2024-cü il yanvarın 23-24-də Xəzər Universitetinin nümayəndələri Rusiya Federasiyasının Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) işgüzar səfərdə olublar. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının başçılıq etdiyi nümayəndə heyətinə universitetin Fizika və elektronika departamentinin müdiri Dr. Fəridə Tatardar və biotibbi, tibbi-kimyəvi sahə üzrə professor, universitetin tədqiqat qrupunun rəhbəri Südabə Davaran daxil idi.
Nümayəndə heyəti BNTİ -nin direktorluğu ilə görüşmüş, V. P. Celepov adına Nüvə problemləri laboratoriyasının üzvləri ilə keçirilən geniş seminarda iştirak edib.
İnstitutun direktorluğu ilə görüşdə tərəflər Azərbaycan və BNTİ arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində perspektivləri müzakirə ediblər. Qarşılıqlı əlaqələrin genişləndirilməsi sahəsində əsasən mühəndis, təbiət və informasiya elmləri, fizika, kimya, biologiya , nanotexnologiya və riyaziyyat elmləri nəzərdə tutulub.
Görüşdə BNTİ tərəfindən qurumun direktoru Qriqori Trublikov, direktor müavinləri Sergey Dmitriyev və Lçezar Kostov, baş elmi katib Sergey Nadelko, Nüvə problemləri laboratoriyasının direktoru Yevgeniy Yakuşev, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Otilia-Ana Kulikov, BNTİ – də Azərbaycan milli qrupunun rəhbəri, BNTİ-nin Nüvə Problemləri Laboratoriyasının baş elmi işçisi Nazim Hüseynov iştirak ediblər.
Nüvə problemləri laboratoriyasında keçirilən seminar səfərin əsas məqsədi idi. Nümayəndə heyətinin üzvləri Xəzər Universitetinin fəaliyyətinin əsas istiqamətləri və elmi tədqiqat işləri barədə iştirakçılara ətraflı məlumat veriblər. Qarşılıqlı fikir mübadiləsi prosesində universitetin dünya miqyasında elm və təhsil sahəsində beynəlxalq əlaqələrinin kifayət qədər genişləndirildiyi qeyd olunub. Müzakirə zamanı Xəzər Universiteti ilə qarşılıqlı əlaqə çərçivəsində Yaxın Şərqdə BNTİ ilə əlaqələrin möhkəmləndirilməsi məsələsi də gündəmə gəlib. Qərara alınıb ki, Xəzər Universitetində təhsil alan müxtəlif ölkələrin tələbələri BNTİ-nin təhsil proqramı əsasında təcrübə keçsinlər. Xəzər Universitetinin nümayəndələri də öz çıxışlarında BNTİ-nin alimlərinin tədris prosesinə cəlb olunmalarının bütövlükdə elmi nailiyyətlərə yiyələnməkdə əhəmiyyətli olacağını nəzərə çatdırıblar. Prof. Akad. Hamlet İsaxanlı xüsusilə vurğulayıb ki, əsas məqsəd Azərbaycan Respublikasının elm ocaqları ilə BNTİ arasında elmi əlaqələrin möhkəmləndirilməsidir. Qeyd edib ki,“Bizim üçün Birləşmiş institutun yeddi laboratoriyasında nümayiş olunan bütün sahələr önəmlidir. Bu gün biz kifayət qədər qarşılıqlı əlaqələr kontekstində konkret planları müzakirə etdik və bu prinsipə uyğun olaraq öz layihələrimizi birlikdə həyata keçirəcəyik.”
Yaxın gələcəkdə Birləşmiş institutun aparıcı alimləri ilə Bakı şəhərində konfrans və seminarların, eləcə də tələbələrlə görüşlərin keçiriləcəyi də ehtimal olunur.
Görüş çərçivəsində nümayəndələr elmi-tədqiqat işlərinin xırda detalları ilə, BNTİ-nin elm infrastrukturu ilə yaxından tanış olmaq, eləcə də institutun laboratoriyasında çalışan alimlərlə ünsiyyət qurmaq imkanı qazanıblar. Səfər zamanı qonaqlar Radiasiya biologiyası, Nüvə problemi, İnformasiya texnologiyaları və Nüvə reaksiyaları laboratoriyalarının fəaliyyət ilə də yaxından tanış olublar. Onlar BNTİ-nin Tədris-elm mərkəzində institutun fəaliyyətində mühüm rol oynayan mütəxəssis hazırlığı məsələsini müzakirə ediblər.
Xəzər Universiteti nümayəndələrinin Rusiyanın məşhur nüvə mərkəzinə işgüzar səfəri perspektivli nəticələrlə başa çatıb.