Əli Rza Xələfli
H.İsaxanlının “Ziyarət” poemasını deyəsən, üçüncü dəfədir ki, oxuyuram. Birinci dəfə dostumun kitabı kimi. Nə yazıb, nədən yazıb? – sualının cavabını vermək üçün, ədəbi məclislərdə, ədəbiyyatla bağlı mübahisələrdə susub qalmayım deyə. İkinci dəfə dünyaya sözü olan, bu gün Azəbaycanın mənəvi mühitində kifayət qədər ictimai rəyə təsir göstərən fəaliyyət sahibinin, görkəmli ziyalının əsəri kimi. Hər iki halda əsər məni qane eləmişdi. Üçüncü dəfə hissə-hissə, lövhəlövhə, misra-misra oxudum. Başa düşdüyümü, gəldiyim qənaətləri yazmaq üçün. “qişla yazin arasinda” adlanan kiçik bir parça var poemada. Bu hissəni oxuyanda – əlbəttə ki, üçüncü dəfədən söhbət gedir – öz-özümə təəccübləndim. Deyəsən, birinci dəfədir ki, oxuyurdum. Necə olub ki, bir uşaq qəlbinin sızıltısını, bu dərəcədə həssas və kövrək bir ürəyin təzədən uşaq dünyasına qayıdıb həmin göynəmələri yaşamasını tuta bilməmişəm? Aydın məsələdir, qışla yazın arasında təbiətin özünün özü ilə çarpışması gedir. Əslində bu çarpışma eynilə təbiətlə insan ara- sında da gedir.
Payızın sonunda biz payızla qış arasındakı mövsümü kifayət qədər müqavimət gücü ilə yaşayırıq. Amma qışla yazın arasındakı mövsümdə qışın təsir gücü yazın hərarətindən çox güclü olur. Çox müşahidə eləmişəm, qışla yazın arasındakı soyuqlamalar daha çox fəsad verir, nəinki payızla qışın arasındakı mərhələdə. Qocalar və uşaqlar qışla yazın arasındakı hava dəyişmələrindən daha çox əziyyət çəkir. Hətta deyərdim ki, tələfat da payızla qış arasındakı mövsümə nisbətən qışla yaz arasında daha çox olur.
“Qışla yazın arasında” adlanan fəsildə tənəklərin taleyinə ağlayan, daha doğrusu, tənəklərə gün ağalyan uşaq, əslində, öz gününə ağlayır. Amma bu barədə bir qədər geniş şəkidə daha sonra.
H.İsaxanlının “Ziyarət” əsəri nəyə görə qiymətlidir? Nəyə görə belə əsərlər diqqətlə oxunmalı, öyrənilməlidir? Çünki gələcəyin adamları tarixin yazdıqları əsasında keçmişə qiymət verəcəklər. Bu mənada, ədəbiyyat da ta- rixdir. Ancaq ədəbiyyat tarixdən fərqli olaraq həyatda nə varsa, hamısını olmuşların, olanların və həm də ola biləcəklərin hamısını yazmalıdır. Şübhəsiz, elə yazmalıdır ki, nəinki bugünkü insanın, eləcə də gələcəyin adamının zövqünü oxşamaqdan başqa, könlünü ovutmaqdan başqa, ötüb keçən zamanların əhvalını, ovqatını, mənəvi mühitini kifayət qədər dolğunluğu ilə təsəvvür edə bilsin. Zənnimcə, “Ziyarət” poemasında Yaddaş Sahibinin yaddaşa sahib olduğu məkandakı həyatın bütün rənglərini verə bilmək cəhdləri uğurla nəticələnib. Təbiətlə insan arasındakı münasibətlər, təbiətin bətnində- ki təbii təzadlar və bunların insanın mənəvi mühitinə təsiri onun kövrək dünyasında qoyduğu izlər – bütün bunlar həssaslıqla, daha dəqiq desək, ya- şantılarla qələmə alınıb. Sanki Yaddaş Sahibi sözün həqiqi mənasında, göz- lərimizin qarşısında hələ sümükləri bərkiməmiş balaca bir uşaqdır – cansız, çəlimsiz. Az qala gözümüz görür, yüyürüb onun gücü çatmadığı tənək buda- ğını qaldırmaq istəyirik. Hələ bir onu bu ağır işə vadar edənlərə də az qala qəzəbimiz tutur. Dünyanı lənətləmək istəyirik. Bir tikə çörək üçün ailəyə, evə, ataya, anaya kömək eləmək, dayaq olmaq üıçün uşağın çəkdiyi zillət gözümüzü göynətdiyi kimi, qəlbimizi də ağrıdır. Bu təəssüratları yaratdığı üçün “Ziyarət” qiymətlidir. Vaxtilə Əhməd Ağaoğlu “ədəbiyyatımızda həyat yoxdur” deyəndə Azərbaycan ədəbiyyatını yox, Osmanlı ədəbiyyatını nəzər- də tuturdu. Və onun qınaqları elə indi də kara gələ, işə yaraya bilər:
“Əski ədəbiyyamızda həyat yoxdur. Gerçək sənətə və təbiətdəki gö- zəlliyə də tamamilə yabançı qalmışdır. Bunları da duymamış və an- laya bilməmişdir. Zatən onun təqlid etdiyi ərəb və əcəm ədəbiyyatı da, təbiət və həyata tamamilə yabançıdır. Əski ədəbiyyatımızda həyatı və təbiəti təsvir edən bir tək gerçək lövhəyə rast gələ bilməzsiniz. Yəni ədəbiyyatımız bu işdə Avropa ədəbiyyatını təqlid etməyə qoyuldusa da, yenə həqiqəti təsvirdən çox uzaqdır. İstər şeirdə və istər nəsrdə təbii həyatın göstərdiyi lövhədən ziyadə, o lövhənin oyandırdığı duyğuları təsvir edir. Halbuki həyat və təbiəti görə bilmək, onlardakı ahəngi və musiqini anlaya bilmək, bir alayın ruhumuz üzərində yapdı- ğı təsirləri təsvir etmək deyildir”.
Demək, lövhələrin oyatdığı təəssüratdan başqa, həyatın və təbiətin özü- nü görə bilmək, həyatın və təbiətin harmoniyasını, səsini başa düşmək başqa məsələdir, təsirləri vermək başqa. Yaxşı olardı ki, ədəbiyyatda, sənətdə bu tərəflər arasıda qırılmaz vəhdət olaydı.
Əhməd Ağaoğlu (1869, Qarabağ, Şuşa – 19.05.1939, İstanbul) böyük mütəfəkkir idi. İstər siyasətdə, istər sosiologiyada, istərsə də fəlsəfədə öz dəst-xətti olan, özünün dediyi kimi, “Üç mədəniyyət”də kamil olan şəxsiyyət idi. Və o, Osmanlı ədəbiyyatdında həyat yoxdur, – deyəndə heç bir qəzəbə və qərəzə yol vermirdi. O, bu cür kəskin qılınc kimi sözləri ilə ədəbiyyatın boynuna haqq qoyurdu. Sənətin, sözün missiyasını bir daha xatırladırdı. Tə- sadüfi deyil ki, fransız, rus və ingilis ədəbiyyatının gücündən danışanda bu xalqların ədəbiyyatındakı zəngin aləmi, ucsuz-bucaqsız mənəvi genişliyi idealizə edirdi:
“Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb, yalnız Viktor Hüqonun “Notre Dame de Paris”i (“Notre Dame de Paris” – məşhur fransız yazıçısı Viktor Hüqonun (1802-1881) “Paris Nortdam kilsəsi” romanı nəzərdə tutulur) ilə Zolyanın “Vente de Paris” (“Vente de Paris” – naturalist fransız yazıçısı Emil Zolyanın (1840-1902) “Paris küləyi” əsəri nəzərdə tutulur) adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, geyiniş tərzindən, evlərin döşəməsindən başlayaraq, kilsələrdəki ayinlərinə, kənd satıcılarına qədər, xəyalımızda canlandıra bilirdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irəli getmişdir ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir orman, tək bir step, tək bir heyvan, tək bir insan və yaşayış tərzi bura- xılmamışdır”. 1
Böyük ustadın ruhu qarşısında bu sözlərdən sonra səcdə etməmək sa- dəcə, mümkünsüzdür. Könül nə qədər həyəcanlanır, insan nə qədər qanadla- nır, ədəbiyyata, həyata bu qədər sevginin haradan qaynaqlandığını axtarmır- san, sadəcə, başa düşürsən, anlayırsan ki, ədəbiyyatı başa düşən adam, hə- yatı sevən Adam, millətinə və xalqına bağlı olan İnsan elə bu cür yaza bilərdi.
“Ziyarət”də mən belə bir həssaslıq görürəm. Heç bir ormanın, heç bir çayın, heç bir ağacın, heç bir cığırın, heç bir yolun unuludmadığını görürəm. Əhməd Ağaoğlunu da düşündürən elə budur. “Qışla yazın arasında”, əlbəttə, əsərdə tənəklərin, uşağın qaldıra bilmədiyi budaqların, cərgələrin, arxların, arx üstündəki otların xüsusi emosional duyğularla qələmə alınması yaddaş- dan işıq zərrələri kimi görünən nə varsa, hər şeyin qələmə gətirilməsi, özü də xalıda öz yerində olan ilmələr kimi naxışlanması, sözlərin ruh kəsb elə- məsi – bütün bunlar sanki həqiqətən təbiətdə, iqlimdə yazla qışın arasındakı həyatın özüdür:
Yaşıllaşır yaza sarı
Yumşaq söyüd budaqları.
Onları bir-bir kəsərdim
Yarpaqlardan təmizləyib,
Tənəkləri ehmal əyib
Əlimdəki söyüdlərlə
Məftillərə bağlayardım,
Tənəyə gün ağlayardım.
Müəllif tənək budaqlarının məftillərə bağlanmasını yada salır. Söyüd şivləri ilə – ip əvəzi nazik çubuqlarla bağlanan budaqlar bara, bəhərə dola- caq, uşaq əllərinin gücü ilə tənəklərə gün ağlanacaq və o tənəklər bir gün qışla yazın arasından keçib açılan tumurcuqları ilə uzə güləcək və son nəti- cədə ailəyə gün ağlayacaq.
Mənə elə gəlir ki, uşaq aləminin yaddaşında iz buraxmış bu ömür par- çası min ildən sonra oxunsa da, həmin uşağın yaşadığı dövr, zaman, həyat keşməkeşləri arasında çırpınan diləklərin hamısını göstərəcək öz rəngində, öz rayihəsində, öz ətrində, qoxusunda. Bəlkə də, elə bu cür təsvirləri nəzər- də tuturdu Əhməd Ağaoğlu. Yoxsa, başqa cür necə təsvirlərdən yaranan hissiyyatı belə ilhamla qələmə almaq olardı:
“Bu kimi təsvirlərin istər estetik və istər ictimai baxımdan pedaqoji tə- sirləri böyükdür. Bu təsvirlər bəsit bir baxışla görülməyəcək gözəllik- lər göstərir. Oxucu onları oxuyarkən, yanından qeydsiz keçərək heç diqqətini çəkməyən olaylarda nə qədər ahəng və musiqi olduğunu an- lamağa başlar. Yavaş-yavaş özü də gözəllikləri görməyə, kəşf etməyə başlayır. Ruhu, qəlbi yüksəlir, incəlik qazanır. Digər tərəfdən, təsvir olunan lövhələrdəki gözəlliklər, istəmədən oxucuda bu lövhələrə qarşı bir sevgi, bir bağlılıq oyandırır, bu işdə ədəbiyyat sehrli bir amildir. Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Ler- montovla Puşkinin təsvirləri olmuşdur. Bunun kimi Qafqaz kəndlisi- nə, onun saf və təmiz həyatına qarşı ilk hissi bağlılığımı, yenə bu ya- zarların əsərləri oyandırmışdır. Vətən sevgisi, vətən eşqi, iştə, belə doğar, belə qüvvətlənər. Bu eşq və sevgi, təlqinlərdən, zehni təsirlər- dən ziyadə duyğu tərbiyəsi ilə doğar”1.
Əlbəttə, Əhməd Ağaoğlunun düşüncələrindən belə qənaətə gəlmək olar ki, əslində, ədəbiyyat özünün ovsunu, sehri, ecazı ilə insanı həyata, təbiətə bağlamalıdır. Həyata və təbiətə sevgi ilk növbədə elə ədəbiyyatdan qaynaq- lanmalıdır. Qoy eybi yoxdur, təbiətlə insan arasındakı, daha doğrusu, tə- biətlə insanın gücü arasındakı təzadı ədəbiyyat olduğundan da artıq versin. Sunaminin gətirdiyi fəlakəti, zəlzələnin dünyanı vəlvələyə salıb insanlara vahimə gətirməsini ədəbiyyat qədərindən artıq yaddaşa yazsın. Əvəzində in- san bu təbii fəlakətlərə də davam gətirməyin yolunu tapsın. Təki insan yaşa- mağa davam etsin. Lap elə qışla yazın arasında o göynəyən uşağın sızıltıları, əzabları bizi təzədən göynətsin. Amma unutmayaq ki, biz həyatı daha yaşarı eləməyə gəlmişik. Ən azı tənəklər arasında titrəyən o uşağın xatirinə. Qayı- daq, qışla yazın arasına. Ayazların, şaxtaların körpə uşaq barmaqlarını gö- yərtdiyi, cansız, cılız bədənindən küləklərin keçdiyi məqama:
Qışla yazın arasında
Ayaz ikiqat olurdu.
Aman verməzdi azacıq, Üstdən də külək vururdu. Bağ da ki hər yerdən açıq, Gizlənəydim harasında?! Canıma soyuq dolurdu.
Yaddaş Sahibinin uşaq aləmi görün, bizə nəyi deyir? Hər tərəfdən külə- yin, ayazın kəsdiyi uşaq işləməkdən qala bilməz. Axı vaxt gedir, onun üzüm budaqlarını bağlamaq payı var, dayana bilməz, amma nə olaydı bu bağda bir dalda yer olaydı. Yaddaş Sahibinin xatırladığı kimi bağda da dalda yer yox- dur. Uşaq çalışır, çarpışır. Həm iş üstündə onun uşaq yaşına uyğun gəlmə- yən ağır zəhmətin özü ilə çarpışır, həm də elə fiziki olaraq öz canı ilə çalışır, öz canını qorumaq üçün çarpışır. Onun soyuqdan göyərmiş əllərini ciblərinə qoyması, az da olsa soyuq küləkdən qorumaq istəyi… bütün bunlar da bir nəticə vermir:
Arabir də əllərimi
Ciblərimdə saxlayırdım.
Onun da bir xeyri yoxdu,
Ciblərim də çox soyuqdu.
Deyəsən, ədəbiyyatımızda uşaq hisslərinin bu qədər təbiiliklə verilməsi səhnələri çox azdır. Hətta nə qədər çox olsa belə, yenə azdır. Mir Cəlalın Baharı küçə-küçə gəzib ciyər satarkən də beləcə, ayaqlarının birini götürüb, birini qoyurdu.
Hər halda H.İsaxanlının tənəklər arasındakı soyuqdan göyərən “uşağı- nın” hissləri, duyğuları çox orijinaldır, təsirlidir və eyni zamanda ahənrüba kimi cazibəyə malikdir. Az qala o yerlərə uçub dörd gözlə həmin uşağı o üzüm tənəklərinin arasında axtarmaq istəyirsən. Axı elə indi də qışla yazın arasıdır, tənəklərin ağlayan çağıdır:
Qışla yazın arasında
Əllərim çat-çat olurdu.
Göz yaşımı saxlamağa Gücüm çatmaz – ağlayardım. Sonra… gücümü toplayıb
Tənəkləri bağlayardım.
Uşaq necə də təbii danışır: “Gücüm çatmaz, ağlayardım”. Bəs sonra nə baş verir? Heç nə qurtarmayıb, heç nə bitməyib. Bu “sonra”dan sonra üç nöqtə gəlir. Həmin nöqtələr şairin qələmə almadığı iztirabların cərgəsidir. Üzüm tənəkləri kimi onun mənəviyyatında sıralanıb gedən iztirabların. Və yenə gücü toplamaq və yenə tənəkləri bağlamaqda davam eləmək. Amma daha bir sonranın sonu deyəsən günəş çıxır. Buludlar parçalanır, soyuqdan göyərmiş uşağın titrəyən barmaqlarına baxıb göynəyən nənənin səsi gəlir:
Nənəm dizinə döyərdi: “Allah, sən mənə ölüm ver. Uşağım gömgöy göyərdi”. Mənə tüstülü ocağın
Qabağında yer verərdi. Nağıldakı loğman kimi Yağlayardı əllərimi.
“Ziyarət” həm də ona görə həmişə oxunacaq ki, insan iztirablarının, in- san əzablarının yaddaşdan keçən varlığı olduğu kimi görünür, siluet kimi yox, kölgə kimi yox, ruh kimi görünür, amma bütün canı ilə, bütün varlığı ilə, zamanın ağrı və əzablarını özünə yığaraq görünür.
Nağıldakı loğmana bənzədilən nənə, onun qayğılanmaları, çat-çat ol- muş uşaq əllərini ovxalaması, onun barmaqlarına yağ çəkməsi və nəhayət nəslin böyüklüyü, böyük nəsli dolandırmaq istəyi atanın böyük ailənin ehti- yacları qarşısındakı təkliyi… heç nə yaddan çıxmır:
Nəsil böyük, atamsa tək, Mən də böyük oğul kimi Yaxşı bilirdim işimi –
Həyat ruhdur, bir də əmək!
Və bu düşüncələrin fövqündə onun gəldiyi qənaət də düzgündür. Həya- tın ruhdan (yəqin ki, istəkdən, arzudan, həyat uğrunda mübarizədən…) və əməkdən ibarət olması qənaəti. Axı elə insanın özünü əmək və düşüncə ya- radıb. İnsan şüurun və zəhmətin bəhrəsidir.
Qalır yaddaşın iztirabları. Bu iztirablar isə tükənməzdir və Yaddaş Sahi- binin fiziki ömründən sonra onun mənəvi ömründə davam edəcək:
(Dönə bilsəydim o çağa, Sirdaş olsaydım o bağa – Qışla yazın arasında
Tənəkləri bağlamağa!)
Nədənsə, müəllif yaddaş ağrılarının bəhrəsi olan bu misraları mötərizə- yə alıb. Amma elə bilirəm ki, heç bir mötərizəyə lüzum yoxdur. İnsana xas olan xüsusiyyətdir yaşadığı çağlara qayıtmaq istəyi. Əlbəttə, bu, mənəvi is- təkdir.
…Dəfələrlə qeyd etdiyim kimi, H.İsaxanlının yaradıcılığındakı təbiilik və bu təbiiliyin təbiətlə qohumluğu onun özünün təbiətindən irəli gəlir.
Onun ruhunda təbiilik sanki meyardır, ölçüdür. Və düşüncələrimizə qol-qa- nad verən misralarından da gördüyümüz kimi, onun mənəvi aləmi təbiətdən gələn saflıq üzərində pərvəriş tapdığı üçün özünü də təbiətə borclu bilir. Gö- zəgörünməz tellərlə bir vaxt qucağında əlləri göyərən uşağın təbiətini yaza- yaza təbiətə borcunu qaytarmağa çalışıb.
Hamletin şeirlərini oxuduqca adam qışla yazın arasında daha gözüaçıq olur. Sanki qışla yazın arasında titrəyən gül ləçəklərinə də qayğı göstərmək, küləyin qabağında titrəyən çiçəklərə bir daldalıq qurmaq istəyirsən. Və hə- min andaca, bəlkə də, heç yada düşmür müəllifin tərənnüm elədiyi, taleyini yazdığı uşağın küləyin qabağındakı titrəyişləri. Amma hər halda bu, ədəbiy- yatdan gəlir. Bizim mənəvi aləmimizin harmoniyasını təmin edən, ahəngini qoruyan ədəbiyyatdan. Çox yerinə düşdüyü üçün Əhməd Ağaoğlunun fikri- nin davamını düşüncələrimizə qol-qanad verən düşüncələrinin məntiqi ye- kununu da yada salıram:
“Almaniyadan keçərkən şam ağacı ormanlarının çoxluğuna, təmizliyi- nə, ağaclara qarşı kiçik çocuqlar tərəfindən belə göstərilən bağlılığa şaşırdım. Yanımdakı alman “Əfəndim, bu duyğuları bizə şair Goethe (1749-1832 – alman şairi və dramaturqu) aşılamışdır, – dedi. Görür- sünüz, ədəbiyyat ağacından insanına qədər hər şeyi bir-birinə sevdirir, bağlayır. Gözəlliklərini kəşf etdirir, aralarında böyük və dərin bağ meydana gətirir. Bizim ədəbiyyatımız bu qüdrətdən məhrumdur. Ne- dimin (Nedim, (1681-1730 – Türkiyənin məşhur divan şairi) Kağıtxa- na və ya Göksü haqqında yazmış olduğu bir neçə beyt, hələ də oralara gedənlərdə, o yerlərə qarşı özəl bir duyğu oyandırmırmı?”1
Necə də bizim Hamletin poetik duyğulanmalarının məntiqi nəticəsi ilə səsləşir. Ədəbiyyat həyatın özü ilə nə qədər bağlıdırsa, bir o qədər zaman qarşısında güclüdür.
…Hamletin lirik qəhrəmanının mehrabı təbiətdir. Əzilməmiş, tapdanma- mış çöl-çəməndir. Onun lirik yaradıcılığı sanki çiçəklər qarşısında təzimdir.
Ədəbiyyat:
Əhməd Ağaoğlu. “Üç mədəniyyət”. Mütərcim. Bakı, 2006, s.110.
Əhməd Ağaoğlu. “Üç mədəniyyət”. Mütərcim. Bakı, 2006, s.111.
Əhməd Ağaoğlu. “Üç mədəniyyət”. Mütərcim. Bakı, 2006, s.112.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.