2023-cü il noyabrın 1-də Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə İraq Türkmən Dostluq Dərnəyinin başqanı Şemsettin Kuzeci, Süleymaniyə və Bağdad universitetlərinin professoru Ömer Mehmet Kazancı ilə tələbələrin görüşü keçirilib. Tədbiri departamentin müdiri Dos. Dilbər Zeynalova açaraq, İraq türkmənləri və Azərbaycan türklərinin tarixi kökləri barədə məlumat verib.
Şemsettin Kuzeci çıxışında İraq türkmənlərının siyasi-iqtisadi-mədəni durumu haqqında geniş bəhs edib. Mehmet Ömer Kazancı isə İraq Türkmən ədəbiyyatının və dilinin keçdiyi tarixi yol haqqında danışıb. AMEA Folklor İnstitutunun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil öz çıxışında tələbəlik illərində İraqdan gəlmiş Şakir Sabir Zabit ilə görüşündən söz açıb və belə canlı görüşlərin gənclər üçün önəmini vurğulayıb. Tələbələrin aktiv iştirakı tədbiri daha da maraqlı edib.
Görüşdə, həmçinin, Tiranadan ölkəmizə tədqiqat aparmaq üçün gəlmiş Albaniya – Azərbaycan Dostluq Dərnəyinin başqanı Entela Muço, ADPU-nun müəllimi Dr. Reyhan Rəsul, Dünya Türk Ocaqları Birliyinin rəhbəri Elmira Hüseynova, şair Alim Kəngərli, “Dünya” məktəbinin kitabxana müdiri Dr. Mədinə Karahanlı, Dillər və ədəbiyyatlar departamentinin müəllimləri Dos. Aynur Qəzənfərqızı, Dr. Ülvi Babasoy, Dr. Zəminə Ziyayeva iştirak ediblər.
Tədbirin sonunda Dos. Dilbər Zeynalova qonaqlara Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof. Akad. Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabını hədiyyə edib. Qonaqlar da öz növbələrində həm Dos. Dilbər Zeynalovaya, həm də tələbələrə öz kitablarını bağışlayıblar.