2023-ci il yanvarın 17-də Xəzər Universiteti Elmi şurasının növbəti iclası keçirildi. İclası universitetin rektoru dosent İradə Xəlilova açaraq, gündəlikdəki məsələləri elmi şura üzvlərinin nəzərinə çatdırdı.
Gündəliyin birinci məsələsi Xəzər Universitetinin akkreditasiyasına hazırlıq ilə bağlı oldu. Rektor İradə Xəlilova çıxış edərək, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarında edilmiş dəyişikliklər barədə Şura üzvlərini məlumatlandırdı. Sədr bildirdi ki, akkreditasiya ilə bağlı sənədlər bütün Şura üzvlərinə göndərilib.
Sonra Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev təhsil müəssisələrinin akkreditasiyası qaydalarında mövcud olan istiqamətlər, onların meyarları və indikatorları haqqında geniş məlumat verdi. Məhəmməd Nuriyev bildirdi ki, akkreditasiya sənədlərinin hazırlanmasına bütün fakültələr, departamentlər və ştatda işləyən əməkdaşlar cəlb olunublar. Əlavə olaraq onu da qeyd etdi ki, bütün bu sənədlərin hazırlanması mart ayının ilk həftəsinə qədər tamamlanmalıdır.
Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova qeyd etdi ki, akkreditasiya ilə bağlı əksər məlumatlar departament tərəfindən təmin olunmalıdır. Akkreditasiya sənədlərinin hazırlanması ilə bağlı departament rəhbərlərinin sualları rektor İradə Xəlilova, prorektorlar Məhəmməd Nuriyev və Vlad Alex Vernygora tərəfindən cavablandırıldıqdan sonra gündəliyin ikinci məsələsi müzakirə edildi.
Gündəliyin ikinci məsələsində Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin dissertantı Cəmilə Rəhim qızı Ağamalıyevanın 5714.01 – “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İngilis və Azərbaycan dillərində ellipsislərin praqmatik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin 27 dekabr 2022-ci ildə keçirilmiş ilkin müzakirəsinin protokolu elmi katib tərəfindən şura üzvlərinin nəzərinə çatdırıldı.
Elmi şuranın gündəliyindəki hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul edildi.
Cari məsələlər qismində rektor İradə Xəlilova bildirdi ki, 2023-cü ilin mart ayında Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının 75 illik yubileyi qeyd olunacaq. Bununla bağlı Xəzər Universitetində bir sıra tədbirlər keçiriləcək.