2022-ci il mayın 24-də Xəzər Universitetinin Mərmər salonunda İngilis dili və ədəbiyyatı departamentinin təşkil etdiyi “Milli Ardıcıl Tərcümə Müsabiqəsi”nin finalı keçirildi. Müsabiqədə respublikanın 5 universitetindən tərcümə ixtisası üzrə təhsil alan 5 finalçı iştirak etdi. Qeyd edək ki, finalçılar üç mərhələli seçim əsasında müəyyən olunmuşdu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının açılış nitqi ilə başlayan tədbirdə departamentin koordinatoru Milana Abbasova və baş müəllimi Firəngiz Nəsirova da çıxış etdilər.

Sonra iştirakçılar ingilis və Azərbaycan dilində olan canlı nitqləri ardıcıl tərcümə etdilər. Qonaq natiqlər universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora və Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov idi. Müzakirə şəkilində aparılan canlı nitqi iştirakçılar hər iki dilə tərcümə etdilər.

5 nəfərdən ibarət münsiflər heyətinin tərkibində prof. Qılıncxan Bayramov (Azərbaycan Dillər Universiteti), İsrafil Xakiyev (Gənc Tərcüməçilər Assosiasiyası), Firəngiz Nəsirova ( Xəzər Universiteti, İngilis dili və ədəbiyyatı departamenti), İrina Orucova ( Azərbnaycan Dillər Universiteti və Xəzər Universiteti) və Zamirə Qurbanova (Xəzər Universiteti, İngilis dili və ədəbiyyatı departamenti) var idi. Münsiflər heyəti iştirakçıları əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirdi. Müsabiqənin qalibləri aşağıdakılardır:

1-ci yer: Fidan Cabirova – Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Tərcümə (ingilis dili) ixtisasının dördüncü kurs tələbəsi;

2-ci yer: Nərmin Abbaslı – Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin Tərcümə ixtisasının dördüncü kurs tələbəsi;

3-cü yer: Nərgiz Səfərova – Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin Tərcümə ixtisasının üçüncü kurs tələbəsi.

Qaliblərə sertifikat və kristal plaket təqdim edildi.

Qeyd edək ki, bu cür müsabiqə Azərbaycanda ilk dəfə təşkil olunmuşdu.

khazar.org