2022-ci il dekabrın 27-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Azərbaycanın istiqlal şairi, millət təəssübkeşi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş “Mən bir Turan yolçusuyam” adlı elmi-mədəni tədbir keçirildi. Tədbir Əhməd Cavadın sözlərinə Ü.Hacıbəylinin bəstələdiyi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Elmi paneli giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbirdə həm Azərbaycandan, həm də qardaş Türkiyədən onlayn iştirak edən qonaqları salamladı. Departament müdiri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd Cavadın Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilməsindən, şairin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və ümumən, Şərq və Avropa ədəbi-ictimai mühiti ilə bağlılığından bəhs etdi.

Elmi paneldə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli Əhməd Cavadın öz dövründə də, özündən sonrakı mərhələlərdə də ədəbiyyatımıza təsirindən və novatorluğundan geniş söhbət açdı, şairin bir millət, ədəbiyyat fədaisi olduğunu vurğuladı.

Türkiyənin Dənizli şəhərində yerləşən “Yeşil Kayın” nəşriyyat evinin qurucuları Samet Önder və Melike Karateke nəşriyyat evində Əhməd Cavadın “Uyan” adlı şeirlər kitabının nəşri ilə bağlı fikirlərini bölüşdülər, kitabın ön sözünün müəllifinin professor Ahmet Bican Ercilasun olduğuna diqqət çəkdilər.

Elmi paneli yekunlaşdıran Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı Əhməd Cavadın Azərbaycan ədəbiyyatının yeni dövrünün poetik üslubunun formalaşmasındakı rolundan bəhs etmiş, konkret nümunələr əsasında müqayisələr aparmışdır.

Tədbirdə iştirak edən Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç Əhməd Cavad və Mehmet Akif Ersoy yaradıcılığı arasında paralellər aparmış, onların Türk mədəniyyət tarixindəki yerindən söz açmış, bu tədbirin mənəvi dəyərlərin nəsildən nəsilə ötürülməsində əhəmiyyətini vurğulamışdır.

Sonra “Mən bir Turan yolçusuyam” adlı tədbirin bədii hissəsi başlamışdır. Universitetin tələbələrinin ifasında Ə.Cavadın müxtəlif şeirləri səsləndirilmişdir. Tələbələrin Əhməd Cavad və Şükriyyə xanım obrazlarını canlandırması tədbir iştirakçılarının xüsusilə marağına səbəb olmuşdur. Ə.Cavadın sözlərinə bəstələnmiş mahnıları Musiqi və İncəsənət departamentinin müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqovanın fortepionada müşayiəti ilə departamentin müəllimi Məhsəti Cabbarova və tələbələrdən ibarət xor ifa etmişlər.

Təabirdə universitetin Kitabxana İnformasiya Mərkəzinin Əhməd Cavadın kitablarından ibarət hazırladığı sərgi nümayiş olundu.

khazar.org