2019-cu il dekabrın 20-də, Mövlana Cəlaləddin Ruminin anım həftəsində Xəzər Universitetinin Mərmər salonunda Xəzər Universiteti ilə “NAB” holdinqin birgə təşkilatçılığı ilə fəaliyyətə başlamış Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin (MƏFAM) ictimaiyyətə təqdimatı keçirildi.
Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr, ölkənin tanınmış elm və sənət nümayəndələri, qonaqlar iştirak edirdilər.
Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, MƏFAM-ın yaranmasının məqsəd və vəzifələrindən, əhəmiyyətindən danışdı.
Yunus Əmrə İnstitutunun direktoru Dos. Dr. Cihan Özdemir, jurnalist, şair, ictimai xadim Qənirə Paşayeva çıxış edərək, Xəzər Universitetində MƏFAM-ın yaradılmasını alqışladılar və onun milli-mənəvi dəyərlərin formalaşmasında böyük rol oynayacağına əminliklərini bildirdilər.
Tədbirdə iştirakçılara maraqlı konsert proqramı təqdim olundu. Xəzər Universitetinin Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə universitetin xor kollektivi və xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın iştirakı ilə Nəsiminin sözləri əsasında hazırlanmış musiqi kompozisiyası, Alim Qasımov və Fərqanə Qasımovanın duetində Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasından “Kor ərəbin mahnısı” ifa olundu. İran və Türkiyə folklor musiqisinin bilicilərindən biri kimi tanınan, Oksford Universitetində İran musiqi sənəti üzrə mühazirələr oxuyan və ustad dərsləri keçən David Azad öz orkestrinin müşayiəti ilə mahnılar ifa etdi. İştirakçılara Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupunun ifası da təqdim olundu.
Tədbir Türkiyənin TRT Haber, TRT Avaz və MTV (Müzik TV) tərəfindən işıqlandırılmışdır:
https://www.facebook.com/trtbakutemsilciligi/videos/836030826849012/