2021-ci il dekabrın 23-də Xəzər Universitetinin Mərmər zalında 2020-2021-ci illərin uğurlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələr iştirak edirdilər.
Tədbiri universitetin rektoru dosent İradə Xəlilova açaraq, son iki il ərzində həm ölkənin təhsil-təlim mühitində, həm də beynəlxalq əlaqələr sahəsində qazanılmış nailiyyətlər haqqında ümumi məlumat verdi. Qeyd etdi ki, beynəlxalq reytinq cədvəllərində universitet irəliləməkdə davam edir, müxtəlif layihə və qrant müsabiqələrində fəallıq göstərir, universitetin nüfuzu getdikcə artır. Rektor universitet tələbələrinin müxtəlif layihə və yarışmalarda uğurlar qazandığını xüsusi vurğuladı.
Sonra sahələr üzrə hesabatlar dinlənildi. İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov EDUNIVERSAL Ranking reytinqi haqqında ətraflı məlumat verərək, təşkilatın son reytinq cədvəlinə görə Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutduğunu qeyd etdi.
Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova nüfuzlu təşkilatların reytinq cədvəllərində Xəzər Universitetinin son illərdəki irəliləyişini qeyd edərək, QS Reytinq Agentliyinin “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəlində Xəzər Universitetinin yenə Azərbaycan universitetləri arasında 1-ci yerə çıxdığını nəzərə çatdırdı.
Xəzər Universitetinin yerli və beynəlxalq layihələrdə iştirakı haqqında İnkişaf Ofisinin direktoru Raziyə İsayeva hesabatla çıxış etdi. O, ERASMUS+, CREATİVE SPARK, MEDİATS və digər beynəlxalq layihələrdə iştirak haqqında geniş məlumat verdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxışında əldə edilmiş uğurları təqdir etməklə yanaşı, qeyd etdi ki, universitetin potensialı nailiyyətləri artırmağa imkan verdiyinə görə işlərin genişləndirilməsi və yeni əlaqələrin yaradılması zəruridir. O, müzakirə olunan sahələr üzrə yeni vəzifələr qarşıya qoydu, tövsiyələr verdi.
Sonda Xəzər Universitetini yerli və beynəlxalq layihələrdə müvəffəqiyyətlə təmsil edən tələbələrə sertifikat təqdim olundu.