başdan hiss edirik. Deyəsən, Şəhriyarın ölməz “Heydərbabaya salam” poemasının ruhi-mənəvi təsiri də bu misralarda duyulur. Şəhriyar da əsərinin ikinci hissəsində yaddaş salnaməsinin səhifələrində ocaqların yerinin qaldığından, bulaqların quruduğundan, onun uşaqlıq çağlarının şəriki olan tay-tuşlarının dünyadan köç edib getməsindən danışırdı.
H.İsaxanlı da ruhların dəyişdiyini, qara zurnanın gözə dəymədiyini, qismən dəyişmiş olsa da, qalmış kəndin fonunda yada salır. Aşıqların əvvəlki şövq ilə oxumamasının səbəbini axtarır. Bəlkə, o aşıqlar kimdənsə küsüb? “Saz sinədə niyə dastan demir?” sualı ilə öz könlünə müraciət edir.
Demək, həyat öz axarını dəyişməsə də, hər axarın öz dövrü olduğunu diktə edir. Müəllifin (əsərdə Yaddaş Sahibinin) karvanı payızın qapısı ağzındadır. O, ruhuna hakim kəsilən bu fikri hissləri, duyğuları ilə sözə çevirməyə başlayır:
Karvan köçür, yola salmaq vaxtıdır,
Küsmüşəm, könlümü almaq vaxtıdır.
Laylası əskikdir nazik ömrümün,
Çal, aşıq, çal, qardaş, çalmaq vaxtıdır.

Göründüyü kimi, bu misralarda bir köç təbilinin həyəcanlarını dinləyirik. Onun aşığa müraciətlə “çal, aşıq” deməsi də daha əvvəlki çağların qaynarlığından xəbər vermir. Könlümüzə, duyğularımıza bir payız havası gətirir:
“Yarpaqlar töküləndə… nələr olur? Günəşin rəngi bir az saralır, istisi də azalır. Təbiət solur. Günəşin rənginə çalır yarpaqlar. Qızılı-sarı yarpaqların tökümü başlayır. İl ömrünü başa vurur. Bəs nədən payız həmişə sevilir? Kədər gətirsə də, bir tutqunluq gətirsə də əbədi ayrılığın başlanğıcı kimi payızı qucaqlamaq istəyirsən. Bəlkə də, ürəyinin dərinliklərində heç nə ilə üstünü örtə bilmədiyin göyüm-göyüm göynəyən sevgini ona açmaq istəyirsən. Lap ona üz tutub “Ey solğun dəm, ey xilqətin cazibəli, şux afəti” (Puşkin) məni qoyub hara gedirsən, əlimi ətəyindən üzən kimi ürəyim də üzüləcək. Axı sən mənim sevgimsən, qəlbimsən.
Sanki payız də illər boyu gizlədilmiş bu sevginin vaxtı ötmüş etirafını tökülən yarpaqları ilə şabaşlara qərq etdiyi kimi, elə bu yarpaq tökümləri ilə də sənə əlvida deyir.
Ayrılıqlar həmişə gözəldir. Ayrılıqlar anında insanın bütün uyğulu duyğuları dilə gəlir. Səssiz fəryadlar göylərə bülənd olur. Ancaq bu fəryadların ahı, amanı o göylərin yeddi qatınacan qalxsa belə, onu kimsə eşitmir, kimsə bilmir, bir özün bilirsən, bir də payız… “1
Hər halda gənclik duyğularının yüyənsiz at kimi havanı yarıb qanad açmaq istədiyi dövrlərin arxada qaldığı zamanın onun çiyninə yığdığı yükün ağırlığı altında öz ağrıları haqqında ağır-ağır danışdığı bir hekayəti dinləyirik. Bu hekayətin sevinci və kədəri bir-birinə o qədər qovuşub ki, hətta onları ayırmaq da mümkün deyil. Yaddaş Sahibi ömrünün bu məqamını hamıya danışmaq istəməzdi. Ancaq özünün mənəvi aləmində gizləyib saxlamaq da istəmir. Ola bilsin ki, onu çoxları başa düşməsin, duymasın. Amma hər halda kimsə duyacaq və o, öz salamını da onu duya bilən kimsəyə ünvanlayır:
Bir ömürlük sevincimi, naləmi,
Yüklənərək yelkən açdı bir gəmi.
Ömür keçdi dalğalarla yan-yana,
Salam olsun bu əhvalı duyana.

İnsan nə qədər sevinclər içərisində olsa da, daxili aləmində onu həmişə vüsalına qovuşmayan arzuların iztirabları, ağrıları ilə baş-başa qoyan bir kədər yükü də var. Bəlkə də, bu kədər yükü, ağrısı olmasaydı, insan öz sevincləri ilə çox bayağı görünərdi. Hansı əsər, hansı ədəbi istedad onun daxili aləmindən gələn bu kədər duyğularını verə bilirsə, demək, oxucusuna bir qapı açır. Füzuli ona görə cazibədardır, Füzulini oxumaq insan hisslərinin dərinliklərinə baş vurmaq, insanın özünü duymaq, kədərini anlamaq deməkdir. Əlbəttə, poeziyanın öz dilini bilənlərdən söhbət gedir. Görünür, professor Kamil Vəli Nərimanoğlu Füzuli poeziyasından danışanda elə bu anlamı nəzərdə tutur:
“Yetər ki, sən kitabı aç və ilk misranı oxu. Bu dua, bu vəhy səni alıb aparacaq. Gedəcəksən və öz kədərin qədər kədərlənəcəksən, kədərlənə bildiyin qədər kədərlənəcəksən. O qədər duman, sis, ağrı gətirəcəksən. Və görəcəksən ki, bu ağrı insanı yaşadan qüdrətin özüdür. Tanrıya doğru atılan addımdır. Nəfəsdir. Bir dünyadan bir neçə dünyaya açılan qapıdır”.

İnsan hisslərini, insan duyğularını öz təravətində təzədən insanlara qaytaran səsi arzulayan şair ömrünün payız qapısında yenə nikbin duyğularla yaşayır. Axı insan nəsilləri yeni fəsillər görəcək, yeni nəsillər bu fəsillərdən keçdikcə bir vaxt Yaddaş Sahibinin dediyi kimi, damarlarında axan qanın eşq olduğunu duyacaqlar. Ona görə də, Yaddaş Sahibinin ruhu da bu yeni nəsillərlə təzədən qayıdacaq və torpağa müraciətlə tükənməz ilham çeşməsi arzulayacaq:
Ana torpaq, səslə bizi,
Tükənməz ilham çeşməsi.
Kölgə düşən qəlbimizi
İsidəcək nəğmə səsi.
Bu büsata hay verəcək
Qayalardan axan su tək
Saf, dumduru el nəfəsi.
Könülləri, kölgələnən ürəkləri “Qayalardan axan su kimi saf, dumduru el nəfəsi” isidəcək. Həyat yenə gözəl olacaq. Çünki həyatın nəbzi yeni nəsillərin ürəyinin ahəngi ilə döyünəcək. Amma Yaddaş Sahibi indi doğulub-böyüdüyü, arzuları ilə qucaqlaşdığı diyarda tamam başqa bir mənzərəni sanki onun özünə tərəf gələn, onun ruhunun daşıyıcısı olan körpə bir uşağı görür. Onun doğma eldə-obada, öz dünyasını yaratdığı məkanda ətrafına yığılan adamların arasında ruhu böyük hörmət-izzət görür. Onun adına, onun yaratdıqlarına ehtiramı duyur:
Doğulduğum, boy atdığım, Arzularla qucaqlaşıb
Öz dünyamı yaratdığım
Doğma eldə, obadayam.
Yığılıbdır xeyli adam,
Bu ülfətə mən də şadam. Üz-gözlərdə hörmət, izzət, Hər damlaya dərya qiymət…
Şair, bəlkə də, son akkordlar kimi bir vaxt ruhunun gəzəcəyi yerlərdə sonuncu sirlərini açır.
Buna “istedadin sirri” də demək olar:

“Hər bir ədəbi istedadın cəmiyyətdən, onu əhatə eləyən mühitdən gizli qalan bir sirri var. Bəlkə də, həmin sirr nədirsə, o sirrin özü istedadı daim qıcıqlandırır, onu yazmağa, yaratmağa həvəsləndirir. Bəs bu sirr deyilən nədir? Onun yəni hər hansı bir müəllifin geyimində, paltarında, davranışında, danışığında gizlənir bu sirr, yoxsa daha dərin qatlarda onun mahiyyətini axtarmaq lazımdır?
Zənnimcə, insanın həm də bu yöndən istedadın yaradıcılıq potensialı onun daxili-mənəvi mühitində gizlənən enerjidir. Və bizim üçün – yaradıcı adamın müasiri üçün örtülü olan, bəlkə də, bir çox məqamlarda açıla bilməyən tərəfləri biz “sirr” adlandıraraq o daxili-mənəvi mühitdə gizlənən enerjidə axtarmalıyıq “1.
Ayrılıqların gözəlliyi daxili aləmin içində gizlənib qalmış olan sonuncu işığın üzə çıxmasıdır. Bəlkə də, ayrılıqlara qədər aşiqin cəsarət eləyib üzə çıxarmadığı etiraflar yalnız bu ayrılıqlar anında dilə gəlir. Və “Ziyarət”in son misralarında Hamletin bu etiraflarını da, həm də çox səmimi etiraflarını da, dərin hisslərlə müşayiət olunan duyğulanmalarını da misra-misra ruhumuza çəkirik:
Bu yerlərə çox gəlmişəm,
Gəldikcə də kövrəlmişəm.
Nəşəm qəmlə görüşübdür,
Sevincimə xal düşübdür.
Ey Tanrıdan aldığım nur,
Sən göstərən yol doğrudur.
De, keçmişdənmi gəlmişəm,
Ya mən özüm köhnəlmişəm?

Bu, “Ziyarət” poemasının sonuncu misralarıdır. İlk baxışdan oxucuya elə gələ bilər ki, şair (əsərdə Yaddaş Sahibi) “Ziyarət”in fonunda bütün təəssüratlarını misralara çevirib, poetik lövhələrlə gələcək nəsillərə ünvanlayıb. Bəs onda nə üçün sonuncu misranın doğurduğu sual intonasiyası ilə dilemma qarşısında qaldığını etiraf edir. Bu, hansı məchulluqdur? Hansı açılmayan müəmma var ki, şair ona müdaxilə edə bilməyib? Əgər diqqət edilsə, bütün sualların cavabını əsər boyu o, özündən soruşmağa cəhd edib. Əsərin ayrı-ayrı hissələrində Tanrıya müraciətlər, insana, keçmişə, gələcəyə xitablar, müraciətlər sıralansa da, son anda yenə o, öz qəlbinə, özünün mənəvi aləminə qayıdır sualı da əslində, Tanrının adını çəksə də, özünə verir. Tanrı Şairlik istedadını, mənəvi aləminə, sözə aşiqlik nuru bəxş eləməklə Allahlıq, Tanrılıq borcunu ödəyib. İndi qalır onun mənəvi aləminə hakim olan nur ilə, İlahi güclə onun arasındakı münasibətlərin harmoniyası, ahəngi…
Şairin qənaətinə görə bu nur, bu İlahi missiya onun yolgöstərənidir. Ən düzgün yolu da yalnız bu nur göstərə bilər. Elə ona görə də müəllifin zənninə görə, az qala bir əsri əhatə edən yaddaş tarixində Yaddaş Sahibi ona aydın olmayan daxili aləmindəki müəmmaya, suala çevrilmiş əsas mətləbə yaxınlaşa bilməyib. Yəni onun öz dövründə hansı zamanın adamı olduğu sual olaraq qalır. O, keçmişdənmi gəlib, yoxsa özü keçmişdən gəlməyib, bu günün adamıdır bunu bilmir. Ona görə də şübhəli qalan budur ki, bəlkə, özü köhnəlib? Hər halda mənəvi dəyərlərin də zamanın sınaqlarından çıxanı var, aşınmaya məruz qalanı var, yeni olanın da mənəviyyata daxil olmaqla vətəndaşlıq haqqı qazananı var. Ona görə də əslində şairin Tanrının ona verdiyi nura müraciəti gələcək nəsillərə ünvanlanmış sualdır. Bəli, bu suala gələcək nəsillər cavab verəcək. Kimin kim olduğunu aydınlaşdırmaq yalnız gələcəyin (gələcək nəsillərin) missiyasıdır.
* * *
H.İsaxanlının poeziyası daha çox musiqiyə bənzəyir. Bəzən səhradan
keçən karvan yolundakı bir qatarın ağır, ləngərli yerişilə muğam sədaları dinləyirik. Bəzən simlərdə tufan yaradan sazın yanğıları bizi qovurur. Bəzən də həzin, sakit çay axarı ilə hansısa bir məbədin içərisindən, divarların, daşların arasından özünə yol tapıb çıxan orqan musiqisinin sehrinə düşürük. Simfonik sədalar bizi düşündürür, bəzən də “Üvertüra”nın qanı coşduran sədaları altında yumruqlarımız düyünlənir, qəzəbimiz ovxarlı qılınc kimi haqsızları doğramaq üçün qınından siyrilir.
…Şair qan istəmir, şair qan istəməz. Amma həm də qan tökməkdən, qan içməkdən gözü doymayanlara qan qusdurmağı istəyər.
H.İsaxanlının poeziyasında bəlkə də, yaşından çox böyük bir müdriklik var. Amma görünür, haqsızlıq şairin qana çevrilib dizindən yuxarı qalxanda onun müdrikliyi də kara gəlmir. İnsanın haqqını qorumaq istəyi daha ucadır.
* * *
H.İsaxanlıda sözə aşiqlik var. Bəli, təkcə poeziyaya yox, sözə aşiqlik var. Dünya fəlsəfi irsini tədqiq edəndə də, rus ədəbi irsinin ən dəyərli nümunələrini araşdıranda da sözə vurğunluğu ətrafında bir işıqlı halə yaradır. Mənəvi aləmin nuru onun sözündə açıq-aşkar görünür. Hər halda bu aşiqlik, bu vurğunluq nə qədər vurnuxsa da, nə qədər çırpınsa da, poeziya mələyinin onu oxşayan gözəgörünməz əlləri altında sakitləşir, həzin-həzin pıçıltılarla bu mələyə öz nəğmələrini oxuyur. Və yalnız bu zaman özünü daha çox bəxtiyar, daha çox xoşbəxt hiss edir. “Bu da bir həyatdı”, “Dördlüklər”, “Təzadlar” və həm də “Ziyarət” poemasındakı səmimi, duyğulu poetik örnəklər fikrimizin təsdiqi üçün canlı sübutlardır. Son onillik mərhələ onun poeziya ömrüdür
hökmü həmişə doğru olacaq! Onu yaşadacaq poeziya ömrü.
…H.İsaxanlı sözün bətnində hansı gücün olduğunu yaxşı bilir. Və daha çox poetik sözün daxili aləmindəki enerjinin nəyə qadir olduğunu… Əməl insanın özündən daha uzunömürlüdür, illah da, sözə, sənətə çevrilmiş əməl!

Ədəbiyyat:

Ə.Xələfli.”Yarpaqlar töküləndə” (esse). 30.05.2006
Kamil Vəli Nərimanoğlu. “Özümüz, sözümüz”. Çinar-Çap.Bakı , 2005, s.437.
Ə.Xələfli.”İstedadın sirri” (esse), 02.04.2010
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.