Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) “Dubna” həftəlik qəzetinin 01 fevral 2024 cü il tarixli 4 nömrəli sayında Xəzər Universiteti nümayəndə heyətinin instituta iki günlük işgüzar səfəri barədə məqalə və foto dərc edilib.

Məqalədə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlının başçılıq etdiyi nümayəndə heyətinin (tərkibə Fizika və elektronika departamentinin müdiri Dr. Fəridə Tatardar və biotibbi, tibbi-kimyəvi sahə üzrə professor, universitetin tədqiqat qrupunun rəhbəri Südabə Davaran daxil idi) BNTİ-nin direktoru Qriqoriy Trubnikov və digər rəhbər əməkdaşlarla, institutun laboratoriyalarında keçirdiyi görüşlər və aparılmış müzakirələrdən bəhs olunub. Qeyd edilib ki, institutun direktorluğu ilə görüşdə Azərbaycan və BNTİ arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində perspektivlər müəyyən edilib.

Məqalədə vurğulanır ki, müzakirə prosesində Prof.Akad. Hamlet İsaxanlının söylədiyi kimi, səfərin əsas məqsədi Azərbaycan Respublikasının elm ocaqları ilə BNTİ arasında elmi əlaqələrin möhkəmləndirilməsidir.

khazar.org