2024-cü il martın 6-da Xəzər Universitetində Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlilova, fakültə dekanları və departament müdirləri, qarşı tərəfdən isə Şahzadə Nourah bint Abdulrahman Universiteti, İmam Məhəmməd Universiteti, Umm Əl-Qura Universiteti, Mədinə İslam Universitetinin akademik heyəti iştirak ediblər.

Hər iki tərəf fəaliyyətləri barədə qısa məlumat verib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Xəzər Universiteti tərəfdən bu missiyanı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva icra edib.

Qarşılıqlı fikir mübadiləsi zamanı Səudiyyə Ərəbistanı Krallığı ilə elmi-tədqiqat sahəsində mübadilə imkanları və digər əməkdaşlıqlar müzakirə edilib.

Bundan əlavə, Nanotexnologiya laboratoriyası, Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzi və Nailəxanım Mədəniyyət Mərkəzinə kampus turu həyata keçirilib.

Xəzər Universiteti adından qonaqlara hədiyyə təqdim olunub.

khazar.org