Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun birinci müəllif olduğu “Ecosystem Services in Azerbaijan: Value and Losses” (“Azərbaycanın ekeosistem xidmətləri: Dəyər və itkilər”) kitabı nüfuzlu Springer nəşriyyatı tərəfindən çap olunmuşdur.

Kitaba Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ön söz yazmışdır.

Rövşən Abbasov uzun illərdir ki, ətraf mühitin idarə edilməsi sahəsində tədqiqatlar aparır. Onun əsas fəaliyyəti transsərhəd çayların idarə edilməsinə, təbiətin dəyərlərinə, fəlakət riskinin azaldılmasına və təhlükəli çirkləndiricilərin idarə olunmasına həsr olunub. Hazırda o, BMT-nin İnkişaf Proqramı və İPBES kimi təşkilatlarla iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri və sahillərin idarə olunması kimi layihələr üzrə ekspert kimi işləyir. Rövşən Abbasov 2018-ci ildən IPBES-in Fənlərarası Ekspertlər Şurasının üzvüdür. O, həmçinin Azərbaycan üzrə Milli Ekosistemin Qiymətləndirilməsi üzrə aparıcı müəllifdir.

Kitabın həmmüəllifləri Rövşən Kərimov və Natəvan Cəfərovadır.

Rövşən Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun “Əhalinin demoqrafiyası və coğrafiyası” şöbəsində baş elmi işçi vəzifəsində çalışır. O, bir sıra layihələrdə, o cümlədən miqrasiya, sosial-iqtisadi inkişaf, iqlim dəyişikliyi və ekosistem xidmətləri üzrə məsləhətçi kimi fəaliyyət göstərib, bəzi beynəlxalq proqram və layihələrdə mərkəz nöqtəsi kimi çalışıb. Bir neçə Erasmus+ layihəsi çərçivəsində personalın mobilliyi aksiyalarında iştirak edib.

Natəvan Cəfərova Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun “Siyasi və iqtisadi coğrafiya” şöbəsinin baş elmi işçisidir. Onun elmi-tədqiqat işləri əhalinin yaşayış məntəqələri üzrə yerləşməsinin coğrafi xüsusiyyətlərinə, regionların sosial-iqtisadi inkişafına, təbii təhlükələrin məsafədən zondlaşdırma və CİS-in xəritələşdirilməsi vasitəsilə öyrənilməsinə həsr edilmişdir.

“Ecosystem Services in Azerbaijan: Value and Losses” kitabı oxucuların diqqətini Azərbaycanda təbii mühitin faydalarına yönəltmək məqsədi daşıyır. Son yüz il ərzində təbii mühitin bu dəyərlərinin müxtəlif amillərin təsiri altında azalması baş verməkdədir. Buna görə də, bir vaxtlar mövcud olmuş dəyərlərin bir hissəsinin son 200 ildə təbiətə etinasız münasibət nəticəsində itirilməsi müşahidə

olunmaqdadır. Məsələn, sovet dövründə Xəzər dənizinin neftlə çirklənməsi və tənzimlənməyən balıq ovu onun balıq və kürü ehtiyatlarını, demək olar ki, çox azaldıb. Dağlıq regionlardan baş verən kütləvi miqrasiya nəticəsində insan-təbiət əlaqələrinə ciddi ziyan dəyib.

Bu kitabda müəlliflər “qazanc” və “gəlir” anlayışlarını bir-birindən fərqləndirir və oxuculara göstərir ki, yalnız pul gəlirinə əsaslanan qısamüddətli nemətlər insanları və təbiətin özünü uzunmüddətli, davamlı dəyərdən məhrum edir. Kitabda oxuculara real tarixi məlumatlar verilir, insan və təbiətin qarşılıqlı əlaqəsi müzakirə olunur, antropogen fəaliyyətin Azərbaycanda təbii sərvətlər üzərində yaratdığı fəsadlar real məlumatlar və tendensiyalarla göstərilir. Araşdırmalar balıq, su, meşə, dağ və otlaq ekosistemlərini əhatə edir, çirklənmənin və ətraf mühitin deqradasiyasının digər formalarının bu resurslara vurduğu təsirlərə diqqət çəkir və resursların tükənməsinin insanların güzəranına təsirini göstərir.

Kitab dörd fəsildən ibarətdir.

Birinci fəsildə Xəzər dənizi və onun dəyərləri haqqında danışılır. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Bu qiymətli ekosistemin çoxlu dəyərləri var. Vaxtilə Xəzər dənizində yaşayan nərə balıqları dünya nərə balıqlarının 90%-ni təşkil edirdi. Eyni zamanda, bu göl böyük rekreasiya əhəmiyyətinə malikdir. Xəzər İqtisadi Zonası 100 milyona yaxın insanın yaşadığı regiondur. Xəzərin həm istifadə, həm də qeyri-istifadə dəyərləri var. Bu bölmədə Xəzər dənizinin bütün dəyərləri təsnif edilmiş, eyni zamanda, bu dəyərləri dəyişdirən və bir çox mühüm tendensiyaları göstərən amillər haqqında ətraflı danışılır və dəniz resurslaırndan qısamüddətli sui-istifadənin uzun müddətdə necə itkilərə səbəb olduğu əsaslandırılır.

İkinci fəsildə Azərbaycanın dağ ekosistemlərinin dəyərlərindən danışılır. İqlim dəyişikliyi və artan insan mənşəli təsirlər dağlıq ərazilərin göstərdiyi ekosistem xidmətləri üçün ciddi təhlükə yaradır. Nəticədə, bir çox icmalar ənənəvi fəaliyyətlərini tərk edərək şəhərə köçür və tədricən onları unudurlar. Torpaqların deqradasiyası, su qıtlığı, ekstremal təbii təhlükələrin tədricən artması müşahidə olunan əsas mənfi təzahürlərdir.

Üçüncü fəsildə Azərbaycnanın su ehtiyatlarının dəyərlərindən danışılır. Ölkənin Kür çayının aşağı axınında yerləşməsi və sudan səmərəsiz istifadə edilməsi su ehtiyatlarının mövcudluğunu təhlükə altına atmış, bir çox su ekosistemləri ilkin dəyərini itirmişdir. Kür-Araz hövzəsinin aşağı axarında yerləşən ölkənin su ehtiyatlarının 70 faizindən çoxu kənarda formalaşır. Yuxarı ölkələrdə su götürmələrinin artması çayların bir ekosistem kimi mövcudluğunu təhdid edir, eyni zamanda, ölkədə ciddi su çatışmazlığına səbəb olur. Digər tərəfdən, ölkənin zəif suvarma infrastrukturu və köhnə suvarma texnologiyaları su itkilərini kəskin şəkildə artırır, nəticədə su qıtlığı yaranır.

Dördüncü fəsildə ətraf mühitlə bağlı olan kütləvi köç hadisələrindən və bu tarixi köçlərin kiçik kəndlərdə ənənəvi həyata, insan-təbiət əlaqələrinə, onların gələcək mövcudluğuna necə təsir etməsi müzakirə olunur. Göstərilir ki, Azərbaycanın bir sıra dağ kəndlərində əhalinin azalması təkcə bu kəndlərin varlığını deyil, həm də çox qiymətli təbiət biliklərinin itməsinə səbəb olmuşdur.

Kitab əsasən menecerlər, siyasətçilər, elm və təhsil mütəxəssisləri, tələbələr üçün nəzərdə tutulub və təbiətşünaslar, tarixçilər və mədəniyyət işçiləri üçün də maraqlı olacaq.

khazar.org