2022-ci il mayın19-20-də Xəzər Universitetində 2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresi keçirildi.
Konqres Xəzər Universiteti, Çinin Anhui Kənd Təsərrüfatı Universiteti və Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası tərəfindən birgə təşkil olunmuşdu.
Konqres çay elmi və təhsilində dünya liderləri olan Anhui Kənd Təsərrüfatı Universiteti ilə Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası arasında elmi tədqiqat layihələri üzrə əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində keçirildi.
Bu əməkdaşlığın əsası 2018-ci ildə Çinin Anhui Kənd Təsərrüfatı Universiteti və Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyasının təşkilatçılığı ilə Heifei şəhərində keçirilən 1-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya konqresi zamanı qoyulmuşdu. Konqresin son günündə iki ölkə – Hindistan (Hindistan Dövlət Kənd Təsərrüfatı Nazirliyi) və Azərbaycan (Xəzər Universiteti) 2020-ci ildə növbəti Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresinin keçirilməsi üçün namizəd göstərildilər. Hər iki ölkənin nümayəndələri təşkilatları haqqında çıxış etdilər. Seçim komitəsi 2-ci konqresin keçirilməsi üçün Xəzər Universitetinin lehinə qərar verdi. 2019-cu ilin may ayında çinli ekspertlər çay elmi sahəsində əlaqələri genişləndirmək üçün Xəzər Universitetində oldular və 2-ci konqresin 2020-ci ildə keçirilməsi təyin olundu. Təəssüf ki, bütün dünyada tüğyan edən pandemiya səbəbilə konfrans 2022-ci il may ayına təxirə salındı. Azərbaycanda, demək olar ki, yeni Covid yoluxmalarının olmamasına baxmayaraq, Çindəki vəziyyətə görə konqresin hibrid formada keçirilməsinə qərar verildi.
Konqresi Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. akademik Hamlet İsaxanlı, 2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresinin sədri prof. Xiaochun Wan, Anhui Kənd Təsərrüfatı Universitetinin prezidenti prof. Tao Xia, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao, Anhui əyalətinin Elm və Texnologiya Departamentində Xarici Elmi və Texnoloji Əməkdaşlıq Şöbəsinin Direktoru Wenjun Dong salamlama nitqi ilə açdılar.
Çin, Azərbaycan, Türkiyə, İran, ABŞ, Rusiya, Cənubi Koreya, İrlandiya, Danimarka, Gürcüstan, Belçika, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Şri Lanka və Nigeriyadan 300-ə yaxın tədqiqatçı onlayn, yerli universitetlər və elmi tədqiqat institutlarından (Türkiyə, İran, Rusiya daxil olmaqla) 60-a yaxın tədqiqatçı konqresdə üzbəüz iştirak etdi. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də konqresdə iştirak etdilər.
İki günlük konfransda 49 təqdimat baş tutdu, 100-dən çox məruzə xülasəsi təqdim olundu.
2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konfransının keçirilməsi ilə əlaqədar olaraq mayın 16-20-də (bir həftə) Xəzər Universitetində Çay Festifalı Həftəsi baş tutdu. AZƏRÇAY şirkətinin milli geyimdə olan işçiləri tələbələr və əməkdaşlara universitetin həyətində saat 08:30-dan 18:00-a qədər pulsuz çay və qəhvə xidməti göstərdilər.
İki günlük konfrans ərzində ASTRADE MMC-də Çay Festivalı Həftəsinə qoşularaq, “enerji kofe hell” içkisini tələbələrə və əməkdaşlara pulsuz təqdim etdi.
Konfransın bağlanış mərasimində Yekun Bəyannamə təqdim olundu, orijinal və nəşr olunmamış məqalələrin beynəlxalq, açıq girişli, onlayn “İçki Bitki Tədqiqatı” jurnalında nəşr olunacağı elan edildi. Jurnalın linki: https://www.maxapress.com/bpr
Əlavə olaraq bildirildi ki, konfransda iştirak edən müəlliflər kakao, qəhvə və çaya həsr edilmiş sosial tədqiqatlarının nəticələrini Xəzər Universitetinin “Khazar Journal of Humanities and Social Sciences” (“Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”) jurnalının xüsusi nömrəsində çap etdirə bilərlər. Jurnalın linki: https://jhss-khazar.org/