2020-ci il aprelin 24-də Təhsil naziri Ceyhun Bayramov nazirliyin aparatının rəhbər işçiləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib. Videokonfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak edib.
Videokonfransda geniş çıxış edən nazir bildirib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən Microsoft Teams və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəliyi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir.
Təhsil naziri qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Bu məqsədlə Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu kateqoriyaya aid olan tələbələrdən müvafiq müraciətlərin toplanmasını tapşırıb. Həmin müraciətlərin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılmış alt-sisteminə növbəti həftədən başlayaraq daxil edilməsi nəzərdə tutulur.
Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib və hər bir ali təhsil müəssisəsi tərəfindən bu məqsədlə görüləcək konkret tədbirlər barədə təkliflərin qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Nazir çıxışında, həmçinin, ali təhsilin təşkili üzrə qarşıda duran növbəti məsələlər, o cümlədən karantin sonrası işlərin təşkili məsələlərinə toxunub.
Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.