Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poeması bir növ ənənəvi poemalardan fərqlənir. Xüsusilə, ona görə ki, əsərin hər bir parsası ayrılıqda lirik-emosional hisslərlə zəngin olan müstəqil şeirdir. Seçilən obyekt, subyektin ona münasibəti, bədii məntiq və xüsusilə, müəllifin həmin parçanı ümumiləşdirərək ona yekun vurması, yüksək sənətkarlıqla yerinə yetirilən bədii şərtlər bütün bunlar fikrimizin həqiqət olduğunu göstərir. Və artıq bunu sübut edən ayrı -ayrı parçaları təhlilə çəkmiş, gözlərimizin qarşısında canlanan, bizə hədsiz, mənəvi zövq verən, yüksək estetik hisslər aşılayan parçaları oxumuşuq. Müəyyən mənada indi bütöv əsər haqqında daha dolğun fikir demək imkanımız var. Bu əsər ayrı-ayrı lövhələri, parçaları ilə bizdə müəyyən hisslər oyadır, qəlbimizi həyəcana gətirir, bəzən sevgi, onun romantik qanadları haqqında düşündürür, bəzən ziddiyyətlər arasında düşüncələrimizi sınağa çəkir, nəyin düz, nəyin qeyri-düz olduğu haqqında suallar qarşısında qoyur. Həyatın gəldi-gedərliyi haqqında düşündürür. Dünyanın əbədiliyini və bizim bu gəldigedərlik və əbədilik arasında yalnız seyrçi mövqe tutmamaq üçün həyat qarşısında, ömür qarşısında məsuliyyət hisslərimizi yada salır. Beləliklə, biz uzun bir dövrü, demək olar ki, bütöv bir əsri ruhi-mənəvi dünyamıza çəkir, onun bütün mənzərəsini görməklə bahəm, bu əsrə qədər zaman içərisində yaşamış olanların taleyi haqqında düşünməli oluruq. Bu, əslində, keçmiş haqqında düşünmək deyil, bu günün ziddiyyətlərini görmək üçün açardır, gələcəyin düzgün yolunu seçmək üçün imkandır. Elə ona görə də sözün həqiqi mənasında bütöv bir əsri böyük zaman və məkan içərisində göstərən “Ziyarət”i həm də həyatımızın romanı hesab edə bilərik. Yaddaş Sahibi isə yalnız bir adamın, bir nəslin təmsilçisi deyil, bütöv bir xalqın, etnosun düşüncə sahibi olan, zamanı və tarixi birər-birər vərəqləməyə gücü çatan məhək daşı qədər saf və təmiz mənəviyyat sahibidir.
H.İsaxanlının “Ziyarət” poemasında müəllifin özünün maraqlı obrazlar silsiləsi var. Yaddaş Sahibinin gözü ilə baxıb gördüyü zamanın və siyasi dövrün fonunda qiymətləndirdiyi, həyatın axarında yerini gördüyü adamlardan biri də qəhrəman Qaçaq İsaxandır. Müəllif öz üslubuna uyğun olaraq Qaçaq İsaxanı çox qəribə bir təşbehlə yada salır “evin divari uçanda”. Demək, Qaçaq İsaxan tipli adamlar, əslində, cəmiyyətin mənəvi harmoniyasını qoruyan adamlardır. Belə adamların olmadığı mühitdə haqsızlıq baş alıb gedir, siyasilər xalqın başına olmazın oyunlar açırlar. Rejimlər yalnız gücə arxalanmaqla bütün qanunları ayaqlayır. Belə mühitdə qanun şah olmur, şah qanuna çevrilir. Rejimlər Qaçaq İsaxan kimilərini müqavimət hesab elədikləri üçün, qarşılarında maneə, sipər hesab elədikləri üçün onu aradan götürmək, divar olsa belə uçurmaq istəyirlər.
H.İsaxanlı 30-cu illərin mənəvi mühitini Qaçaq İsaxan obrazının vasitəsilə təqdim edir. Bu təqdimatdan göründüyü kimi, həmin mühit tor quranların, satqınlığın, yamanlığın mühitidir. Burada insanları azad yaşamağa qoymurlar. Halbuki bu, hər kəsin özünün haqqıdır azad yaşamaq haqqı. Amma bəşərin, insanlığın, cəmiyyətin boynuna qoyulsa belə, bu günah rejimlərin, təkbəşər ideyalara xidmət edən siyasilərindir. İnsanın haqlarını qorumayan cəmiyyətdə bir qanunsuzluq digərini törədir. Müəllif həmin mənzərəni sanki təhkiyə ilə, ağır bir hekayət kimi və ən başlıcası, bədii notlar üzərində köklənsə də, bəşər tarixinin bir parçası kimi yada salır:
Tor quranlara bax, satqınlara bax, Yamanlıq nə yaman uzağa getmiş… Öz doğma evində azad yaşamaq,
Bu istək o qədər sadə deyilmiş Bəşər bu yolda çox xatalar etmiş,
Nə ayıb tanımış, nə bir ar etmiş… Canında məhəbbət qanı da axmış, Məsum canları da yandırıb yaxmış.
Günahsızların öldürülməsi, qəlbində yurduna, torpağına, Vətəninə, insanlara sevgi daşıyan, məğrurluq ruhu ilə yaşayan adamların öldürülməsi, köməksizlərin qətlə yetirilməsi, sürgünlərə göndərilməsi belə mühitdə adi haldır. Ən azı ona görə ki, belə mühitdə insanın dəyəri yoxdur. İnsanın istək və arzularını rejimlər qəbul eləmir. Belə mühitdə xəyanət və xainlər, quldurluq və quldurlar hər yanı tutsa da, haqqı sevən, ədalətin keşiyində dayanan əyilməz adamlar da var. Onlar üçün yalnız iki yol var. Bunun biri ləyaqətli olumdur, başı uca yaşamaq olumudur. Bu, elə ömürdür ki, başqaları da ondan ibrət götürə bilir. Amma ikinci bir yol da var ki, bu da ölüm yoludur. Əqidəsinin, mənəvi ölçülərinin yolunda ölümdür.
H.İsaxanlının təqdimatından göründüyü kimi, onun hələ adını çəkmədiyi obrazın yaşadığı mühit yalnız bu iki yolu vəd edir. H.İsaxanlı üçüncü yolu qətiyyən təqdir eləmir. Və təqdir eləmədiyi üçün heç böyük təlaş, böyük təəssüflə yazdığı hekayətin içərisində də üçüncü yolu xatırlatmır. Bu başın əyildiyi, mənəviyyatın dağıldığı, şərəfsizlərin əlində alət edildiyi yoldur. Mən dəfələrlə adların insan taleyindəki rolu haqqında danışmışam: “Mənə elə gəlir ki, insanı öz adını təsdiq etməsi üçün bəzən bir ömür bəs eləmir. Amma yalnız bircə anda, ömrün bircə məqamında şərait yaranır ki, sən öz adını təsdiq etdiyini sübuta yetirəsən”.
Və şübhəsiz, H.İsaxanlı da öz adının mənəvi tələbatı kimi, dünya ədəbiyyatının klassik obrazı olan Hamletin “olum-ölüm” dilemmasını yada salmalı idi. H.İsaxanlı siyasilərin bütün fəaliyyətini oyun kimi görür. Ancaq onların oyunu uşaq oyunlarından fərqli olaraq yarımçıq qalmır. Onun sonluğu var; faciələrlə, ölümlərlə, qanlarla bitən sonluğu:

Xainlə, quldurla dolsa da hər yan, Yolundan dönərmi haqq sevən insan?! Ya ölüm, ya olum! Nə çox, nə də az! Oyunu ortada saxlamaq olmaz!
Bu, elə bir qəddar zamandır ki, hətta tək-tək, ayrılıqda Qaçaq İsaxanlar yox, bütün xalqlar onun qarşısında gücsüzdür, onun dəmir pəncəsi ayrı-ayrı xalqların tarixi ərazilərinin üstündə bütün qəddarlığı ilə bərqərar olur, onun dəmir caynaqlarının arasından qan süzülür. Və istər-istəməz, H.İsaxanlı xalqın çarəsizlik, əlacsızlıq girdabında çırpınmasını faciələrin tüğyan elədiyi anlarda bir ananın dilindən səslənən bayatı ilə yada salır:
Od soyuyub sönərmiş, Sular buza dönərmiş;

Olduğu kimi qalmaq, Demə böyük hünərmiş.

Əsərin bu parçasında hələ ki, ana görünmür. Amma onun səsi eşidilir, onun zamana nifrət, rejimlərə nifrət, xalqları didib-parçalamağa, ayaqlamağa, zəncirlərə, qandallara vurmağa cəhd göstərən fatehlərə nifrət. Dörd misranın bayatı ruhu, əslində, həm də mərdlərin, əyilməzlərin, xalq ruhunun daşıyıcıları olan hünərlilərin obrazını yaradır.
H.İsaxanlı əsərdə yeri gəldikcə həyat, cəmiyyət, insanlıq, əqidə, amal haqqında ümumiləşmiş, fəlsəfi düşüncələrini rübailər formasında da ifadə edir. Klassik forma və klassik ruh yeni məzmun kəsb edir. Güclü ironiya, zamana istehza əsərdə verilmiş rübaidə bütün çılpaqlığı ilə duyulur:
Doğru yolla getmək deyilsə asan, Gərək sağa-sola sapmasın insan Əqidə nə bığdır, nə də ki, saqqal, Hərdən uzadasan, hərdən qırxasan.
Bunlar, əlbəttə, çox sonralar olacaq. Elin bir igid oğlunun öldürülməsindən sonra sürgünlər başlayacaq, qəddarlıqlar baş alıb gedəcək, insanlıq arada itəcək, əqidə, amal mənəvi ölçülərdən uzaq olan dəyərsiz nəsnələr kimi heç yada da salınmayacaq. Bütöv bir nəsil uzaq ölümlər yolu keçəcək. O nəsildən əli qələm tutan, zəkası nur dolu bir alim sənətkar doğulacaq, böyüyəcək. Və o, həyat və cəmiyyət haqqında, əqidə və amal haqqında özünün nəğmələrini oxuyacaq. Böyük Yaddaş Sahibi obrazı yaradacaq ki, o obrazın mənəviyyat sarayında lay divar kimi yer tutan bir kişi xarakteri görünəcək. Amma o zaman güllələrin od saça-saça sinələrə sancıldığı günlərdə yarasından qan daman bir igid ölümü ilə yaddaşlarda təzədən doğulacaq:
Güllələr işıq saçanda, Yaralarından qan daman, İsaxan adlı qəhrəman
Öz həyatından keçəndə Namus, Vətən, el yolunda Dünyadan vaxtsız köçəndə Evin divarı uçanda.

Bu o zamandır ki, evin divarını siyasi zəlzələlər uçurub. İndi daha Qaçaq İsaxan yoxdur. Və ilk dəfə “Ziyarət”də Qaçaq İsaxanın adı burada çəkilir. Bəs kimdir Qaçaq İsaxan? Onun mərdliyini, qorxmazlığını kim indiki nəsillərə olduğu kimi çatdıra bilər və yenə müəllifin özü. İstər tarixi tədqiqatlarında, istərsə də yaratdığı bədii obrazlarında. Hər ikisi öyrənilməyə, əxz olunmağa, yadda saxlanılmağa müncərdir.
Yaddaş Sahibi yalnız özünün gördüyü, tanıdığı, bir sözlə həyata göz açdığı zamandan üzü bəri hadisələri yaddaşında çözələyir, onun mənəvi aləmində iz buraxmış hadisələr təzədən canlanır. İlk baxışdan oxucuya elə gələ bilər ki, onun keçmişə doğru, daha dərin qatlara doğru düşüncə hərəkəti məhduddur. Amma o, gözlənilmədən görmədiyi zamanı və tarixi yenidən canlandırmaq üçün özünün uşaq yaddaşında iz salmış özündən çox qabaqkı hadisələrə də müraciət edə bilir. Bu hadisələrdən yada düşən adamlardan bəlkə də, ən önəmlisi və dəyərlisi, həm də xalqımızın bütövlükdə tarixi üçün mühüm, mənəvi missiya daşımış Qaçaq İsaxan taleyi ilə bağlı hekayətdir.
Qaçaq İsaxan. Onun haqqında nə kimi bilgilər var? Birinci növbədə, müəllifin soyadında əbədiləşmiş, abidələşmiş ünvan yada düşür. Və H.İsaxanlının özünün qeyd etdiyi kimi, o, İsaxanın nəvəsidir. Yaxşı olar ki, müəllifin birinci şəxsin dili ilə danışan təhkiyəsini olduğu kimi xatırlayaq:
“Uşaqlıqdan hər yerdə İsaxanla bağlı çox söhbətlərin şahidi olmuşam. Onu gözü ilə görən ağsaqqallar, ağbirçəklər, aşıqlar, hökumət adamları, ailə və nəsil, sadə insanlar, ermənilər, gürcülər və onu heç vaxt görməmiş adamlar içlərində bir İsaxan əfsanəsi yaşadır. Yeri düşən ilk anda bu barədə ehtirasla danışardılar”.1
Demək, bu danışılanlar müəllifin heç vaxt görmədiyi babası haqqında onun düşüncəsində yetkin təsəvvür yaradır. Və sonralar xalq arasında “Qaçaq İsaxan” adı ilə tanınan və Azərbaycanın qaçaqçılıq tarixində mühüm rolu və xidmətləri olan haqsızlığa, işğalçılığa, antiinsani rejimlərə qarşı vuruşan, rejimlərdən əziyyət çəkən insanları müdafiə edən bir qəhrəmanın həyat yolunu öyrənməyə çalışır. Ardıcıl olaraq apardığı tədqiqatları ümumiləşdirir, müxtəlif mətbu orqanlarda nəşr etdirir (H.İsaxanlı. “Qafqazda sovet terroruna qarşı 1928-30-cu illər silahlı müqavimət hərəkatı haqqında”)1. Göründüyü kimi, bu, artıq onun babası haqqında xronika deyil, xalqın tarixi ilə bağlı azadlıq uğrunda mübarizə tarixinin tədqiqatıdır. İsaxan 20-30-cu illərdə sovetləşməyə qarşı mübarizənin mərkəzində olub. O qədər əhəmiyyətli dərəcədə güc sahibi olub ki, artıq dövlətin, yeni qurulmaqda olan rejimin güc qurumları onun aradan götürülməsi üçün xüsusi hazırlıqla tədbirlər planı hazırlayıb. Və təbii ki, bu tədbirlərdən biri baş tutub.
H.İsaxanlının özünün tədqiqatlarından Qaçaq İsaxanın həyatının son anları haqqında dəqiq və aydın təsəvvür yaradan parçanı oxucuların diqqətinə çatdırmamaq əslində, “Ziyarət” poemasının ən mühüm səhifələrindən birini yarımçıq öyrənmək demək olardı:
“İsaxan Vorontsovkada işlərini tamamladıqdan sonra cəmi iki silahdaşı Alı Haqqalanlı və Sadıx Sadıxoğlu ilə bərabər Calaloğluna (indiki Stepanavan) yola düşdü. Calaloğlunda İsaxana qarşı böyük miqyasda milis və əsgərlərdən ibarət pusqu qurulmuşdu. İsaxanın yanına gedibgələn və bu pusquda rəzil rol oynamış Daneliya soyadlı bir Tiflis sakininin dəfələrlə müxtəlif adamlara, o cümlədən İsaxanın ailəsinə söylədiyi (və digər şahidlərin də əsasən təsdiq etdiyi) əhvalat İsaxanın bizə məlum son saatlarını təsvir edir: Məni Calaloğlu mərkəzi milis şöbəsinə çağırıb dedilər ki, Moskvadan gəlmiş yüksək rütbəli bir məmur İsaxanın igidliyi, mərdliyi haqqında çox eşidib və onunla şəxsən tanış olmaq istəyir. Mən heç nədən şübhələnmədim və bu söhbəti İsaxana çatdırdım (özünü təmizə çıxararkən Daneliyanın səmimiliyi böyük şübhə doğurur H.İ.) Təyin olunan vaxt Moskvadan gələn adam, iki vəzifəli milis işçisi və mən kabinetdə İsaxanı gözləyirdik. Artıq mən bilirdim ki, İsaxana tələ qurulub, onu tutub güllələmək istəyirlər. Calaloğlu milis işçiləri və əsgərlərlə dolmuşdu, milis şöbəsinin ətrafında və içində silahlı adamlar pusquda dayanmışdılar. Lakin mən heç nə edə bilməzdim, ürəyimdə deyirdim ki, bir iş çıxsa və İsaxan bura gəlməsəydi nə yaxşı olardı. Ancaq o, həm verdiyi sözə möhkəm, həm də sözə tez inanan idi. Ayaq səsləşi eşidildi və İsaxan daxil oldu. O, cavan olsa da, dünyagörüşlü adam idi və arxasınca qapılar bağlandıqca, şübhəsiz ki, məsələni başa düşmüşdü və geriyə yol yox idi. Çox Qafqazda Sovet totalitarizmi (20-30-cu illər): Elmi konfrans. Bakı, 6-7 noyabr, 1998-ci il.
Xəzər Universitəsi nəşriyyatı, 1998. səh.55-58; “Mərkəzi Zaqafqaziyanın sovetləşmə və kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İsaxan üsyanı” Azərbaycanda ictimai-siyasi fikir XX əsr konfransın əsərləri, qətiyyətli görünürdü, gülümsədi və “hə, sən burdasanmı, çox yaxşı oldu” deyib yarıistehza ilə və yarısevinmiş kimi mənə baxdı (zəhmli adamdı, amma həmişə xəfifcə gülümsəyərdi). İsaxana oturmaq təklif etdilər, o sağ ayağını sol ayağının üstə aşıraraq və kəmərdən asılmış mauzerini dizinin üstünə tərəf sürüşdürərək oturdu. Moskvadan gələn adam İsaxana müraciət etdi: “Sənin igidliyin haqqında çox eşitmişəm, biz sənə Ermənistanda yaxşı vəzifə təklif etmək istəyirik, sən öz silahını təhvil ver, sənə yenisini təqdim edəcəyik”. İsaxan yenə gülümsədi və “Nə olar, qoy olsun, mauzerimi asdığım kəməri də verərdim, amma kəmər mənə yadigardır, onu götürəcəm”, deyə sakitcə kəməri açmağa başladı. Məncə heç kim deyilən sözlərə dərindən fikir vermirdi, İsaxanın aldandığını güman edərək sevincək bir-birinin üzünə baxıb rahat nəfəs aldılar. İsaxan kəməri açıb birdən mauzeri əlinə aldı: “alın, köpək uşağı” deyə gözümüzü qırpmağa macal tapmamış üç atəş açdı. İki milis rəisi yerindəcə öldü, Moskvadan gələn adam (bilmirəm o, doğrudanmı Moskvadan gəlmişdi, amma rus idi) ağır yaralandı və bir neçə saatdan sonra o da öldü. Can şirindir, mən qorxumdan stolun altına girdim. İsaxan məni dartıb çıxartdı, mən yalvardım ki, “məni balalarının başına çevir, bilməmişəm”. O, acı-acı gülümsədi: “Qorxma, səni öldürməyəcəm, səni ölümdən yadigar saxlayacam”, dedi. “Yadındamı, demişdin ki, İsaxan, sənə xain çıxsam, Allah iki qolumu qurutsun” deyib qollarıma güllələr çaxdı. Görürsünüz ki, o zamandan qollarım yoxdur. Sonra özünü pəncərəyə vurdu, şüşə parçalanıb dağıldı. O, bir an dönüb mənə baxdı, gözünü altı çapılmışdı, əli ilə axan qanı silib bayıra atıldı. Sonrasından xəbərim yoxdur, deyirlər ki, onu vurdular”.
“Mən İsaxanın nəvəsiyəm. Uşaqlıqdan hər yerdə İsaxanla bağlı çox söhbətlərin şahidi olmuşam. Onu gözü ilə görən ağsaqqallar, ağbirçəklər, aşıqlar, hökumət adamları, ailə və nəsil, sadə insanlar, ermənilər, gürcülər və onu heç vaxt görməmiş insanlar içərisində bir İsaxan əfsanəsi yaşadır, yeri düşən ilk anda bu barədə ehtirasla danışardılar”.1
Qaçaq İsaxan dastanlaşan obrazdır. Müəllifin yazdığına görə, XX əsrin ortalarından sonra o, belə bir dastanı Aşıq Alxanın dilindən eşidib. Aşıq Alxanı da el arasında Qaçaq İsaxanın aşığı kimi tanıyıblar. Göründüyü kimi, Qaçaq İsaxan obrazında dastanlaşma motivindən başqa, mənəvi hazırlıq dövrü də olub. Koroğlunun özünün aşıqlığından başqa, Koroğluluqda bir Aşıq Cünunluq yeri də var. Hər halda ola bilsin ki, Aşıq Alxanın yaratdığı dastanını yaddaşlarda nə vaxtsa bərpa eləmək mümkün olsun. Amma Zahid Ələmpaşalı sazdangəlmə bir şair Qaçaq İsaxan dastanını yaradıb. Z.Ələmpaşalının yaratdığı “Qaçaq İsaxan dastanı”nı nə qədər dastançılıq ənənələrinə uyğun yaradılsa da, zənnimcə, o, təkcə şifahi ədəbiyyat nümunəsi deyil, həm də tarixi hadisələri olduğu kimi öz nüvəsində saxlayan və gələcəyə ötürən yaddaş kitabıdır. Və əslində, elə H.İsaxanlı da “Qaçaq İsaxan dastanı”nın Ön sözündə təkcə Qaçaq İsaxanın dastanlaşmasından yox, həm də tarixin dastanlaşmasından danışır. Z.Ələmpaşalının “Qaçaq İsaxan dastanı” iki il əvvəl nəşr edilib. Elə H.İsaxanlının “Ziyarət” poemasının nəşr edildiyi dövrdə (2009).
İndi yenidən qayıdaq “Evin divarı uçanda” baş verən hadisələrin mərkəzinə. Hamı sarsılıb, qəm içindədir, tayfanın başçısı İsaxan yoxdur, rejimin cəlladları meydan sulayır, igidlər pərən-pərən düşüb. Çoxu qardaş Türkiyəyə pənah aparıb. Ev-eşik yiyəsiz, əlsiz-ayaqsızlar köməksizdir. Və yenə Qaçaq İsaxan ruhunu özünə çəkmiş olan, onun yaratdığı mühitin keşikçisi olan kimsə meydana çıxmalıdır.
Bu, nənədir. O nənə ki, Qaçaq İsaxan sevgisi ilə əyilməzlik, qorxmazlıq yolu keçib. Həyatın sınaqlarından çıxıb.
Hamı sarsılmış, qəm etmiş Böyüklüyü nənəm etmiş. Başsız, yurdsuz qalanları Yığıb başına cəm etmiş…
Tarixən elə qadınlar olub ki, onlar zamanın ən sərt küləklərinə qarşı sinələrini gərib, ətrafında olanların inamını qoruya biliblər. Təsadüfi deyil ki, tarixin ən sərt dönəmlərində qadın liderlər cəmiyyəti xaosdan, xaosun gətirdiyi fəlakətlərdən qorumaqda daha çevik, ağıl və düşüncə sahibləri olduqlarını göstəriblər. İndi nəslin yeganə ümidi sanki Qaçaq İsaxanın ruhunu daşıyan, onun güc, cəsarət, inam kimi keyfiyyətlərini özündə cəmləşdirən ana obrazını Yaddaş Sahibi təsadüfi xatırlamır. Əsərdə Nənə kimi qeyd olunan şəxsiyyət, sözün həqiqi mənasında başsız və yurdsuz qalanların hamısına böyüklük etmək gücündədir. O, nəsli gözləyən gələcək ağır günləri artıq təsəvvür edə bilir. Baxmayaraq ki, onun da bir insan kimi qəlbindən qara qanlar axır. Onun ana qəlbi başsız qalan körpələrin harayı qarşısında parçalanır. O, qəm-qüssə içindədir. Sanki onun özü də ümidini itirməkdədir:

“Əğyar bizdən nə istəyir?
Od ələyir, “qan-qan” deyir… İnsan olan
can almaqdan nə qazandı?” Öz-özünə xəyal etdi,
Yozub, düzüb fikrə getdi. Allahına xitab etdi:
“Bu qan-qada
doğrudanmı sən yazandı?”
Xalqın yaşadığı ağır tale, güclü etnosun müqavimətini qırmaq üçün göstərilən təzyiqlər, ümumiyyətlə tarixi bir mərhələnin insan əleyhinə yönəlmiş yırtıcı təbiəti bu misralarda həmin mənzərəni olduğu kimi göstərə bilir. Rejimlərin qarşısında gücsüz olan ana düşmənin nə istədiyini sanki bilmir. Əlbəttə, o, həm də bilir ki, düşmən ağlın və gücün birliyi, vəhdəti olan şəxsiyyət etibarilə insanların ümidi olan qüdrətli adamları aradan götürməlidir. Amma bu cinayətlər siyasi rejimləri təmsil edən adamlara başucalığı gətirmir. Zaman keçəcək, onların cinayətlərinin üstü açılacaq. Və bunun özü də bəşər üçün, insanlıq üçün bir dərs və ibrət kitabı olacaq. Bir daha təkrar eləməyə dəyər ki, hələ tayfaya başçılıq etməkdə olan ana özünün müdrik düşüncəsilə təbiətən yırtıcı olan adamların xislətinə təsir göstərə bilmir. Onların qan-qan deyən, yırtıcı xislətləri hələ nə qədər canlar alsa da, ləyaqətli adamları gedər-gəlməzə göndərsələr də, lənətdən başqa heç nə qazana bilməyəcəklər. Bütün bunları artıq böyüklük etməkdə olan ana düşünür. Onun qəlbi parçalanıb, onun ürəyindən qara qanlar axır. Amma bu parçalanmalar, onun qəlbindən şoralanan qanlar onu öldürmək gücündə deyil. Çünki onun elə bir missiyası var ki, bu missiya onu qoruyub saxlayır. Ana yaxşı bilir ki, əgər bu yaralardan o, ruhdan düşsə, inamından olsa, düşüncədən qalsa, yazıqlaşsa, yesirləşsə, onun ətrafına cəm elədiyi tayfanın hamısı bütövlükdə məhvə məhkum olacaq. Tayfa cəm olmağın, özü olaraq yaşamağın, güc mənbəyi kimi yalnız bu ananı görür. Ana isə əlbəttə ki, sanki Tanrısına da asi olmaq dərəcəsinə qalxır. Amma elə o mərtəbədəcə asi olmur. Yenə də haqqa inama tapınır. Suallı nəzərlərilə bu qan-qada “Doğrudanmı, sən yazandı?” desə də, Tanrının bu haqsızlıqlarda əli olmadığına inanır. Həmin ritorik sualın özü, cavab tələb eləməyən sualın özü, əslində, Tanrını ittiham deyil, rejimləri və onu təmsil edənləri ittihamdır.
H.İsaxanlı ən epik nəsr dililə danışdığı hekayətin çıxılmaz məqamında
dərdlərin sel kimi gözünün önündə təlatümə gəldiyi məqamlarda sanki təzədən şairliyinə qayıdır. Onun poetik ruhu dilə gəlir. Bu haqsızlıqların, fəlakətlərin, dərdlərin, ağrıların, acıların mənəvi köklərini axtarır. Tapdı-tapmadı, bunun məsələyə dəxli yoxdur, amma o, bu düşüncələrini beləcə ümumiləşdirir:
Buludlar tökülən qaş-qabağımdır, Dumanlar dağlara çökən ahımdır. Sevincsiz, ümidsiz yol üstündəyəm,
Möhnət düşərgəmdir, qəm sabahımdır.
Buradakı bayatı ruhunu, xalq təbiətindəngəlmə hissləri və həyəcanları duymaqdan başqa həmin anda obrazın yaşadığı hissləri biz də yaşayırıq. Buludlar sıxlaşanda, günəşin qabağını kəsəndə hava qaralar, dumanlar dağların üstünə çökür. Şair buna təbiətin qaş-qabağını tökməsi kimi, dərd içində olanın ahlarının dağların başına çökən duman olduğunu göstərməklə, təbiət və insan bənzətməsi yaratmışdır. Sanki təbiət bir anaya kömək etmək iqtidarında olmadığı üçün, yol göstərə bilmədiyi üçün qaş-qabağını töküb və elə bu qaş-qabağın, bu çarəsizlikdən qaralmanın nəticəsi olaraq bir ananın dərdinə şərik olduğu üçün təbiət də ah çəkmədədir və onun ahları dağların başını örtəcək qədər, dumanlar qədər sıxdır. Sanki ananın özünü görürük. Onun bütün sevincləri, ümidləri artıq keçmişdə qalıb. O, elə bir yola çıxıb ki, o yolun sabahı da çox qəmli görünür. Səfərə çıxanın ən böyük güc mənbəyi onun ümididir. Səfərdən, bu səfərin nəticəsindən alacağı maddi və mənəvi bəhrənin özü də səfərə çıxanın ilkin sevinc mənbəyidir. Amma indi bütün bunların heç birisi yoxdur. Çünki bütün maddi imkanlardan, qoçaqlıq, igidlik rəmzi olan böyüklərdən məhrum edilmiş bir nəsil öz yerindən-yurdundan qoparılıb sabahı qaranlıq olan bir aləmə göndərilib. Yüz minlərlə insanın sürgün edildiyi, sındırılmaq üçün, mənən öldürülmək üçün, gücdən salmaq üçün elindən, obasından, Vətənindən qoparılır:
Dünyanın doldurub min fitnə-fəsad, Ya Rəbb, bu işlərə sən özün əl qat. Bəşəri bədəndən, nəfsdən deyil, Ruhdan, məhəbbətdən yoğurub yarat!
Bu dördlüklərdə biz nə qədər müəllifin özünü görsək də, eyni zamanda, yenə ananı təsəvvür edirik. Artıq ana yaxşı başa düşür ki, hələlikdə tarixin çərxini döndərmək mümkün deyil. Siyasət dəyirmanı onların əleyhinə işləyir. Qeyd etdiyimiz kimi güclü etnosun mənəvi müqavimətini özünün dəyirman daşının altında dən kimi üyüdür. Bu, elə bir quruluşdur, elə bir siyasi rejimdir ki, onun təbiətinə insanlıq yaddır. Və təbii ki, böyük ananın dilindən fitnə-fəsad yuvası olan dünyaya etiraz sədaları sətirlərin arasından bütün harayı ilə eşidilir. Böyük ana bu haqsızlıqlarla barışmır. Tanrıya xitab edərək: “Yalnız sənin qüdrətinlə ədalət, nizam bərpa ola bilər, sən özün bu işlərə qarış” deyə yalvarışlarını əsirgəmir. Və elə buradaca müəllifin insan və cəmiyyət haqqındakı fəlsəfi ümumiləşdirməsini mütləq təzədən diqqətə çatdırmağın yeridir: “Bəşəri bədəndən, nəfisdən deyil, Ruhdan, məhəbbətdən yoğurub, yarat!” İnsan övladı nə qədər ki, öz bədənində, düşüncəsində nəfs, yəni dünya tamahı yaşadır, demək, insanlıq aləmindən cinayətlər də heç vaxt qurtarmayacaq. Amma insanın nəsibi, insanın bütün varlığı ruhdan və məhəbbətdən yaransa, onda insan özünü dərk edə biləcək, onda bütün şərlərdən, yalanlardan, bədxahlıqlardan, bir sözlə, qaralardan silkinib çıxacaq.
Göründüyü kimi, bu düşüncələrin mahiyyəti yalnız bir zamanla bağlı deyil. Elə bütün zamanlarda öz əhəmiyyətini qoruyub saxlayacaq düşüncələrdir. Nə qədər ki, insan haqsızlıqla qarşılaşacaq, nə qədər ki insan şərin dəmir dabanları altında əziləcək, o zaman şairin bu müdrik düşüncələri yenə yada düşəcək. Sözlər başqa-başqa olsa da, mahiyyət yenə olduğu kimi qalacaq. Böyük Ana Nənə artıq zamanın gedişatını yaxşı bilir. Bu xəmirin hələ çox su aparacağını da anlayır. O, bütün varlığı ilə, ağlı, idrakı ilə, iradəsi, mərdliyi ilə, ən böyük missiyasının keşiyindədir. Onun bircə işi var ümid şamını sönməyə qoymamalı:
Sönməyə qoymadı ümid şamını, Qanadı altına aldı hamını.
Uşağa, böyüyə unutdurmadı
Çörək qoxusunu, xörək tamını.
Həyat təcrübəsinə güvənərək olanın-olmazın arasından qənaət qazancı ilə uşağı, böyüyü acından ölməyə qoymamaq, hamıya ümid və inam bəxş edən qanadlarını nəslin üstünə gərmək. İnsanın böyüklüyünü görmək üçün, onun hansı gücdə olduğunu, nəyin sayəsində nəsli qoruya bildiyini çatdırmaq üçün bundan artıq heç nə yazmaq lazım deyil. Böyük Ana çörək qoxusunun, xörək tamının nə demək olduğunu yaxşı bilir. İnamı qorumağın bir yolu da elə çörək qoxusundan, xörək tamından keçir.
Böyük bir nəsil düz iki il Qazaxıstan, Qırğızıstan çöllərində təbiətə və rejimlərə qarşı müqavimət göstərdi. Sərtliklərə, qəddarlıqlara davam gətirdi. Müəllif bir neçə misranın içərisində bu iki illik sürgün həyatını da çox yığcam şəkildə ümumiləşdirə bilib:

Böyük nəsil, düz iki il Sünrgünlərdə gün keçirdi. Söylədiyim qəmli dastan, Qazaxıstan, Qırğızıstan Çöllərində davam etdi,
Hər an ölüm-itim idi.
Gedəndə də, gələndə də. Dörd tərəfi yetim idi…

Səfərin başlanğıcında da, sonluğunda da, müəllifin dililə desək, gedəndə də, gələndə də dörd tərəfi yetim olan Böyük Ananın daxili-mənəvi mühitini sanki yüz əlli il bundan əvvəl Belinski insan qəlbinin dərdlərə, ağrılara qarşı dözümünü tərənnüm edərkən hisslərinin, həyəcanlarının sözlə ifadəsini belə göstərib: “Nə qədər güclü, qüdrətli bir insan təbiəti! Onun ehtirası odlu bir dalğadır, onun dərdi ağır və çətindir: bu qorxu bilməyən elə qızğın bir kədərdir ki, öz təsəllisini qan və ölüm saçan bir hünərdə axtarır!”. Dahi söz ustadı əsərin qəhrəmanının sözlərindəki, dilindəki şeiriyyətin də mahiyyətinə varır. Və onun
“sözlərində nə qədər şeiriyyət var, bunlarda necə dərin bir ələm duyulur bu, güclü qəlbi parçalayan, lakin öldürə bilməyən bir qəmdir, bu, bizim milli poeziyamızın əsas elementini, ürək çırpıntısını, başlıca motivini təşkil edən bir qəmdir!”1
deyir. Yaddaş sahibinin ruhunu, Böyük Ananın mənəvi aləmini göstərmək üçün çox istəyərdim ki, elə bu sözləri dilimə gətirim, bu ifadələri işlədim. Ancaq Belinskinin bu pafosundan və emosiyasından üstün ola bilməyəcəkdi. Mən həmin dahiyanə təsvirdə, dərin, poetik anlamda Böyük Ananın ruhunu, qəlbini gördüm. Ona görə də ustadın qəlbi həyəcanlandıran, insanı duyğulandıran sözləri ilə fikrimi tamamladım.
“Evin divarı uçanda” nələr baş verir? Bu, insanın olum və ölüm arasındakı çırpıntılarıdır, yaşantılarıdır.
Hamletin “olum” və “ölüm” arasındakı həyəcanlarıdır.

Ədəbiyyat:

Zahid Ələmpaşalı. “Qaçaq İsaxan” dastanı. Xəzər Universitəsi Nəşriyyatı. 2009. səh. 13
Qafqazda Sovet totalitarizmi (20-30-cu illər): Elmi konfrans. Bakı, 6-7 noyabr, 1998-ci il.
Xəzər Universitəsi nəşriyyatı, 1998. səh.55-58; “Mərkəzi Zaqafqaziyanın sovetləşmə və
kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İsaxan üsyanı” Azərbaycanda ic-
timai-siyasi fikir XX əsr konfransın əsərləri, Bakı, 12 may, 1996. Xəzər Universitəsi nəş-
riyyatı, 1996. səh.1-16
V.Q.Belinski.”Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, 1954, s.228.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.