Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poemasında ayrı-ayrı hissələr müəyyən silsilə təşkil edir. Artıq qeyd olunduğu kimi bu silsiləni yaradan əsərlər nə qədər bitkin olsalar da, Yaddaş Sahibinin xatırlamaları əsasında zəncirvari əlaqə ilə bir-birini tamamlayır. Demək, “Gözüm toxdu” adı ilə təqdim olunan əsər də bu silsilədə xüsusi əhəmiyyət kəsb edir. Bütöv bir nəslin az qala bir əsr ərzində keçdiyi yol dəyişən kino fraqmentləri kimi gözümüzün önündən keçir. Nəhayət, bu nəsil zülmlərə məruz qalır, sürgünlərə göndərilir, ağır düşərgə həyatı yaşayır və bir gün “QULaq arxipelaqı” dağılır. Təsadüfi deyil ki, sovet dövründə dissident həyatı yaşamış Aleksandr Soljenitsın sovet həyat tərzini düşərgə həyat tərzi ilə epitetləmiş, ona əbədiyaşarı ədəbi damğa vurmuşdu. Bir sözlə, indi düşərgənin məftilləri kəsilməkdədir. Sürgünlərə göndərilən nəsillər, yüzminlərlə günahsız insanlar vətənlərinə, yurdlarına qayıtmaqdadır. Müəllif bu hissədə (“Gözüm toxdu”) ilk sətirlərdə artıq qürbət ağrı-acılarının sonunu qəribliyin dərdini, həsrətini daşımış insanların vətənəqovuşma, yurd vüsalına çatmanın şirin duyğularını təqdim edir. Və əlbəttə, bu motivlər də xüsusi bir kövrəkliklə qələmə alınır. Bundan sonra artıq vətənin özündə dirçəlmə, birinci növbədə mənəvi yüksəliş, sonra insanların öz həyat tərzini, normal ahəngdar yaşayışını təminetmə mərhələsi başlayır. Vətəndə yaşamağın, vətəndə özünü dirçəltməyin də problemləri, çətinlikləri var. Uzaq yollar, ağır illər arxada qalsa da, kasıblığın, yoxsulluğun caynağı hələ də Böyük Ananın ailəsinin boğazından yapışıb. Ananın çırpıntıları, onun daxili mənəvi əzabları elə ilk sətirlərdəncə görünür. O, ailəni zəhmətə alışdırmalı, yurda bağlamalı, bir növ dirçəlişin əsasını yaratmalıdır. Bir vaxt mahalda Qaçaq İsaxan adı ilə məşhur olan igidin, karlı kişinin xanım-xatın arvadı bədxah adamların, mənəvi düşkünlərin nəzər-diqqətindədir. Onlar bu qürurlu qadına bütün əzablara baxmayaraq xanım-xatınlığını, izzəti-nəfsini qoruyan qadına elçi düşürlər. Onu özlərinin tamahlarına qurban etmək istəyirlər:

“Ərə getmək fikri varsa?” Belə sevdaya düşənlər
Ağız arayanlar oldu.
Dünən küncdə büzüşənlər, Hədə-qorxu gəldi bu gün:

Rejimlərə güvənən, siyasi-ideoloji dayağı olan adamcığazlar üçün Böyük Ananın hansı hisslərlə yaşamasının heç bir əhəmiyyəti yoxdur. Qaçaq İsaxanın adı gələndə zağ-zağ əsənlər indi hətta onun arvadının, ailəsinin ünvanına hədələr göndərir, təzyiqlər göstərirlər. Bəyliyin, ağalığın bitdiyindən danışırlar:
Dünya dəyişib büsbütün, Ölüb getdi bəy, ağa, xan. Alt-üst oldu köhnə dövran,
Xanım-xatınam deməsin, Sonra məndən inciməsin. Arvadı saxlayan ərdi,
Ya evdəki yetimlərdi?

Amma unudurlar ki, bu qadın öz ərindən güc, təpər, dəyanət dərsi alıb. Onu heç nə ilə sındırmaq olmaz. Onun tapındığı güc mənbəyi əxlaqi dəyərdir. Onun ölçüləri, qadınlıq meyarı o qədər sərt, o qədər bütövdür ki, sanki şəxsiyyət qayasıdır. Onun üstündən əsən zaman küləkləri qayanın üstündən heç nə apara bilməz. Amma hər halda axı o, insandır. Hələ özünə gəlməmiş, çəkdikləri zəhmətin sayəsində əlləri bir tikə çörəyə çatmamış övladlarının yoxsulluqdan, kasıblıqdan çəkdiyi əzabları da görür. Amma bütün bunlar onun qürurunu sındıra bilmir, onun dəyanətini yenə bilmir. Elə ona görə də gözləri dolsa da, kövrəlsə də, düşkünlərin, şərəfsizlərin cavabını ləyaqətlə verir:

Gəlinin gözləri dolu
“Nə yoldaş, nə sirdaş, nə ər? Yoxdu, getdi o kişilər.

Mənə lazım deyil heç kimKim olsa da, yalvarsa da, Hökmü-divanı varsa da. Könlümdə eşqə yer yoxdu, Nəfsim ölü, gözüm toxdu. Dünyanın çalxanan vaxtı, Arzum, diləyim, tək eşqim Evimdi, oğul-uşaqdı”.

Ananın idealı, düşkünlərin idealı ilə tərs mütənasibdir. Sanki tərəflər qarşı-qarşıya dayanır. Bir tərəfdə maddiyyat, tamah, fiziki zor və bir sözlə, rejimə arxalanan qüvvələr. Digər tərəfdə ananın mənəvi saflığı, ləyaqət arzusunu, diləyini, ilk eşqini evi, oğul-uşağı bilən böyük insan, onun mənəvi ucalığı sözün həqiqi mənasında əxlaqi-meyar təsiri bağışlayır. Və biz onun gücünü görürük. Əxlaqa arxalanan gücünü, mənəvi dəyərlərə sədaqət gücünü. Əslində elə onun gücünün qaynağı bu dəyərlərdir.
H.İsaxanlının hadisələrə ibrətli ümumiləşmiş münasibəti ayrı-ayrı parçaların arasında lirik lövhələrlə sıxlaşmış qara buludları yaran şimşək kimi görünür. Dərin fikir, müdrik söz bir anda bütün qaranlığı parçalayır. Xalq təfəkküründən qaynaqlanan misralar əsərin üstündə (zamanın üstündə, insanların düşüncəsində və elə həm də bu günümüzdə) parlaq işıqla yanan alova bənzəyir. Bu alovlu işıq ən passiv beyinləri belə silkələyir, oyadır. İnsanı düşünməyə vadar edir:

Müdriklər tez od almaz, Boş sözü saya salmaz.
Hər hürənə daş atsaq, Yurdumuzda daş qalmaz.

Göründüyü kimi, xalq təfəkküründən qaynaqlanan və insana mənəvi güc, təpər bəxş edən bu misralar sözün həqiqi mənasında, süd aydınlığına bələnən gecənin parlaq ulduzlarına bənzəyir.
Və yenə bundan sonra ananı təmkinli görürük. Axı şairin özünün dediyi kimi Yaddaş Sahibinin xatırladığı kimi. Hər hürənə daş atmağın nə faydası var? Axı bir də atalar “İt hürər, karvan keçər” deyirlər. Karvan öz əzəməti ilə yolun ona məxsus olduğunu görür, yolundan dönəsi deyil. İtin hürməyi özünə qalacaq. Bu psixoloji hazırlıqdan sonra artıq ananın düşüncələri tam əsaslı görünür:
Düzdür, çətindir, dardayam,
Təkəm, köməyim kəsilib.
Amma dost da var, düşmən də,
Gərək göz yaşımı silib,
Cərgəyə qatılam mən də.
Hələlik bircə dərdim var
Korluq çəkməsin uşaqlar…

Ana yaxşı bilir ki, hər batan günün bir açılan səhəri də var. Hələlik onun bircə dərdi özünün dediyi kimi, uşaqları korluq çəkməyə qoymamaqdır. O, bilir ki, zəhmət çəkən, zəhmətdən yapışan insan darda qalmaz. Demək, onun övladlarının da qarnı tox olacaq. Çünki onların heç kimin əlində gözü yoxdur. Ona görə də ananın düşüncələri nikbindir:

Qarınları tox olacaq, Canları sağ olsun təki. Dirçələcək oğul-uşaq, Qarşımızda yaxşı günlər çox olacaq…

Gərək insan nə qədər böyük gücə sahib olsun ki, zülmət qaranlığın içərisindən işığa gedən yolu görə bilsin. Ana da özünün iradəsi, dözümü ilə bu gücdədir. O, təkcə uşaqlarını cismən sağ-salamat saxlamaq fikrində deyil. Həm də onları oxutmaq, onları mənən zəngin insanlar kimi böyütmək istəyir. Axı bu həm də böyük atanın -İsaxanın arzusu idi. Demək, atanın arzusunun davamı ananın istəklərində, mübarizəsində yaşayır:

Bir də… bir də ataları deyirdi ki, Gərək uşaqlar oxusun…
O yoxdursa mən ki, varam.
Allah üstümüzdə olsun,
Mən böyüdüb, oxudaram.

Ananın duyğularında qətiyyət görünür, təəssüf və çaşqınlıqdan əsərəlamət yoxdur. Onun bu qətiyyəti, inamı şəxsiyyətinin bütövluyünü təsdiqləyir. Onun bir güvənci də gələcəyə inamıdır. İnam ananın nəzərində Allah timsalındadır. “Allah üstümüzdə olsun” deyəndə inam bizimlə olsun mahiyyəti başa düşülür. Əslində Allah özü insanın tapındığı ən uca dəyərdir, inam anlamında isə bütün parlaqlığı ilə özünü göstərir. Elə ona görə də qorxmur, heç kimsədən çəkinmir, əlbəttə, təkliyə düşəndə ürəyini yeyə-yeyə yaşayır. Məşhur Çələbilər nəslinin böyük analarından biri Zibeydə Çələbi deyərdi ki,
“Ürəyi çörəyinə yavanlıq eləməyənin qapısına salam düşmür”. Gündüzlər başı uca gəzir, haqqa-həqiqətə tapındığı üçün ümidini üzmür:

Gündüz heç qorxu bilmədi, Gecələr içini yedi.
Gündüz vüqarlı hərləndi, Gecə-gündüz “Allah birdi, haqdı” dedi.

H.İsaxanlının əsərinin bu hissəsi bir oxucu kimi məndə çox dərin təəssürat oyatdı. Zənnimcə, əsl həyat həqiqətlərinə güvənən belə əsərlər insanların mənəvi harmoniyasına çox ciddi təsir göstərir. Əlbəttə, bu harmoniyanı qorumaq insanın mənəvi ucalığına xidmət etmək baxımından. Görkəmli ədəbiyyatşünas Məmməd Cəfər Lev Tolstoyla bağlı düşüncələrində maraqlı müqayisələr aparıb:
“Elm və incəsənətin bütün tarix boyu bəşəriyyətə böyük faydaları dəymişdir, lakin bəşəriyyətə xeyri dəyməyən, zərər verən elm və incəsənət də vardır. Təzə, məhvedici silahlar, toplar, daha güclü partlayıcı maddələr ixtira edən elm həqiqi elm deyildir. Hüquq gözəl elmdir, ancaq xalqın hüququnu məhdudlaşdıran hüquq elmi həqiqi elm deyildir. Tarix mənalı, faydalı elmdir, ancaq azğın hökmdarların səltənət tarixini yalanlarla bəzəyən tarix həqiqi tarix ola bilməz. Psixologiya gözəl elmdir, ancaq spiritizm ilə məşğul olmaq elm deyil, hoqqabazlıqdır. Rəssamlıq gözəl sənətdir, lakin sərgi salonlarını çılpaq qadın heykəllərilə dolduran rəsm sənəti həqiqi incəsənət deyildir. Ədəbiyyat: roman, şeir gözəl sənətdir, lakin əxlaqsızlıq təbliğ edən bədii əsərlər həqiqi ədəbiyyat deyildir. Kitab mədəniyyəti böyük mədəniyyətdir, lakin hər il xalqa lazım olmayan milyonlarla kitab nəşr olunur ki, bunlar həqiqi kitab mədəniyyətini təşkil edə bilməz” 1.
Elə buradaca deməyin yeridir ki, böyük əxlaqı tərənnüm edən əsərlər həqiqi ədəbiyyatın səsidir, nəfəsidir, özüdür. Böyük Ananın timsalında əxlaqa tapınmanın, mənəvi ucalığın gücünü gördük.
İndi bir daha əsərin yaratdığı təəssürat əsasında Böyük Anaya ehtiram bildirməyin məqamıdır: Böyük Ananın gözü toxdur. O, sanki dünyadan bir qadın olaraq öz payına düşəcək hisslərdən çox ucadadır. Çünki o, Qaçaq İsaxan kimi bir kişinin arvadı olub. Ondan sonra, onun ünvanından sonra qətiyyən “yastıdığını” dəyişə bilməz. Əlbəttə, o izzəti-nəfsinə qadınlığını qurban etməsəydi, bəlkə dolanışığı üçün də kömək olardı. Amma o, bu yolu seçmir. Mənəvi toxluğu, göz toxluğunu mədə toxluğundan çox ucada tutur. Toxluq anlamı var dilimizdə. Bu anlam mənəvi mahiyyət kəsb edəndə şəxsiyyətin gücünü göstərir, onun ləyaqət, dəyanət rəmzinə çevrilir, filankəs gözü tox adamdır deyirik. Demək, o, ləyaqətli adamdır. Dünya oduna yanmağı onun gözündə heç nədir. Təki onun adı, ünvanı gələcək nəsillər tərəfindən hörmət və ehtiramla xatırlansın. Bax, budur Böyük Ananın gücü, qüdrəti! Göründüyü kimi, “Gözüm toxdu” adı ilə başlayan hissə toxluğun mənəvi mahiyyətini, başqa sözlə fəlsəfi mahiyyətini açır. Sənət həyatın özü ilə birgə dünyaya gəlib. Həyatı Tanrı yaradıb. İlk əvvəl təbiət obrazı olaraq yaradıb, bir gözəllik obrazı olaraq, paklıq, saflıq obrazı olaraq təbiət ilk növbədə Tanrının əsəridir.
“…Sənətin mənşəyi həyatın özünün mənşəyi qədər qədimdir, çətin dərk olunandır. Ancaq hər şeyi dərk etmək mümkün deyil, bəlkə heç buna lüzum da yoxdur… İnsan hisslərinin nəhayətsizliyi, çoxölçülü tutumu çox vaxt ağlın açmağa gücü çatmadığı hadisələri, anlayışları yozmaqla, özünəməxsus şəkildə şərh etməklə boşluğu doldurur, insanı ovundurur, beləliklə, bir növ, onun canını mübhəm sarsıntılardan qurtarır”2.
Və sonra düşünən insan yaranır. Və insan özü də əbədiyyət arzusunda olur. Və bununla da özünün sənətini yaratmağa başlayır. Qobustan rəsmləri, qaya yazıları təkcə yazı olaraq, sənət olaraq yaşamır. Həm də o, insanların özlərini yaşadır. H.İsaxanlının “Ziyarət” peoması onun mənəvi aləmindəki fırtınaların, təlatümlərin poetik əks-sədasıdır. Yaddaş Sahibi obrazının timsalında o, bu daxili sarsıntılardan ovunmağın yeganə yolunu sənətdə görür. Məlum olduğu kimi sənət qədər insanın başqa heç bir məşğuliyyəti elmdən tutmuş müxtəlif peşələrə qədər onu ovundura bilməz.
“Ziyarət” həm də yalnız bir müəllifin özünü ovundurmaq istəyinin bəhrəsi deyil. Bütöv bir tarixin, bir nəslin sarsıntılardan xilas olmaq, ovunmaq istəyinin bəhrəsidir.

Ədəbiyyat:

Məmməd Cəfər. “Seçilmiş əsərləri “. “Çinar-Çap”. Bakı, 2003, s. 318.
Kamil Vəli Nərimanoğlu. “Özümüz-Sözümüz”. Çinar-Çap. Bakı, 2005, s. 437.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.