2024-cü il iyunun 6-7-də  Xəzər Universitetinin Təhsil departamentnin təşkilatçılığı, Türkiyənin Qazi Universitetinin Qazi Təhsil Fakültəsinin tərəfdaşlığı ilə  “Təhsilin idarə olunması və müəllim hazırlığı” mövzusunda Beynəlxalq elmi simpozium  keçirilib.

İyunun 6-da  Xəzər Universitetinin Mərmər zalında baş tutan simpoziumun açılış mərasimi  universitetin Kamera orkestrinin (bədii rəhbər Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Dos. Zülfiyyə Sadıqova) musiqi nömrələri ilə başlayıb.

 Sonra tədbiri giriş sözü ilə simpoziumun Təşkilat Komitəsinin həmsədri, Təhsil departamentinin müdiri Dos. Leyla Əliyeva açaraq,   iştirakçıları  salamlayıb və konfransın işinə uğurlar arzulayıb. 

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı çıxışında  qeyd edib ki, təşkilatçıların fikrincə, bu simpozium gələcəkdə keçirəcəyimiz  daha böyük miqyaslı simpoziuma hazırlıq xarakteri daşıyır. Ali məktəblərdə müəllim hazırlığı  ciddi, mürəkkəb  məsələ kimi həmişə müzakirə mövzusu olub və əminəm ki, bu simpoziumda da problemlər dərindən təhlil  olunacaq və onların həlli yolları da mütəxəssislərimiz tərəfindən müəyyənləşdiriləcək.

 Qazi Universitetinin rektor yardımçısı Prof. Yucel Gelişli söyləyib ki,  biz iki ölkənin ali təhsil ocaqları olaraq  səylərimizi, təcrübələrimizi  birləşdirərək, birgə fəaliyyətimiz  sayəsində   qarşıya qoyulan hədəfə nail  olmalıyıq. Çünki müəllim hazırlığı bütün zamanlarda prioritet məsələ olub və bu gün də  öz aktuallığını saxlayır. Əminəm ki, Türkiyənin Qazi Universitəsi ilə Xəzər Universitəsi  qarşıya qoyulan hədəfə sıx əməkdaşlıq şəraitində nail olacaq. Qazi Universitetinin  Qazi Təhsil fakültəsinin dekanı Prof. Mahmut Selvi,  Azərbaycan Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə  məzmun və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Elm və  Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH  qrupları İcra Komitəsinin rəhbəri Dos. Elza Səmədova  da simpoziumun mühüm  önəm daşıdığını vurğulayıblar.

Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva təmsil etdiyi ali təhsil ocağı haqda  iştirakçılara geniş məlumat verib.

I Panel   “Müəllim hazırlığında yerli və beynəlxalq təcrübə” mövzusuna həsr olunub. İclasa  Prof. Mahmut Selvi və Prof. Hümeyir Əhmədov moderatorluq ediblər. Mövzu ətrafında Qazi Universitetinin təmsilçiləri – Prof. Yucel Gelişli, Dos. Nurcan Uzel, Prof. Mehmet Taşpınar, Prof. Salih Şahin, Prof. Gürcü Erdamar Koç, Prof. PaşaTevfik Cephe, Prof.Yılmaz Yeşil, Azərbaycan  Elm və Təhsil Nazirliyindən Dr. Afət Süleymanova və Elm və Ali təhsil üzrə Dövlət Agentliyindən Dos. Elza Səmədova, Bakı Dövlət Universitetindən Prof. Hikmət Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetdən Dos.Yeganə Cəlilova   çıxış edərək,    təkliflərini  veriblər;  təqdim olunan təkliflər, onların həlli yolları  müzakirə olunub.

II paneldə müzakirə mövzusu  “Təhsilin idarə olunmasında milli prioritetlər, beynəlxalq çağırışlar” olub. Bu iclasın moderatorları isə Prof.Yüsel Gelişli və Prof. Akif Abbasov idi. Çıxışçılar – Qazi Universitetindən Prof. Mahmut Selvi, Prof. Seyfullah Yıldırım, Dr. Sinan Demirtürk, Prof. Muhammed Koçak, Dos. Derya Yüregilli Gökşu, Prof. Dr. Pınar Bilasa, Xəzər Universitetindən Raziyə İsayeva, Dos. Leyla Əliyeva,  Mingəçevir Dövlət Universitetindən Dos. Üzeyir Zeynalov təhsil sistemində qazanılan uğurlar, mövcud problemlər və onların həlli yolları barədə mütəxəssis rəylərini bildiriblər. Təqdim olunan  bütün təkliflər  və mövcud nöqsanlar ətraflı müzakirə olunub.

Bununla da “Təhsilin İdarə Olunması və Müəllim Hazırlığı “ Beynəlxalq Elmi Simpozium  öz işini  başa çatdırıb.

Simpoziumun sonunda məruzəçilərə sertifikat təqdim olunub.

khazar.org