2021-ci il dekabrın 24-25-də universitetin Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində 50-ci məzunluq tədbirləri keçirildi. Tədbirlərdə universitetin rəhbərliyi və əməkdaşları, tələbələr, qonaqlar iştirak edirdilər.
Tədbirlər Xəzər Universitetinin Kamera orkestri tərəfindən Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlandı.
Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova tədbirlərdə çıxış edərək, məzunları universiteti bitirmələri münasibətilə təbrik etdi, müstəqil həyat yollarında onlara uğurlar arzuladı.
Dekabrın 24-də Təbiət elmləri və mühəndislik fakültəsinin, Humanitar, təhsil və sosial elmlər fakültəsinin bakalavr məzunlarına, 25-də Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin məzunlarına, İqtisadiyyat və menecment fakültəsinin bakalavr məzunlarına diplomlar təqdim olundu. Diplomları məzunlara universitetin rəhbərliyi, dekanlar və departament müdirləri, müəllimlər təqdim etdilər. Tələbələr Xəzər Universitetinin andını səsləndirdilər, xatirə şəkilləri çəkdirdilər.
Xəzər Universitetinin öncəki məzunları adından universitetin müəllimi, Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Savadlılığı Şöbəsinin rəisi Xumar Hüseynova çıxışında universitetin yüksək ixtisaslı kadrlar yetişdirilməsi sahəsindəki xidmətlərinə görə rəhbərliyə, professor – müəllim heyətinə təşəkkürünü bildirdi.
Tədbirlərdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış etdi, universitetin keçdiyi şərəfli yola və uğurlarına nəzər saldı, məzunlara çalışacaqları sahələrdə müvəffəqiyyət qazanmaq üçün tövsiyələrini verdi.
Məzunluq tədbirləri universitetin Kamera orkestri və tələbələrdən ibarət rəqs kollektivinin konserti ilə müşayiət olundu.