2022-ci il dekabrın 2-3-də Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə “Dil, Ədəbiyyat və Dilçilik Fəlsəfəsi üzrə Üçüncü Beynəlxalq Konfrans (ICPL 2022)” hibrid formatda keçirildi. Konfransda yer almış məqalələrin bir hissəsi Azərbaycan, digər qismi isə Türkiyə, İran, Pakistan, Qazaxıstan, İtaliya, Fransa, Malayziya və Belarus tədqiqatçıları tərəfindən göndərilmişdi.

Konfransın açılış mərasimi İngilis dili və ədəbiyyatı departamentinin müdir əvəzi, fil.ü.f.d. Milana Abbasovanın salamlama nitqi ilə başladı. Universitetinin rektoru dosent İradə Xəlilova çıxış edərək, konfransın əhəmiyyətindən danışdı və iştirakçılara uğur dilədi. Sonra universitetin rəqs ansamblının ifasında milli rəqslər təqdim olundu.

Daha sonra əsas natiqlər – Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri və konfransın həmsədri professor Rəhilə Qeybullayeva çıxış etdilər; Dr. Davud Kuhi (İslam Azad Universiteti, Şərqi Azərbaycan, İran) və Dr. Antonio Taqlialatella (Bazilikata Universiteti, İtaliya) onlayn formatda konfrans iştirakçılarını salamlayaraq, nitq söylədilər. Açılış mərasiminin sonuncu natiqi Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin professoru Huseynağa Rzayev idi.

Açılış mərasimi bitdikdən sonra hər birində 4-5 panel olmaqla iki sessiyada müxtəlif universitetlərdən olan tədqiqatçılar çıxış etdilər.

Konfransın 2-ci günü Xəzər Universitetinin Mərkəz kampusunda Fikrət Əmirov Konfrans – Konsert Salonunda baş tutdu. Bağlanış mərasimindən sonra departamentin müəllimi Rəna Özenin tələbələrlə birgə hazırladığı tamaşa göstərildi. Tamaşa Paulo Koelhon`un “Əlkimyagər” adlı əsəri əsasında hazırlanmışdı. Tamaşaya baxdıqdan sonra konfrans iştirakçıları Atəşgah Dövlət Tarix Memarlıq Qoruğunu ziyarət etdilər.

khazar.org