Əli Rza Xələfli
Ədəbiyyatımızda, xüsusilə, poeziyamızda, bəlkə də, dövrün tələbindən kütləvi informasiya vasitələrinin elektron variantının təsir gücündən irəli gə- lən bir hal müşahidə olunur. Ədəbiyyatın janrlarında, eləcə də poetik janrlar- da fikrin daha obrazlı və daha yığcam essevari üslubda ifadəsi daha üstün- dür. Doğrudur, bu halı müşahidə edən professor Şirindil Alışanlı məsələyə bir qədər başqa yöndən yanaşır:
“Bizcə, son vaxtlar epik poemaların az yazılması və ya zəif çıxması bir də gerçəkliyin poetik inikasında romantikanın, romantik fəlsəfi ümumiləşdirmənin zəifliyindən doğur”.
Fikrimizcə, məsələnin əsl mahiyyəti daha çox ümumdünya poetik ənə- nələrinin Azərbaycan poetik ənənələri ilə qovuşması ilə bağlıdır. Başqa söz- lə, indi mənzum romanlar dövrü sanki qurtarıb. İndi düşüncə poeziyası daha çox hakimdir. O da doğrudur ki, professorun qeyd etdiyi kimi
“Poema janrının imkanları müqabilində ictimai ideallarımızı, müasir- lərimizin ailə-məişət münasibətlərini elmi-texniki tərəqqi və müasir insan səciyyələrini fəlsəfi-romantik üslubda, böyük nikbinlik və eh- tirasla, sevərəkdən, bütün kəskinliyi ilə tərənnüm və təsvir etməyə ciddi ehtiyac duyulur. Ədəbiyyatımızda poema janrının yeni mər- hələsini yaratmış Səməd Vurğun ədəbiyyatın gələcək vəzifələrindən danışarkən müasir insanın mənəvi böyüklüyünü, qəhrəmanlıq və zəh- mət dünyasının pafosunu poeziyada vermək üçün “xəyala sığmayan” həyat hadisələrini yeni, gələcək gerçəkliyin, Qorkinin sözlərilə desək, “üçüncü gerçəkliyin” real əlamətləri kimi tərənnüm və təsvir etməyi poeziyanın müqəddəs vəzifəsi hesab edirdi”.
Son dövrlərdə yaranmış poetik örnəklər sırasında, xüsusilə, özündə güclü poetik axar daşıyan və düşüncələr sistemi yaradan əsərlər sırasında Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” və “Peyğəmbər” poemalarını, Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” əsərini yada salmaq olar. Doğru- dur, bu əsərlərdə S.Vurğunun tələb elədiyi müqəddəs vəzifələr yerinə yeti- rilsə də, böyük sənətkarın özünün yaratdığı poema dəst-xətti bir qədər fərqli şəkildə özünü göstərir. Zənnimizcə, bu gün poema janrı özünün yeni mərhə- ləsini yaşayır. Və bu mərhələnin ən yaxşı nümunələrindən biri də elə H.İsaxanlının “Ziyarət” poemasıdır. Çünki bu əsərdə obrazların mənəvi alə- minin psixoloji gerçəklikləri əsas götürülür. Əsərdə janrın imkanı daxilində “xəyala sığmayan həyat hadisələrinin yeni, gələcək gerçəkliyi”ndən çox, bu günün gerçəkliyindən və bu günün üzərində qurula biləcək gerçəklikdən söhbət açılır.
Bizim fikrimizcə, əlbəttə, mənim mənsub olduğum ədəbi kriteriyaların qoruyucusu olan və eyni zamanda daşıyıcısı olan müəlliflərin, sənətkarların zənninə görə, poeziya təkcə sənət nümunəsi olaraq sonuncu və kamil obraz deyil. Bundan sonra da daha yeni poetik obrazlar tapıla bilər. Amma hər hal- da, indiki ana qədər biz onu qeyd etməliyik ki, poetik harmoniya müəllifin özünün mənəvi aləmi ilə daha çox bağlıdır. Bu mənada, H.İsaxanlının yarat- dığı poetik örnəklər və xüsusilə, “Ziyarət” poeması daxili-mənəvi mühitin- dən gələn təlatümlərlə bağlıdır. Yerin təkindən gələn, bir-birinin əksi olan dalğalar toqquşur və birinci növbədə vulkanlar yaranır, püskürmələr meyda- na çıxır. Əgər bununla yerin nəfəsi soyumursa, onda daha dəhşətli titrəmələr yaranır. Buna zəlzələlər deyirik. Ədəbiyyatda da belədir. Şair ətrafına so- yuqqanlılıqla baxır. Ayrı-ayrı nadir mənzərələri tutur, şeirə gətirir. Qəlbinin hisslərini, həyəcanlarını ifadə eləməyə çalışır. Və bu zaman nadir şeiriyyət inciləri yaranır. Dəxli yoxdur, bu incilər öz hisslərinə və həyəcanlarına görə nə dərəcədə təlatümlüdür? Əsas məsələ odur ki, insanın hisslərinə və duyğu- larına nə dərəcədə təsir göstərə bilir?
Şair “Ziyarət” poemasında daha çox obrazlarının daxili aləminin qapısı- nı açır. Bütün gücünü və istedadını qapının içəri üzündəki görünənlərin əks etdirilməsinə yönəldir. Əslində, elə professor Ş.Alışanlı da təqribən on beş il bundan əvvəlki mənzərədə elə bunları görmək istəyirdi:
“Poemalarımızın son illərdəki mənzərəsi bu janrda həyatın müasir baxımdan tipik olmayan əhvalatlarının, müasirlərimizin mənəvi alə- minin psixoloji təhlili əvəzinə ritorik tərənnümün, zahiri təsvirlərin geniş yayıldığını aydın göstərir. Poemanın janr kimi tutumu genişdir, lakin janrın hüdudları, mütəhərrikliyi baxımından ümumi şəraitin, hə- yat hadisəsinin real təsəvvürünü yaradan poetik detallar seçilməli, ob- razlar silsiləsi məzmunun dolğun çıxmasını təmin etməlidir. Səciyyəvi detalların güclü bədii ümumiləşdirilməsi müəllifi mövzunun zahiri əlamətlərinin təsvirindən qaçmağa, öz qəhərmanının maraq və düşün- cəsinin dərinliyinə enməyə imkan yaradır”.
Janrın imkan verdiyi şəraitdə H.İsaxanlı obrazlarının “maraq və düşün- cəsini” “Ziyarət” poemasında özünəməxsus bir forma və üslubda verə bilir. Əsərin yeni “könül səsi” adlanan hissəsində adından da göründüyü kimi, Yaddaş Sahibinin qarşılaşdığı insanın könül səsini eşidə bilir. Bu adam kimdir? Suala cavab verməzdən əvvəl qeyd edək ki, yenə də H.İsaxanlı öz üslubuna sadiq qalaraq könül səsini dinlədiyi adamın “insanı insanlıqdan çıxaran” əlamət və keyfiyyətlərindən danışmır, sadəcə, onu olduğu kimi təqdim edir:
Oxumaq, yazmaq bilməyən, Şan-şöhrət üçün ölməyən, Ağbirçəyə, ağsaqqala Ehtiramla baş endirək.
Dalğın baxan, yorğun gülən, Üz-gözündən nur tökülən Kövrək qəlbləri dindirək. Hal-əhval tutaq, onları – Sevgimizlə isindirək.
Burada könül səsi dinlənilən adam kimdir – sualının cavabı var. Bu ca- vabı müəllifin üç-dörd kəlməsi açıqlayır. Məlum olur ki, o, oxumaq-yazmaq bilməyən, şan-şöhrət üçün özündən getməyən ağsaqqaldan, ağbirçəkdən bi- ridir. Onların mənəvi saflığı, təmizliyi, qərəzsizliyi, kinsizliyi elə gözlərindən görünür, davranışlarından, danışıqlarından hiss edilir. Onlar kövrək adamlardılar, onların bir xoş münasibətə ehtiyacları var. Kim onların halını, əhvalını soruşsa, dərdini bilsə, ürək qapılarını da onların üzünə açar.
Yeri gəlmişkən, burada H.İsaxanlının “Ziyarət” poemasının quruluşu haqqında da bir-iki kəlmə demək olar. Əsər ayrı-ayrı lirik-epik lövhələr kimi yazılıb. Hər bir hadisə, görüş, hər bir obraz özü lövhə yaradır, daxili aləmini açır, nə istədiyini, nəyi görmək istədiyini biz obrazların dilindən eşidirik. Dövran hansı küləyi onların üstündən əsdirib? Onlara qarşı hansı haqsızlıq olub? Qəddarlığın mahiyyəti, humanizmin, insanpərvərliyin dəyəri bu adam- ların danışığında, düşüncəsində görünür, özü də çox təbii, könüllü, təmənna- sızlıq şəraitində. Onların ən böyük ehtiyacı sevgiyədir. Dünya onlar üçün heç nədir. Təki Yaddaş Sahibi sevgisini onlardan əsirgəməsin. Hər bir müs- təqil parça özündən əvvəlkinin davamı kimi səslənir və hər biri ayrılıqda nə qədər bitkin olsa da, bütöv zəncirin qırılmaz halqalarıdır. Yaddaş Sahibi də bunu bilir və onu da bilir ki, heç bu sadə adamlara və onların simasında yurda göydən ulduz gətirməyib. Amma əvəzində ürəyinin istisini, hərarətini gətirib. İndi könül səsini dinləmək olar:
Biri deyir: kimə gərək
Rəhm, şəfqət, açıq ürək?
Sentimental bu ax-uflar
Son vaxt yaman çoxalıblar.
Bu şairlər, filosoflar
Xalqın evini yıxıblar.
* * *
Şair yaradıcılığı boyu əsərlərini həyatdan aldığı təəssüratların təsiri
altında yaradır. Və demək, ayrı-ayrı əsərlər müxtəlif ovqatlarda yazıldığı ki- mi ayrı-ayrı poetik emosiya yükü daşıyır. Bu emosional əhval, son nəticədə birləşərək şairin mənəvi aləmini göstərir, son nəticədə bu şairin üslubuna, dəsti-xəttinə çevrilir. Məsələn, Səməd Vurğunun yaradıcılığına məxsus olan hər hansı bir əsəri onun emosiyasından tanıya bilirik. Müəllif sanki öz obra- zını əsərin ruhu ilə təqdim edir. Xüsusi emosional duyğu ilə müəllifini təq- dim edən yaradıcılıq nümunələri sırasında Zəlimxan Yaqubun poeziyasını da qeyd etmək olar. Müəllifin poetik emosiyası – Belinskinin təbirincə – poetik pafos yaradıcılığın ideyasının oxucuya çatdırılmasına xidmət edir:
“Böyük şairin yaratdığı əsərlər nə qədər çox və nə qədər müxtəlif olsa da, onların hər birinin öz həyatı, buna görə də öz pafosu vardır. Bu- nunla bərabər, şairin bütün yaradıcılıq aləmi, onun bütün poetik fəa- liyyəti də vahid bir pafosa malikdir ki, ayrı-ayrı əsərlərdəki pafosun bu vahid pafosa münasibəti hissənin tama olan münasibətidir, əsas ideyanın bir rəngi, onun başqa bir şəklidir, onun saysız-hesabsız c- əhətlərindən biridir … ”
“Hissənin tama münasibəti…” başqa sözlə, ayrı-ayrı poetik parçaların bütöv əsərdə yerini görmək, H.İsaxanlının “Ziyarət” poemasında hər hansı bir hissənin əsərin ümumi mənzərəsində yerini görmək… Zənnimcə, Belin- skinin düsturu bunu, bu mahiyyəti aşkarlayır. İndi qayıtmaq olar sözə yox, sözçülüyə önəm verənlərə müəllif münasibətinə. Bu münasibəti H.İsaxanlı obrazın dilindən verir, özü də çox sadə, anlaşıqlı, dəqiq aydın bir dillə:
Qara qələm ağ kağızdı.
Ağız dedi, əl də yazdı
Nə qədər boş söz qoşublar… Qaydasız oyundur həyat, Yaxşı oyna, arzuna çat.
İndi də belə zamandır, Bacarana baş qurbandır.
Onsuz da müəllif öz obrazlarını tipikləşdirərkən, onların dəqiq və aydın cizgilərini çatdırmaq üçün canlı danışığın koloritindən məharətlə istifadə edir. Atalar sözü və məsəllərdən yerindəcə yararlana bilir. Obrazın dilindən kinayə, istehza o qədər səmimidir ki, sanki biz də həmin söhbətin şahidi olu- ruq, bu sözləri deyən adamın öz dilindən eşidirik. Həyatın qaydasız oyuna bənzədilməsi və belə oyunda dırnaqarası fərasətin təqdir olunması… və nə- hayət, bu sifətlərlə bizim gördüyümüz, özümüzün şahidi olduğumuz zama- nın təbiəti göstərilir. Bu fikirə müəllif obrazın dilindən işlətdiyi “bacarana baş qurbandır” məsəli ilə yekun vurur. Onun ironiyası, kinayəsi indiki zamanın təbiətinə uyğun olaraq M.Ə.Sabir kinayəsinin törəməsidir. Acı kinayə gülüş içərisində ürək yanğısı… bütün bunlar H.İsaxanlının yaradıcılığına xas olan keyfiyyətdir. Demək, onun tənəsi göydəndüşmə deyil. Müəyyən ənənə- dən qidalanma ilə yaranıb. Müəyyən ənənənin yeni forma kəsb etməsi, döv- rün başa düşəcəyi dildə bu ənənəyə yeni ruh, can verilməsi göstərir ki, H.İsaxanlı qapalı bir dairədə fikir yürütmür. Onun düşüncələrində kinayə obyekti bu gün olsa da, bütöv əsrin süzgəcindən keçmiş olur. Yaddaş Sahi- binin önündə dayanan, ona ürək sözlərini deyən adam sözünə davam edir:
Dövlətdən şikayət etmə,
Xoşun gəlmir – yaxın getmə. Kim ki, dövlət işindədir,
Şərqdə, Qərbdə, ya Cindədir Hansı irqdə, ya dindədir? Fərqi yoxdur, qarnı toxdur – O, səltənət içindədir
İndi dəb düşüb avtobus gecikəndə də, çörək keyfiyyətsiz bişiriləndə də az qala dövlət qınaq obyektinə çevrilir. Yaddaş Sahibinin müsahibi bu fikir- lərlə də razı deyil və gileyli olanların çoxunda hakimiyyət ehtirası, vəzifə düşkünlüyü, kürsüyə can atma meyli də hiss olunur. Əslində, müsahibin ay- dın düşüncəsi var. O, belə ucuz gileylərin arxasında nəyin dayandığını yaxşı bilir. Elə ona görə də ilk baxışdan ibtidai təsir bağışlayan düşüncəsi ilə öz qə- naətini bütün kəskinliyi ilə bildirməkdən çəkirnmir. Axı dövlətdən nə üçün gileylənməlisən, axı hər bir insanın özünün də üzərinə düşən vəzifə var. Döv- lət işində olan adamın bir ayağı burda, bir ayağı Çində ola bilər. Beləsinin di- ni, irqi yox, işi səni maraqlandırmalıdır. Özü də ki, heç xoşum gəlmir, yaxı- na getmə, amma unutma ki, onun dolanışığı ilə səninki bir deyil. Bu sadə, bir qədər də bəsit görünən düşüncənin özündə də kinayə çalarları az deyil. Buradaca Yaddaş Sahibi özü müsahibinin danışdıqlarına müdaxilə edir və müdaxiləsi ilə bu günün insanının mənzərəsini yaradır. O mənzərəni ki, çox vaxt gözlə görmək mümkün deyil, onu yalnız bəsirət gözü ilə görmək olar. Yalnız özünə qapanan quru rəsmilər cəmiyyətlə özləri arasında yeganə əlaqə ola biləcək səmimiyyət körpüsündən imtina edirlər. H.İsaxanlı bu səmimiy- yəti könül səsi, sevgi dili kimi anlayır. Və əsas dərdi belə göstərir:
İnsan var ki, könül səsi Sevgi deyil, siyasətdir. Ehtirası, fəlsəfəsi
Əmr, hökm, rəyasətdir.
Burada fikrin sadəliyi, seçilmiş ifadələrin məqsədəuyğunluğu, sözlə gü- nümüzün şəklinin verilməsi diqqəti cəlb edir. Sanki müəllif ayrı-ayrı ifadə- lərin mənaya tabe edilməsi üçün heç bir əziyyət çəkmir. Yazdığı kimi düşü- nür, çünki elə düşündüyü kimi yazır. Onun könül səsi sevgi yox, siyasət olan məqsədi iddia, hökm, rəyasət olan “insan” obrazının qarşısına Yaddaş Sahibi obrazını çıxarır. Yaddaş Sahibi isə nə qədər tarixi yük daşıyırsa, bir o qədər də bu günün adamıdır. Bu günün mənəvi mühitini də kifayət qədər yaxşı bilir. İndi insanların bir çoxunun vicdanı gərəksiz bir əşya kimi qəlbi- nin bir küncünə sıxışdırılması ilə yalanların ayaq açması, haqqın danılması və bu yolla müəyyən mənsəblərə, məqsədlərinə çatmağın mümkünlüyü… əs- lində ifşaedici mahiyyət daşıyır:
Yalan deyib haqqı danmaq, Haqqı danıb ad qazanmaq Acizlik, ya fərasətdir? (Suallar içində yanmaq
İnsanlarda bir adətdir).
Yaddaş Sahibinin sualına müəllif özü cavab verir. Onsuz da sual ritorik- dir, cavab istəmir. Emosiyadan, şeirin özünün təbiətinə uyğun pafosdan do- ğulur. Ancaq müəllif bu özü-özünə sual verməni insanların tarixi-mənəvi vərdişi kimi qəbul edir. Yəni sualsız da elə mətləb aydındır. Yaddaş Sahibi- nin mənəvi aləminin hakimi olan vicdan dilə gəlir. Bəlaların kökünü, ən də- rin mənəvi qatlardakı qaynaqlarını açıqlayır:
Günaha batmışıq biz də,
Elə bizim sayəmizdə
Çoxu “dahi”, “bir dənədir”… Demə ki, bu zəmanədir.
Demək, Yaddaş Sahibinin timsalında bizim hər birimiz günahkarıq. Çünki biz də boğazdan yuxarı təriflərin, şişirtmələrin sayəsində “hiperbola- lar” yaratmışıq. Yalançı “dahi”ləri, “bir dənə”ləri zəmanə yox, elə onların öz müasirləri yaradıb. Və bununla da cəmiyyətin mənəvi təkamülünün qarşı- sına sipər çəkilib. Belələri özlərinin əvəzsizliyi haqqında düşünür, sahib ol- duğu “kreslodan” dördəlli yapışıb. Həyatda baş verən hadisələrə özünün münasibətini daha üstün, daha doğru və daha dəqiq hesab edir. Şairin təəs- süfü və özü də çox acı təəssüfü bir məqama daha qabarıq işıq salır. Yalançı- ların, riyakarların könül səsi sevgi yox, rəyasət olanların arasında əyrinin, ya düzün fərqi yoxdur. Onsuz da mənəvi harmoniyanın pozulduğu mühitdə, əyri də əyilir, düz də. Və bu mahiyyət şairin mənəvi mühitində belə əks-səda verir:
Demə dünya dəyişmişdir. Nədən adət olub bizdə Əyilir əyri də, düz də? Aman, Allah, bu nə işdir, Məxluqat nə etməlidir? Min şükür ki, hər yaranan Bir gün ölüb getməlidir…
Demək, durğunluğun təmsilçisi olanlar, mənəvi mühitin təkamülünə bu- xov olanlar əgər əbədi yaşasaydılar, onda həyatdakı inkişafdan danışmaq mənasız olardı. Bir çıxış yolu da budur ki, belələri fiziki, cismani ömürlərini başa vurub dünyadan köçür və demək mənəvi inkişafın buxovları da qırılır. Bu inkarın məntiqidir.
“Biz öz mühakimələrimizdə təsdiqləyərək inkar edirik, inkar edə-edə təsdiqləyirik: yəni ki, nəyinsə inkarı başqa bir şeyin təsdiqidir və ək- sinə. Birini təsdiqləyəndə, o birini inkar edirik. Lakin mifə möcüzənin məntiqi nəyinsə inkar edə-edə ona qarşı duran ayrı bir nəsəni də inkar edə bilər; yaxud bir şeyi təsdiqləyəndə ona əks olan başqa bir şeyi də təsdiqləyər. Bu, o deməkdir ki, möcüzə məntiqində gümanları qarşı- laşdırmaq məcburiyyəti yoxdur, yəni mif “kontrimplikasiya” (əksliklə- rin bir-birinə bağlanması, qarşılıqlı şəkildə bir-birinin içinə hopması) deyilən bir nəsnəni inkar edir”.
Ziddiyyətlərin, qarşılaşmaların, kəskinliyinə baxmayaraq burada da Yaddaş Sahibinin təmsil elədiyi mənəvi mühitlə onun inkar elədiyi mənəvi mühitin bir-birinə qovuşması, hətta bəzən onların ayrıla bilməməsi hallarını da sezə bilirik. Elə bu xaousun, bu qarışmanın mürəkkəbliyinə cavab olaraq Yaddaş Sahibi insanın imkan məhdudluğuna sevinir. Ən azı ona görə ki:
Nə yaxşı ki, kainata
Tor qurub, kəmənd atmadıq. Nə yaxşı ki, yeri, göyü
Biz qurub, biz yaratmadıq.
Axır ki, bütün bu mərəkkəbliklərin arasından bir çıxış yolu, bir işıq görünür. Ən böyük həqiqət yenə sözdədir. Baxmayaraq ki, sözü də ucuzlaşdı- ranlar, sözün də evini yıxanlar az deyil, elə xalqın evini yıxanları Yaddaş Sahibinin müsahibi sözün evini yıxanlar hesab edir. Və çox doğru qənaətdə- dir. Yaddaş Sahibinin müəllifin öz obrazı ilə qovuşmuş təbiəti bu misralarda daha yaxşı görünür:
Qaçmışam mənsəb cəngindən,
Mən də başqa cür dəliyəm.
Tutmuşam söz ahəngindən,
Düzə doğru deməliyəm.
Biz onun mənəvi saflığına inanırıq, onun kredosu aydındır. Bu kredo düzə doğru deməkdir. Orası da doğrudur ki, düzə doğru demək, sözlə asan başa gəlsə də, bəzən insanın özünün həyatı ilə əvəz-əvəz olur. Mənəvi kor- luğun hakim olduğu mühitdə sözün ahəngindən yapışmaq, necə deyərlər, müəllifin öz dili ilə desək “bir cür dəli” olmaq o qədər də asan deyil. Hər halda bütün çətinliklərə baxmayaraq, həqiqi sözün ahəngindəki işıq, çırağı- nın işığı öləziməkdə olan yurdlara nur gətirir. Qocalıb əldən düşmüş, dizinin kirdarı getmiş, ruhu həyatla ölüm arasında çarpışan Yurd bu nurdan güc alır. Yurd inanır ki, Yaddaş Sahibinin timsalında itirdiklərini qaytara biləcək, da- ha doğrusu, ondan qopub ayrılmış zərrələr öz tamına qovuşmaq üçün yeni- dən onun cazibəsinə qayıdacaq. Yaddaş Sahibi də sevinir. Onun da itirdik- ləri mənəvi varlığına qayıtmaqdadır, çünki onun könül səsi sevgi dili ilə da- nışır. Bu dilin gücü, qüdrəti, “təmiz ələ, xoş əmələ” güvənməkdədir. Onu qoruyan, onu ömrün dolanbaclarından keçirən həyatın çıxılmazlıqlarında ona yol göstərən də bu keyfiyyətlərdir:
Yorularmış insan bəzən, Süni, yapma təbiətdən… Təmiz ələ, xoş əmələ,
Saf insana vuruldum mən, Uzaq durdum bədheybətdən.
Yaddaş Sahibi özündə güc görür, çünki o, bədheybətdən, nadandan uzaq- dır. Sözü ilə, əməli ilə, ona qarşı vuruşur. Onun mənəvi arenasında – təmsil elədiyi böyük Azərbaycanda tarixi yaddaş oyanıb. Və bu oyanış Ümummilli Lider Heydər Əliyevin himayədarlığı və öndərliyi ilə müşayiət olunur. Bu oyanış “öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji məqsədlər üçün səfərbər edir”, bu səfərbərliyin mənəvi qaynaqlarını Yaddaş Sahibi belə görür:
“Yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən qayğı və diqqət bütün Azər- baycan miqyasında özünü tanıma, özünüdərk və özünəqayıdış proses- lərini hərəkətə gətirdi. Əvvəlki onilliklər üçün yasaq olan “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan” “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları respublikada yaranmış münbit zəmindən nəşət ta- paraq, elmi toplantılarda, ədəbi-mədəni yığıncaqlarda, kitablarda, mət- buatda, radio-televiziya verlişlərində boy göstərdi. Mənəvi yaddaşın və Milli özümlülüyün bərpası İçərişəhər, Şuşa, Ordubad, Gəncə me- marlıq komplekslərinin Milli qoruq elan edilməsindən, qədim xal- çaların muzey-qoruğa (“Xalça muzeyi”nə) cəmləşdirilməsindən sazı- sözü, muğam sənətini, xalq mahnıları və rəqs-oyun mədəniyyətimizi himayə edən rəsmi qurumların Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Pəri Məclisi”, “İrs”, “Atəşgah”, “Gülüstan”, “Yallı” və s. kimi məşhur xalq kollektivləri, “Muğam teatrı”, “Dastan teatrı”, “Ozan Aşıq Muzeyi” yaradılmasından, kütləvi folklor nəşrlərindən, folklorun geniş miqyas- da təbliğindən (folklor festivalları və jurnallarda folklor səhifələri) başladı və az sonra öz uğurlu nəticələrini göstərdi.
Bu sadalanan adların arxasında dayanan mahiyyət yaddaşın qaynağıdır, güc mənbəyidir. Əslində itirdiklərimizin hamısı bu gücə tapınmamağımızla bağlıdır. Əgər söhbət Borçalıdan gedirsə, bu yerlər tarixi etnoqrafik baxım- dan zəngin bir xəzinədir, açar isə yuxarıda sadalanan adlarla, ünvanlarla bağlıdır. Borçalıda da mənəvi hakimiyyəti yalnız bu yolla, bu güclə qoruyub saxlamaq olar. Elə ona görə də, Yaddaş Sahibi bu gücü “Ziyarət” üçün gəl- diyi yurdda da görmək istəyir. Bu yurd faciəli bir yol keçib, vətəndən qıraq- da qalıb. Buna baxmayaraq, onun gözəllikləri, zəngin təbiəti Yaddaş Sahibi- nin tarixi yaddaşa qayıdışı üçün əsas qapıdır. İlham qaynağıdır, gözəlliklərin gözəlliyinə uyğun tərənnüm, təbiətə sevgili münasibəti Yaddaş Sahibinin könül səsi, özü də bir nəğmə əhvalı gətirən, duyğulara sərinlik gətirən bir külək səsidir.
Nə əmr istər, nə də fərman,
Əsər külək canü-dildən,
Xəbər verər hər mənzildən.
Zəhmi ağır dik qayalar…
Durna keçər, qanad salar.
Möcüzədir vəhşi orman,
Ot üstə şeh, dağda duman.
Günəş gülər, bulud ağlar,
Yerdə, göydə min sevda var.
Müəllifin çox böyük səmimiyyətlə qələmə aldığı ecazkar təbiət ruhu etibarı ilə həm də ona iztirab verir. Onun ağrısını çəkir. Bu yerdə, göydə, min sevda olan yerlərdə Günəş gülüb, bulud ağlasa da onun könül havası çox qəmgindir. Amma o həyatın axarını dəyişmək, birdən-birə tarixin çarxı- nı çevirmək gücündə deyil. Onun məqsədi insanlara bu sevgili təbiətin kimə məxsus olduğunu, kimin olduğunu anlatmaqdır. İnsan sahibliyini biləndə, nəyin ona məxsus olduğunu biləndə güclü olur, çünki ədalətli olduğunu dərk edir. Amma Yaddaş Sahibi unutmur ki, hər bir insan özünün mənəvi gücünə uyğun, kriteriyalarına uyğun, öz ölçülərinə uyğun haqqını görə bilir. Yalnız bu yolla nəyə sahib olduğunu dərk edən insan öz eşqinin rübabını sevgi ilə çalar, könül səsini ruhunun dərinliklərindən gətirər:
Ay, yer, günəş, insan – nə var Seçər hərə öz babını.
Seçib başına dolanar, Çalar eşqin rübabını.
Misralar, səmimiyyəti, yığcamlığı, aydınlığı ilə diqqəti cəlb etdiyi kimi mənası tutumu ilə də bir bayatı əhvalı gətirir. Onsuz da bayatı əhvalı H.İsa- xanlının ruhunda həmişə hakimdir. Xüsusilə “Ziyarət” poemasında bu əhval daha qabarıq duyulur. Şair üslubuna güvənərək səmimi, emosional duyğula- rına güvənərək oxucuya aşılamaq istədiyi məqsədi cəsarətlə axıracan diktə edir. Yaddaş Sahibinin yaşı hərdən özünü göstərsə də, onun mənəvi güc və mənəvi saflıq tərəfləri onun ruhunun keşikçisi, mühafizidir. Ona görə də öz fikrini, düşüncəsini azad, yolunu açıq görür. Bu yolda aləmin seyrinə çıx- maq ən sirli sandıqları belə açmaq onun üçün çətin deyil:
Fikir azad, yollar açıq, Gəl, aləmin seyrinə çıx. Qarşımızda sirli sandıq, Onu açmaq istəməsək, Bəs onda niyə yarandıq?!
Yaddaş Sahibinin obrazı ilə qovuşmuş müəllifin “mən”i sonuncu mis- ralarda sankı həyatın mənası haqqında danışır. Şüurlu yaranmışın, düşüncə sahibinin həyatının mənası insanlara həqiqəti demək, örtülü olanları açmaq- dan ibarətdir. İnsanın həyatının mənası yalnız bu zaman zəngin olar, yalnız bu zənginliyin sahibi ömründə məna görər, səadət görər.
Ədəbiyyat:
Şirindil Alışanov. “Sözün poetik yaddaşı”. “Elm” nəşriyyatı.Bakı, 1994, s.174.
V.Q.Belinski “Rus ədəbiyyatı klassikləri” s. 97.
Y.E.Qolosovker. “Mifin məntiqi”. Kitab aləmi. Bakı , 2006, s. 47.
Məhərrəm Qasımlı “Heydər Əliyev və Azərbaycan folkloru”. Bax: “Heydər Əliyev və
Azərbaycan ədəbiyyatı”. Bakı, 2009, s. 73.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.