Xəzər Universiteti Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il aprelin 21-22-də Xəzər Universitetində Azərbaycan 7-ci Beynəlxalq Psixologiya Konfransı təşkil edildi. Konfransın açılışı Xəzər Universitetinin rəqs ansamblı ilə başladı. Sonra Xəzər Multimedia Mərkəzinin hazırladığı və əvvəlki illərin konfranslarını əks etdirən videomaterial iştirakçılara nümayiş etdirildi.
Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova departament və Xəzər Psixoloji Xidmət Mərkəzinin bu tip seminar, təlim və konfranslarda aktiv yer aldığını qeyd edərək, konfransın açılışı üçün sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlıya verdi. O, bir ənənə halını alan konfransın işinə uğurlar diləyərək, psixologiyanın elm sahəsi kimi inkişafda olduğunu müsbət dəyərləndirdi. Universitetin rektoru dosent İradə Xəlilova bu kimi konfransların əhəmiyyətli olduğunu qeyd edərək, konfransa səmərəli iş arzuladı.
Psixologiya departamentinin koordinatoru Mələk Kərimova konfransa Türkiyədən dəvət edilmiş əsas spikerlər və digərləri haqqında məlumat verdi. Bildirdi ki, konfransa İstanbul Psixodrama İnstitutunun qurucusu psixodramatist Deniz Altınay və institutun əməkdaşı psixodramatist Esra Bilik, Bolu Abant İzzət Baysal Universitetinin psixologiya fakültəsinin dekanı prof. Hamit Coşkun, Davranış Bilimləri İnstitutunun rəhbəri Dr. Emre Konuk, həmçinin İtaliyanın Cagliari Universitetinin doktorantı Ülkər İsayeva, Amerikanın Hawai Universitetindən Xəzər Universitetinə fulbrayt müəllim kimi gələn Dr. Elnur Qacıyev və Sağlamlıq Elmləri İnstitutunun əməkdaşı Dr.Ömer Akgül dəvət edilmişdir.
Konfransda Dr. Elnur Qacıyev “Sənətin terapevtik gücü. Sənət terapiyasının tətbiqi qaydaları və şəxsi inkişafda rolu” haqqında iştirakçılara təlim keçdi. Ülkər İsayeva “Şizofreniyada sağalma mümkündürmü? Şizofreniya müalicəsində yeni elmi yanaşmalara baxış” mövzusu barəsində ən son yenilikləri iştirakçılara çatdırdı.
Konfransın ikinci gününün daha çox hissəsini praktiki tapşırıqlar əhatə edirdi. Psixodramatist Deniz Altınay “Psixodrama əsaslı qrup psixoterapiyası” barəsində iştirakçılarla bərabər praktiki təlim keçdi. Prof. Hamit Coşkun “Yaradıcılıq psixologiyası və beyin fırtınası: müasir yanaşma və strategiyaların şəxsi inkişafda əhəmiyyəti”, Dr. Ömer Akgül “Həyat sizdən nə gözləyir? Loqoterapiyanın əsasları və praktikada tətbiqi”, Esra Bilik “Neyro-psixodrama: psixodrama seansı zamanı beynimizdə nə baş verir?” mövzuları haqqında ətraflı müzakirələrə girməklə yanaşı, tətbiqi qaydalarını şərh etdilər.
Konfransda gələcək əməkdaşlıq məsələləri müzakirə edildi, iştirakçılara hədiyyə və sertifikat təqdim olundu.