Xəzər Universitetinin əziz tələbələri, müəllimləri və əməkdaşları!
Sizi Yeni – 2021-ci ilə qədəm basmağınız və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm!
Yola saldığımız 2020-ci il adi, sadə, növbəti illərdən biri olmadı. Covid-19 adı verilən və Dünyanı sarsıdan qorxunc virus həyatımıza çox məhrumiyyət və məhdudiyyətlər gətirdi. Yoluxma ölkəmizin hər yerinə yayıldı, təəssüf ki, dünyasını dəyişənlər də oldu. Və bu bəla bitmədi, təəssüf ki, o da bizimlə bərabər 2021-ci ilə qədəm qoyur.
Ümid edirik ki, 2021-ci ildə, ilin birinci yarısında bu bəla ilə mübarizə uğur gətirəcək və biz öz adi, sadə, gözəl həyatımıza qayıda biləcəyik.
Əziz Xəzərlilər!
2020-ci il hər azərbaycanlı üçün, dinindən, dilindən, cinsindən asılı olmayaraq hər Azərbaycan vətəndaşı üçün, Dünya azərbaycanlıları üçün Böyük, Şanlı Qələbə İli oldu. 1987-1994-cü illərin haqsızlıqları və məğlubiyyət, torpaqlarımızın işğalı, insanlarımızın öz yurdundan didərgin düşməsi ölkəmizə böyük kədər, böyük acı gətirdi.
Azərbaycan vətəndaşlarının və Dünya azərbaycanlılarının ürəyində bir ağrı yuva saldı. Azərbaycan haqsızlığı, işğalı aradan qaldırmaq üçün hər yoldan istifadə etdi. Sülh danışıqlarının nəticə verəcəyi şübhə altında idi. Biz iqtisadiyyatımızı və ordumuzu gücləndirməklə məşğul olduq. Və 2020-ci ilin payızında 44 gün ərzində Azərbaycan öz hərbi gücünü tək Ermənistana deyil, bütün dünyaya nümayiş etdirdi, Şanlı Qələbə əldə etdik! Ürəyimizdə yuva salan Qarabağ ağrısı, Qarabağ kədəri sevinclə əvəz olundu!
2020-ci il Azərbaycan tarixinin parlaq səhifəsinə çevrildi!
Əziz Xəzərlilər!
Bizim hər birimizin ailəmizə, xalqımıza, vətənimizə xidmətimiz oxumaq, elm öyrənmək, elm öyrətməkdən ibarətdir. Güclü elm, təhsil, texnologiya, iqtisadiyyat və mədəniyyət ölkəsi olmaq, belə ölkə qurmaq istəyirik.
2020-ci ilin mart ayından etibarən məsafədən təhsilə keçməyə məcbur olduq. Bu asan iş olmadı. Müəllim, tələbə və idarəedənlərin bu şəkildə təhsil prosesinə uyğunlaşması zaman, enerji və səbr tələb etdi. Dərs və imtahanlarda heç də hər şey əla oldu deyə bilmərik. Amma, işin öhdəsindən gəldik, Azərbaycanda bu işi ən yaxşı bacaran təhsil ocaqlarından biri olduq deyə bilərik. Tələbələrin təşkilati məsələlərə münasibət bildirməsi, xahiş və tələb etməsi çox faydalı oldu. Mənə edilən bütün müraciətləri rektorluğa göndərirdim və rektorluq heç bir müraciəti cavabsız qoymadı.
Şər deməsən xeyir gəlməz. Pandemiya dövrü məsafədən təhsil bizə çox şey öyrətdi. Düşünürəm ki, üz-üzə, sinifdə təhsil bərpa olunanda da, biz məsafədən təhsil elementlərindən istifadə etməklə təhsilin keyfiyyətini yüksəldə biləcəyik.
Əziz Xəzərlilər!
2021-ci ildə sizə və ailənizə xoş əhval, xoş yeniliklər, yeni uğurlar arzulayıram!
Dünya azərbaycanlılarının həmrəyliyinin daha da güclənməsini arzu edirəm!
Yeni iliniz mübarək!
Yeni qələbələrə doğru!
Hörmətlə,
Hamlet İsaxanlı