2023-cü il dekabrın 15-də Xəzər Universiteti “Dünya məktəbi”nin “İnciçiçəyi” Konfrans-Konsert Salonunda Xalq şairi Nigar Rəfibəylinin 110 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirildi.
Tədbiri gənc müğənni Fuad Dadaşov Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş “Ala gözlüm” mahnısı ilə açdı. Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı salonda toplanan tələbə və müəllimləri, Nigar Rəfibəylinin ailə üzvlərini, yazıçı və şairləri, elm adamlarını, mətbuat nümayəndələrini salamladı, Nigar Rəfibəylinin yaradıcılığından bəhs etdi. Hamlet İsaxanlı xüsusi vurğuladı ki, həyat yoldaşı, mərhum Nailəxanım İsayevanın ən böyük arzusu tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar haqqında portret kitablar buraxmaq idi. Nailəxanımın arzusu reallaşdırılaraq, artıq 10 kitab işıq üzü görüb. Onuncu kitab Nigar Rəfibəyliyə həsr edilib.
“Dünya məktəbi”nin Marketinq Departamenti tərəfindən nəfis şəkildə, zövqlə hazırlanmış kitab xüsusi çantalarda qonaqlara hədiyyə olundu.
Tədbirdə Xalq şairi Anar çıxış etdi. Çıxışında, həmçinin, Hamlet İsaxanlının görkəmli maarifçilər Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev kimi şəxsiyyətlərin gördüyü misilsiz işləri uğurla davam etdirdiyini xüsusi vurğuladı. Nigar Rəfibəylinin qızı Fidan və nəvəsi Günel kövrək xatirələrini dilə gətirdilər.
Tədbirdə Əməkdar elm xadimi, Prof. Qəzənfər Paşayev çıxış edərək, Nigar Rəfibəylinin həyat və yaradıcılığından geniş söz açdı.
Tədbirdən sonra qonaqlar Nailəxanım muzeyində görkəmli pedaqoqun həyat və fəaliyyətinə aid eksponatlarla tanış oldular.
Əməkdar elm xadimi, Prof. Qəzənfər Paşayev “525-ci qəzet”in 22 dekabr 2023-cü il tarixli sayında tədbir haqqında və Xalq şairi Nigar Rəfibəylinin yaradıcılığına aid geniş məqalə çap etdirmiş, məqalə qəzetin saytında yerləşdirilmişdir:
https://525.az/news/246821-bulaq-suyu-kimi-saf-ayna-kimi-lekesiz-qezenfer-pasayev-yazir