2021-ci il oktyabrın 8-də Xəzər Universiteti British Council-ın Yaradıcı Komissiyalar Proqramı tərəfindən dəstəklənən arCclayihəsi çərşivəsində “İqlim dəyişikliyinə dair məsuliyyət” adlı bir günlük konfransa ev sahibliyi etdi. Konfrans Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və British Council-ın Azərbaycandakı direktoru Francis Gardener Trejo`nun iştirakı ilə təşkil olunmuşdu.
Konfransda Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dünya Məktəbi və Elzam Bayramov adına Topalhəsənli Orta Məktəbinin tələbə və müəllimləri iştirak edirdilər.
Tədbiri açan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı mövzunun əhəmiyyətini vurğulayaraq iqlim dəyişikliyinin həm fiziki, həm də bioloji səbəblərini açıqladı.
Səfir Ceyms Şarp İngiltərə hökumətinin iqlim dəyişikliyi ilə bağlı göstərdiyi təşəbbüslərindən, bunun cəmiyyətə və insanların həyatına gətirdiyi dəyişikliklərdən danışdı. O, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün müxtəlif problemlərin necə həll olunduğunu izah etdi. Gardener Trejo British Council tərəfindən dəstəklənən təhsil proqramından və xüsusən də iqlimlə əlaqələrdən danışdı. Natiqlər İngiltərə hökumətinin bu problemi necə həll etdiyinə dair faktlar və nümunələr təqdim etdilər.
Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyəİsayeva iştirakçıları arCc layihəsi ilə tanış etdi və bunu British Council ilə universitet arasında səmərəli əməkdaşlığın olması ilə əlaqələndirdi. Onun təqdimatından sonra Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov çıxış edərək, iqlim dəyişikliyi ilə mübarizə üçün uyğun bir çərçivənin qurulması kontekstindən danışdı.
Konfransın ikinci hissəsində Dr. Rövşən Abbasov qlobal miqyasda kütləvi miqrasiyanın səbəblərindən biri kimi iqlim dəyişikliyindən bəhs etdi. İçməli suyun dezinfeksiya edilməsi üçün elektroxlorlama qurğusunun istismara verilməsi üzrə menecer Mədinə Hacıyeva müzakirə olunan mövzu baxımından suyun istifadəsi ilə bağlı məlumat verdi. O, tullantı sularına diqqət yetirərək, onu azaltmaq üçün bəzi tövsiyələr verdi. Bakı şəhərindəki İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin 11-ci sinif şagirdi Səidə Məmmədova İtaliyanın Milan şəhərindəkeçirilmiş Gənclərin İqlim Sammitində iştirak təcrübəsini bölüşərək, şagirdləri iqlim dəyişikliyi mövzularında fəal olmağa çağırdı. Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müəllimi Şahnaz Amanova iştirakçılara iqlim dəyişikliyinin şəhər həyatına təsirləri haqqında məlumat verdi. Youth COP-un nümayəndəsi Əli Məmmədovun tullantıların təkrar emalı ilə əlaqədar təqdimatı oldu.
Sonda professor Hamlet İsaxanlı yekun nitqi söyləyərək, qlobal əhəmiyyət kəsb edən ən əhəmiyyətli mövzulardan biri ilə bağlı tədbiri uğurla təşkil etdiklərinə görə təşkilatçıları və iştirakçıları təbrik etdi.