2024-cü il mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Borçalı aşıq məktəbinin istedadlı nümayəndələrindən biri, Xəzər Universitetinin müəllimi, Azərbaycanın aşıq sənətini dünyanın 17 ölkəsində təmsil etmiş aşıq Ramin Qarayevin “Sazımda-avazımda” adlı solo konserti keçirilmişdir. Konsert Mədəniyyət Nazirliyinin və Xəzər Universitetinin dəstəyi ilə baş tutmuşdur.
Musiqi müşayiəti Xəzər Universitetinin Kamera orkestri (bədii rəhbər – universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) və Elman İbrahiminin rəhbərliyi ilə “Bakı-Təbriz” (Güney Azərbaycan) qrupu tərəfindən olmuşdur.
Azərbaycanda ilk dəfə klassik aşıq havaları sazla yanaşı kamera orkestrinin ifasında səslənmiş, əslində, aşıq musiqisi ilə kamera musiqisinin sintezi, klassik havalar tam yeni üslubda təqdim olunmuşdur. Aşıq havalarının kamera orkestri üçün orkestrovkasını bəstəkar Sevda Rəhimova hazırlamışdır.
Konsertə yuxarıdakı məzmunda giriş sözü ilə başlayan tanınmış aparıcı Qorxmaz Tofiqoğlu sonra Xəzər Universitetnin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlını səhnəyə dəvət etdi. H.İsaxanlı sənət adamlarına və tamaşaçılara təqdim olunacaq konsertin əlamətdar cəhətlərindən söz açdı və yeni layihəni ərsəyə gətirən musiqiçilərə uğurlar arzuladı.
Aşıq Ramin Qarayev ”Osmanli divanisi” (sözlər: Aşıq Ələsgər), ”Cəlili” (sözlər: Qaraxan Əkbəroğlu), ”Koroğlu dübeytisi” (sözlər: Aşıq Murad Niyazlı), ”Şəşəngi” (sözlər: Xalq şairi Zəlimxan Yaqub), “Gödəkdonu” (sözlər: Hamlet İsaxanlı), “Mansırı” (sözlər: Aşıq Hüseyn Cavan), “Borçalı” (sözlər: Osman Əhmədoğlu), ”Orta müxəmməs” (sözlər: Ağacan), “Borçalı” (sözlər: Osman Əhmədoğlu), “Qurbani” (sözlər və bəstə: Aşıq Kamandar Əfəndiyev) havalarını ifa etdi. Təbriz-Qaradağ aşıq mühitini təmsil edən tanınmış gənc sənətkar Elman İbrahiminin bəstələdiyi ”Polad Təbriz” mahnısı bəstəkar və Aşıq Ramin Qarayevin birgə ifasında səsləndi. Konsertin fəxri qonağı olan Xalq artisti Alim Qasımov sözləri Məhəmmədhüseyn Şəhriyara məxsus olan “Şərili” havasını aşıq Ramin Qarayevlə birgə ifa etdi. Xalq artistinin ifasında Elman İbrahiminin İmadəddin Nəsiminin sözlərinə bəstələdiyi mahnı da səsləndi.
Xəzər Universitetinin müəllimi Məhsəti Azaflı sözləri Mikayıl Azaflıya məxsus “Ordubadi” havasını ifa etdi.
Konsert iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.