2023-cü il sentyabrın 19-da Çin Xalq Respublikasında 23-cü Çin Beynəlxalq Sənaye Sərgisi işə başlamışdır. Şanxay Elm və Texnologiya Universitetinin İnkişaf mərkəzi, Baoşan Elm və Texnologiya Komitəsi və Pan Şu Elm-Texnologiyalar Parkının təşkilatçılığı ilə keçirilən sərgidə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva iştirak edirlər.
Sərginin ilk günündə dövlət rəsmiləri və sərgi təşkilatçılarının iştirakı ilə açılış mərasimi keçirildi. Dövlət rəsmiləri sərgidə iştirak edən bütün universitetlərin pavilyonlarında olaraq, universitet nümayəndələri ilə görüşdülər.
Xəzər Universiteti adından Prof.Akad. Hamlet İsaxanlı sərgi iştirakçılarını salamlayaraq, onlara xoş arzularını çatdırdı.
Sərginin davamında Pan Şu Elm-Texnologiyalar Parkı ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumu imzalandı. Prof.Akad. Hamlet İsaxanlı yerli televiziya kanalına sərgi ilə bağlı və Çin universitetləri ilə qarşılıqlı əməkdaşlıq haqqında müsahibə verdi.
Günün ikinci yarısı sərgi işinə seçilmiş universitetlərin təqdimatları ilə davam etdi. Prof.Akad. Hamlet İsaxanlı sərgi iştirakçılarına Xəzər Universiteti haqqında geniş məlumat verərək, universitet nümayəndələrinin suallarını cavablandırdı.
Sərgi sentyabrın 25-dək davam edəcək.