2022-ci il yanvarın 12-də Bakı Kitab Mərkəzində Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin 150 illiyinə (1872 – 1937) həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ö.F.Nemanzadənin ailə üzvləri, görkəmli elm və mədəniyyət xadimləri, ziyalılar iştirak ediblər.
Xalq yazıçısı Anar, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış edərək, Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığından, şəxsi keyfiyyətlərindən, geniş maarifləndirici və publisistik fəaliyyətindən danışmış, görkəmli ədibin ictimai-siyasi baxışlarını diqqətə çatdırıblar.
Qeyd ediblər ki, 1937-ci ilin repressiya qurbanı olmuş maarifçi həmişə təqiblərə məruz qalmış, amma ömrünün sonuna kimi öz ideyalarından üz döndərməmişdir.
Tədbirdə Ö.F.Nemanzadənin həyat yolunu işıqlandıran film nümayiş etdirilmiş, aktyor Kamran Yunis Ömər Faiqin məqalələrindən parçalar oxumuşdur.
Tədbirdə Xəzər Universiteti Dekorativ və Tətbiqi Sənət Muzeyinin direktoru, tanınmış xalçaçı rəssam Afaq Kərimovanın batika üslubunda yaratdığı ədibin portretinin təqdimatı olub.
Tədbirin bədii hissəsində Xəzər Universitetinin Kamera orkestrinin (bədii rəhbər – universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə xalq artisti Elşən Mansurov, əməkdar artistlər İlahə Əfəndiyeva və Sahib Paşazadə çıxış ediblər.
Sonda Ö.F.Nemanzadənin nəvəsi Fuad Pepinov və nəticəsi Ülvi Pepinova babalarına verilən böyük dəyərə görə hamıya minnətdarlıqlarını bildiriblər.