AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının iştirakı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə Nizami ili elan edilməsini diqqətə çatdırıb. Direktor bildirib ki, dünya mədəniyyətinin görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz əsərləri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi mütəfəkkirin parlaq irsinin öyrənilməsi haqqında verilmiş qərar, yubileylərinin dövlət səviyyəsində keçirilməsi şairin əsərlərinin daha geniş tədqiqi və təbliği işində mühüm rol oynayır. AMEA-nın Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır, onun doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb.

Sonra professor, akademik Hamlet İsaxanlı “Nizaminin coğrafi məkan və zaman fəlsəfəsi” mövzusunda məruzə edib. Çıxışına AMEA-nın Coğrafiya İnstitutunda qonaq olmasından məmnunluğunu bildirməsi ilə başlayan H.İsaxanlı Azərbaycan mədəniyyətinin nəhəngi sayılan Nizaminin yaradıcılığına xüsusi baxışı olduğunu vurğulayıb. O bildirib ki, fars dilində yazan şairin sətri tərcümələri əsasında əsərlərinin tədqiqi ilə məşğul olub və əsasən ingilis dilində silsilə məqalələr yazaraq çap etdirib. Bu yaxınlarda Nizami Gəncəvi haqqında İngiltərədə amerikalılar tərəfindən dərc edilən irihəcmli ikicildlik kitabın bir fəslinin müəllifinin özü olduğunu söyləyən H.İsaxanlı nəşrdə böyük mütəfəkkirin baxışları, fəlsəfi fikirləri, Çin haqqında düşüncələrinə öz münasibətini bildirib, əsərlərini coğrafi məkanvə zaman baxımından təhlil edib. Diqqətə çatdırıb ki, insanın dünyagörüşünün təyin edilməsində ilk əvvəl onun coğrafi təsəvvürləri əsas rol oynayır. Bu baxımdan Nizaminin dünyanın coğrafi – fiziki, siyasi, iqtisadi xəritəsi haqqındakı bilikləri mühüm rol oynayır. Şair eyni zamanda tarix, ədəbiyyat, musiqi, təsviri incəsənət haqqında biliklərə malik, müxtəlif elmlərdən kifayət qədər xəbərdar olan geniş dünyagörüşlü şəxsiyyət olub.

Məruzəsinin sonunda H.İsaxanlı tədbir iştirakçılarının müəllifin Nizami haqqındakı tədqiqatına dair çoxsaylı suallarını cavablandırıb.

Azpress.az və digər saytlar tədbir haqqında xəbər yayımlamışlar.

https://azpress.az/index.php?lang=az&sectionid=news&id=116290 

khazar.org