Əli Rza Xələfli

Hər hansı bir bitkin əsərin ayrı-ayrı lövhələri nə qədər canlı, sirayətedici, cazibəli olsa da, əsərin özü külli-halında bütövlük yaratmırsa, əsas xəttin aparıcısı bir obraz olaraq son anadək, axırıncı cizgilərinə qədər dəqiq çəkilməyibsə, demək, həmin əsər cəmiyyətin mənəvi mühitində öz təsirini axıracan saxlaya bilməyəcək. Gözlənildiyindən tez unudulacaq, tez yanıb-tez sönən ulduzun parlaqlığı nə qədər gözqamaşdırıcı olsa da, onun düşüncədə iz buraxması üçün yanma müddətinin də əhəmiyyəti böyükdür. Kamil obraz, yaşarı obraz da belədir. Onun yaşarılıq müddəti şüası, işığı görünən enerji mənbəyidir.
“Ziyarət” poeması xarakter etibarilə bizim müasirimiz olan bir insanın taleyindən danışır. Yəni əsasən biz əsər boyu Yaddaş Sahibini görürük, onun düşüncələrini dinləyir, həyatının ayrı-ayrı məqamlarını gözlərimizin önündən keçiririk. Onun uşaqlığı da, körpəlik, fidanlıq çağları da, əlləri əsəəsə, soyuqdan iliyi dona-dona bağda-bağatda işlədiyi günləri də, barmağını oxuduğu kitabın dayandığı səhifəsinin üstündə saxlayıb bir arx kənarında axıb gedən sulara atdığı balaca daşlara baxan, o suların haracan axması haqqında düşünən anlarını da görürük. Özünün körpə uşaq qəlbilə sevgisini götürüb dünyanın hansısa bir yaşıl adasına uçmaq xəyalları da bizi təsirləndirən, özümüzün uşaqlıq dünyamızı təzədən yaddaşımıza gətirən məqamlardır. Bunlar əsərin ən parlaq, ən işıqlı, görünən tərəfləridir. Dünyanın elm mərkəzlərində yeni tədqiqatları ilə, elmi nəticələrilə, məntiqi hökmlərilə həmkarlarını bəzən təəccübləndirən, bəzən sevindirən, dünyaya meydan oxuyan ölkələrin fikir-düşüncə sahiblərilə mübahisələrə girişən, inandığı məntiqindən bir addım da geri çəkilməyən Yaddaş Sahibi tarixi yurd yerlərinə qayıdanda yenidən həmin o arx kənarındakı uşağa çevrilir. Qətiyyət də, mənəvi güc də, yeri gələndə, bütün gücü ilə inandığı əqidənin inadından dönməyən, qırılmayan Yaddaş Sahibi qurumuş arxın kənarındakı bozarmış otları görəndə necə sarsılır, necə kövrəlir? Və bəlkə də, özünün, eyni zamanda, insani aləmin ən xoşbəxt çağlarına qayıdışı özü üçün təskinlik hesab edir.
İnsanın ən qayğısız, ən təhlükəsiz əmin-amanlıq çağları onun birinci dünyası ilə bağlıdır. Ana bətnindəki, bizim üçün örtülü aləmdəki çağları o, nə ikinci aləmdə, nə də üçüncü aləmdə gördükləri ilə müqayisə edə bilməz. İkinci aləmdə, yəni bu dünyada insanlar cəhətləri bilinməyən küləklərin önündə dayanır. O, küləklərə qarşı necə vuruşub, necə həyat uğrunda çarpışıb, bir sözlə, bu dünyadakı ömrünü necə yaşayıb? Bütün bunların hamısına əməl deyirik. Üçüncü dünyadakı ömür isə, bu dünyadakı əməllərin hesabıdır, çəkilən hesabatıdır, görünənlərə, yaşananlara cavabdır. Demək, hər iki dünyada cavabdehlik var, hər iki dünyada insan özü öz məsuliyyətinin daşıyıcısıdır, doğru və yalan, ağ və qara, yaxşı və yaman arasındadır. Birinci dünyada isə… həmin birinci dünyanın həsrətini çəkən Füzuli necə böyük ağrı və əzabla yaşadığı dünya haqqında, doğrunun və yalanın bir-birinə qarışdığı dünya haqqında fatehlərin maddiyyət naminə döyüş meydanlarında su əvəzi axan qanlara baxıb həzz almalarına nifrətini, qəzəbini birinci dünya haqqındakı sözünün içinə cəmləyib.
Mənim asudəliyimə qibtə ilə baxdı fələk, Bu cahana gətirib dərd oduna yaxdı fələk,
demişdi.
Təkcə bu iki misranın içərisində insanın hər üç dünyadakı ömrünün mahiyyəti, mənası yığılıb. Biz müəyyən mənada zaman ötürücüsüyük. Şairlər də beləcə, nur, işıq ötürücüsü, gələcəyi daha nurlu görmək istəyi ilə sanki keçmiş və gələcək arasındakı birləşdirici naqildir. Onun içindən, onun dünyasından zaman cərəyanı keçir. Bəlkə, elə Füzulinin o iki misrasının içərisinə cəmlənmiş həqiqəti H.İsaxanlı “Ziyarət”lə, “Ziyarət” əsərində yaratdığı Yaddaş Sahibi obrazı ilə cərəyana çevirib öz içərisindən keçirir, özündən keçirir, gələcəkdə Yaddaş Sahibinin “yadimdadir bugünkü tək” sözlərinin mayasında, nüvəsində yığışıb işığa, gücə, enerjiyə, mənəvi dəyərə çevriləcək həqiqəti gələcək nəsillərə çatdırmaq istəmişdir:
O illər ki, xatirimdə yer almayıb Onlar yersiz də qalmayıb
Böyüklərin yaddaşına yazılıbdır Onlardan da mənə yadigar qalıbdır.

Bu misralarda sanki Füzulinin xatırlatdığı birinci dünyanın davamını görürük. O mənzilə, o zamana qədərki davamını, onda hələ yenicə doğulmuş uşaq hələ bilməzdi ki, nədən ötrü ağlayır. Onun ağlamağının səsi necə olub? Soyuqlayanda, xəstələnəndə ağlayışları, sevinəndə, əhvalı yaxşı olanda gülüşləri, danışmaq əvəzi qığıltıları, çağırmaq əvəzi çığırtıları necə olub? Bunları özü bilmir. Amma Yaddaş Sahibi, həm də bütün bunları bilir. Ona görə ki, (axı Yaddaş Sahibidir) o, böyüklərin danışıqlarından, dediklərindən, həyatının özü görmədiyi yaşam günlərinin tarixçəsini öyrənib. Bəli, böyüklərin yaddaşına yazılanları sonrakı nəsillər oxuya bilirsə, demək, “təbiətdə heç nə itmir” düsturunun bir mahiyyəti də elə budur. Yaddaş Sahibinə yadigar qalan böyüklərin yaddaşlarından oxuduqlarıdır.

Deyirlər ki, mən anadan
İlk baharda aylı bir gecə olmuşam. Mən özüm hardan bilim ki,
O vaxt mən necə olmuşam?!
Görənlər belə söyləyib:
Bapbalaca, həm də zəif doğulmuşam, Sağlığıma əmim yeddi qurban deyib.

H.İsaxanlı poeziyasında nə qədər şairdirsə, şairliyində də bir o qədər filosofdur. Dünya, cəmiyyət, təbiət haqqında poetik fikirlərin axarına düşən, qəlibinə sığışan ümumiləşdirmələr aparır. Hərdən müəllifin şeirlərindəki poetik biçimin müəyyən həddi gözləmədiyini deyənlər olur. Zənnimcə, onlar düşünsələr ki, həyat və cəmiyyət haqqında bilgilərimizdən çıxan nəticələri, yaşadığımız ömrün süzgəcindən keçirib olduğu kimi vermək istəyi, eyni zamanda, yaxşı olan nə varsa, onun gələcəyə ötürülmək istəyi bütün forma şərtlərindən daha alidir. Hərçənd ki, forma məzmunu tamamlayan vasitədir. Formanın gözəlliyi məzmunun daha yaxşı qavranılmasına kömək edir. Və o deyim də var ki, gözəllik ondursa, onun yalnız bircəciyi mahiyyətdir.
Qalanını hər kəs özü düşünə bilər. Amma bir həqiqət də var ki, H.İsaxanlı heç kimə bənzəməyən, heç kimin nə formaca, nə də məzmunca getdiyi yolu getməyən bir şairdir. Şəhriyar “Heybərbabaya salam”ı ilə məktəb yaratdı. Və onun məktəbinin ən böyük müdavimləri İraqda Kərkükdə, Anadoluda, Azərbaycanda, xüsusilə Cənubi Azərbaycanda dilə, yurda, yaddaşa qayıdış sayəsində əvəzsiz xidmətlər göstərdi və bu “salam”a yüzlərlə cavablar yazıldı. Əslində, H.İsaxanlının “Ziyarət” poeması o salamlardan biridir. Ancaq şairin yaratdığı Yaddaş Sahibi obrazının özünün düşündüyü məzmunda, özünün göründüyü formada…Yəni H.İsaxanlının bütövlükdə poeziyasının vəzn baxımından, çəki baxımından, mənəvi yük baxımından müdrikliklə, fəlsəfi ümumiləşdirmələrlə yaradıcılıq baxımından bu əsəri özünün originallıq gücünü qoruyub saxlayır və şairin bütövlükdə yaradıcılığının mahiyyətini ifadə edən, şairin özünü təqdim edən bütöv formanın bir hissəsidir.
…Bəs Yaddaş Sahibinin əsl həyatı nə vaxtdan başlanıb? Onun bu başlanğıcdan əxz elədiyi, götürdüyü nədir? Hansı hissi, hansı duyğunu yaddaşının başlanğıcına bünövrə olaraq həkk eləyib. Və əslində, Yaddaş Sahibinin həyatının mənası o özül daşındadır, onu dərk eləməkdə, onu qavramaqdadır:
Öz həyatım öz-özümü bilən gündən Yaddaşıma düşən günlərdən başlayıb. Xatirələr! Onlardan hörülmüşəm mən Nələr olub onlar bilir, bir də fələk.
Hələlik, dəqiq və aydın bilmir nədir onun yaddaşının özül daşı? Sanki doğulan gündən ilk çığırtılarının başladığı andan başlayaraq, yaranışının şüura, düşüncəyə, yaddaşa gəlib çatdığı bütün mərhələləri özünün fantaziyası ilə təzədən keçir. Və yalnız bundan sonra yəni xatirələrin izi ilə ilkinliyə tərəf, ilkinliyin əzəlinəcən yol gedir. Adidən aliyə, sadədən mürəkkəbə doğru qayıdış onu arzuladığı ana çatdırır, axtardığını ona göstərə bilir bu yol:

Yadımdadır bugünkü tək
Əllərimlə qazıdığım qara torpaq,
Bir ağ kağız, həyətdəki meyvəli bağ. Yadımdadır, ucu sınan göy qələmim, Budağından ayrı düşən yaşıl yarpaq.
Əllərində qazdığı bir ovuc torpağın, bir vərəq ağ kağızın, həyətdəki meyvəli bağın yaddaşında ilişib qalmış ucu sınan göy qələmin, budağından ayrı düşmüş yaşıl yarpağın nə demək olduğunu anlamaq o qədər də çətin deyil. Amma bu ilkin anlamdan uşağın torpaqla evcik qurduğu günlərindən keçən anlamdan fərqli bir məna da var bu yaddaş əşyalarında. Uşaq oyuncağının əvəzi olan bir ovuc torpaqda, bir vərəq kağızda. Amma yox, əsas məna tamam başqadır. Elə Yaddaş Sahibinin özüdür o bir ovuc torpaq, o budağından ayrı düşmüş yarpaq, ucu sınan göy qələm o balaca uşağın böyük dünyaya gedən yolunda, onun ruhunda, təbiətində yaranacaq böyük sarayın özül daşları bax elə budur. Zənnimizcə, nə o bir ovuc qara torpaq, nə o bir vərəq ağ kağız, nə də ucu sınan qələm olmasaydı, budağından ayrı düşən o yarpaq, o uşaq olmasaydı, o, gəlib bu geniş aləmə çatmasaydı, Yaddaş Sahibinin bugünkü əzəmətini də görə bilməzdik. Həmin ağ kağız mahiyyətində uşağın ağ lövhə kimi dünyaya gəlişinin də mənasını duymaq çətin deyil.
“Ziyarət” əsərində təkrarsız lövhələr var, bənzərsiz lövhələr var. Əslində, elə poeziya bənzərsiz anların poetik lövhələrə çevrilməsidir. Poeziya yaranmamışdan, doğulmamışdan da əvvəl vardı. İnsanın yaşadığı ilkin mağaradan ta bu günəcən təbiətdə və cəmiyyətdə, həm görünüşdə, həm də düşüncədə poeziya yaşayır. Amma şairlik missiyası, şairin təbiəti bu bənzərsiz anların bənzərsizliyini görməyi bacarmalıdır. Və o zaman təbii ki, bənzərsiz anların poeziyası yaranacaq. Belə bənzərsizlik anlarından biri də “Ziyarət” poemasında elə buradaca misra-misra gözlərimizin önünə gələn lövhədir. Elə bil ki, Yaddaş Sahibinin özü yox, hər hansı birimiz ömrümüzün ən xoşbəxt, ən gözəl, ən təkrarsız və heç vaxt unudulmayacaq bir anını H.İsaxanlının bu misraları bizə qaytardığına görə, ona minnətdarlığımızı bildirməyə tələsər və bu tələsmənin içərisində bizə fərəh, saf duyğular bəxş etdiyinə görə, həyəcanlı anlar yaşayırıq:
Gözlərimin önündədir nakam əmim, Uzun boylu, enli kürək, ömrü gödək. Yadımdadır, onu yoldan saxlamağım Geri dönüb qucağına aldı məni.
At belində seyrə çıxdıq göy çəməni. Yolda papağım düşəndə
Dedi: “hanı bizim papaq?
Tez ol, qoçaq, atı çapaq, onu tapaq”.
Güldü o da, güldüm mən də
Səadətdir böyük, kiçik bir güləndə.

Bircə sözü də saxlamaq, bircə misranı da kəsmək istəmirsən. Elə bil ki, hansı misrada dayansan həmin o köhlən at da dayanacaq. O köhlən atın üstündəki qoçaq əmi də, həyatın dadını-tamını axıracan görməmiş, Yaddaş Sahibinin xatırlamalarında nakam kimi qalan uzun boylu, enli kürək, ömrü gödək əmi, o xoşbəxt uşaq gözlərimizin önündən bir anda uçub gedəcək. Papağı külək aparır. Amma əmi demir ki, hanı sənin papağın? Deyir ki, hanı bizim papağımız? Nə qədər dəqiq, nə qədər doğma bir sual. Məsuliyyət təkcə uşağın deyil, həm də uşağı küləkdən qorumalı olanındır. Onlar o yel qanadlı köhlənin üstündə çapıb küləyi qabaqlayır, papağı küləyin ağzından alırlar. Və bundan sonra əminin də, uşağın da sevinməyi təbiidir. Amma bu bənzərsizliyin, amma bu ecazkarlığın, amma küləklə döyüşdə qalib gəlməyin məntiqi nəticəsi daha gözəldir: “Səadətdir böyük, kiçik bir güləndə”. Üst-üstə qalaqlanmış cildlərə bərabər, fatehlərin işğalçılıq niyyətlərinə bəraət gətirməyə çalışan “tomların” hamısının əvəzində iri bir qranit lövhə, təbii daş üzərində elə bircə bu cümləni yazmaq bəs eləyərdi. Dünyanın xilas yolu elə bircə bu cümlənin içərisinə yığılmış mənadan, mahiyyətdən ibarətdir. Dünyanın xilas yolu zorda, gücdə, mənəmlik iddialarında, dünyanın ən təhlükəsiz banklarına yığılmış sərvətdə, pulda deyildir. Sözün həqiqətindədir, poeziyanın saf, duru, bulaq kimi tər-təmiz təbiətindədir.
İndi dünyadan köçüb getmiş nənənin həmin o uşaqlıq anlamında ilkin yaddaş özülündəki obrazı da nə qədər səmimidir, nə qədər sağlamdır:

Nənəm də ki… hamıdan tez oyanardı
Biz duranda həyətdə ocaq yanardı.
Yadımdadır bu günkü tək
Salxım söyüdün altında ağlamağım. “Ömrüm-günüm, sən ağlama” deyən mələk Baxdı mənə, yenə gözləri yol çəkdi. Doluxsunub öpdu yorğun gözlərimdən,
Bir gün o da məni qoyub gedəcəkdi.
Nədənsə, buradaca türk dünyasının böyük ustadı Oljas Suleymenovun
ölməz “Az-Ya”sından çox məşhur olan bir epizod xatirimdə canlandı:

“Türklər mərhuma al-əlvan paltar geydirib, əlinə dolça veriblər, üstünü adi, girdə daşlarla (ulduzlar) örtüb kurqan ucaldıblar, kurqanın zirvəsinə dirilmə ilahəsinin heykəlini qoyublar. Torpağa qımız çiləyib, dua ediblər: “Azman igid! Əgər təzədən dirilmək qismətindədirsə, öz doğma torpağımızda doğul!” Qəribə olur insan yaddaşı!.. Bir qarı yüz il yaşadı. Ömrünün son illərində dəmir pul yığırdı. Vaxt yetişdi, qarı kirimişcə əzabsız-əziyyətsiz ömrünü tapşırdı. Cənazəni qəbiristana apararkən yolboyu üstünə ovuc-ovuc pul səpirdilər. Və son sikkələr donmuş torpaqla bir yerdə qəbrə tökülürdü “1.
“Doğulsan, öz torpağından doğul!” Yaddaşın ilkin mərhələsindəki ənənə sonradan formasını dəyişə bilər. Ancaq söhbət doğuluş arzusundan getmir, söhbət əgər diriləcəksənsə, əgər doğulacaqsansa, öz torpağında doğulmaqdan gedir. Bax “Ziyarət”in mahiyyəti budur. Yaddaş Sahibini təzədən dirildən, onu yaddaşına qaytaran, onu ilkinliyə səsləyən güc ancaq doğulduğu torpaqdadır. Yaddaş Sahibi özü daha dəqiq deyir. Xatirələr onun iz yaddaşıdır. İz yaddaşı olduğu kimi, həm də yaddaşının izidir. Elə Yaddaş Sahibinin özü, əslində, elə xatirələrdən hörülmüş bir saraydır. Əslində, onun daha dəqiq nə olduğunu bir Yaddaş Sahibi özü bilir, bir də həzin misralarda xatırlanan ünvan:
Xatirələr! Onlardan hörülmüşəm mən,
Nələr olub onlar bilir, bir də fələk.

Müəllifin fikrincə, “Ziyarət” poemasının əsas qəhrəmanının Yaddaş Sahibinin yaşadığı həmin günlər, o ilkinlik çağları bitkin bir əsərdir. İndii müəllif sanki kənardan Yaddaş Sahibinin xatırlamalarına kənardan müdaxilə edir, uzaqdan baxır, lap elə başqa bir əyalətdən baxır, başqa bir zamandan baxır. Və bu zaman həmin günlər, həmin yaşantılar onun nəzərlərində rəngləri oddan-alovdan götürülmüş və bir daha heç kəsin yarada bilməyəcəyi əsərdir. İnsanlarla təbiətin qovuşduğu əmin-aman bir dünyanın möcüzəli bir mənzərəsini yaddaşlara köçürə biləcək bir tablo:

O gün keçdi! Yaşandı o bircə kərə Mən vurğunam o əsərə
O ayrı bir biçimdədir
O bir duman içindədir.
Məndən başqa onu heç kəs görə bilməz, Rəssam onu fırçasıyla verə bilməz
Şairindir, şairlikdir o mənzərə.

Sonuncu misralardan da göründüyü kimi, müəllif Yaddaş Sahibinin yaşadığı mənzərə önündə heyrətini gizlətmir və sanki onun bu iddiası da məndən başqa onu heç kəs görə bilməz hökmü də yetərincə haqlıdır. Onu yalnız Tanrı əli yarada bilərdi, o, yalnız hər kəsin həyatında bircə dəfə yaranır, yaşanır. Rəssamın o mənzərənin göydəngəlmə rənglərini vermək üçün çalarları çatmaz. Amma yox, onu yarada bilən olar. Şair yaradar onu. Axı o mənzərənin özü şairanədir.
Ədəbiyyatşünas tənqidçi, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu Mehdi Hüseyn ədəbi tənqidindən danışanda çox maraqlı bir fikri diqqətə çəkir:
“M.Hüseyn ədəbiyyatda özünə möhkəm yer etmiş “Sxematizm”in metodoloji əsasını görməsə də, bədii yaradıcılığın estetik prinsiplərinə yaxşı bələd olduğu üçün bədiiliklə qeyri-bədiiliyi asanlıqla fərqləndirə bilirdi”1.
M.Hüseyn “Sxematizm”in metodoloji əsasını” nə dərəcədə bilirdi, bilmirdi, söhbət ondan getmir, söhbət ondan gedir ki, o, bədii yaradıcılığın estetik tələblərini, prinsiplərini mükəmməl bildiyi üçün bədiiliklə qeyri-bədiiliyin fərqlərini də, sərhədlərini də yaxşı bilirdi.
Bu gün M.Hüseynin ədəbi tənqidi yaddaşlarda, bəlkə də, elə bu cəhətlərinə görə yaşayır.
H.İsaxanlının ədəbi yaradıcılığın nəzəri əsasları ilə nə dərəcədə məşğul olub-olmadığını deyə bilmərəm. Amma poeziyanın estetik mahiyyətini kifayət qədər duyduğuna, ruhuna hopdurduğuna heç bir şübhəm yoxdur. Çünki elə onun özünün dediyi kimi, əsas odur ki, həyatın bənzərsiz anlarını görə biləsən, duya biləsən.

Ədəbiyyat:

Oljas Süleymanov, “Az-Ya”, 1993, səh.238
Təyyar Salamoğlu.”Ədəbi tənqid tarixinə dair portret-oçerklər”. Bakı, 2011, s.173.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.