2019-cu il dekabrın 18-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amaninin İrana səfərinə (8-11 dekabr) dair müşavirə keçirildi.
Müşavirəni professor Hamlet İsaxanlı açaraq, İranın Culfa, Xoy, Təbriz və Marağa şəhərlərində keçirilmiş görüşlərdə əldə olunmuş nəticələr və gələcəkdə həyata keçirilməli olan tədbirlər haqqında geniş məlumat verdi. Professor qeyd etdi ki, Xəzər Universitetinin Avropa və Türkiyə universitetləri ilə geniş əlaqələri olduğu halda, İran universitetləri ilə əlaqələri zəifdir və bu sahədə tədbirlər görülməlidir. Professor həmçinin Azərbaycan, Türkiyə və İran universitetləri arasında üçbucaq iş birliyi yaradılmasının da mümkünlüyünü və bunun böyük səmərə verəcəyini söylədi.
Sonra Dr. Bahman Amani olduqları şəhərlərdə iştirak etdikləri tədbirlər haqqında xronoloji ardıcıllıqla məlumat verərək, səfərin tam mənzərəsini iştirakçılara çatdırdı.
Sonda professor Hamlet İsaxanlı İran Universitetləri ilə əlaqələrin genişləndirilməsinə aid konkret fikirlərini bildirdi və universitet qurumlarına müvafiq təkliflər hazırlamağı tövsiyə etdi.