2019-cu il oktyabrın 23-25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun akt zalında Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) 60 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanın elmi ictimaiyyəti, ABŞ, Türkiyə, Rusiya, İran, Meksika və İsraildən gəlmiş alimlər iştirak edirdilər.
Konfransın ilk günündə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev tədbiri açaraq, institut əməkdaşlarını yubiley münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb. RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək institutun tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Sonra yerli alimlər və xarici mütəxəssislər çıxış edərək təbriklərini çatdırmış, hədiyyələrini təqdim etmişlər. Konfransın Beynəlxalq Təşkilat Komitəsinin üzvü, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbirdə çıxış etdi. Professor Hamlet İsaxanlı çıxışını Evkliddən başlayan riyaziyyatın qədim dövrlər, orta əsrlər və 19-20-ci əsrlərdə olan əsas inkikaf istiqamətləri, riyaziyyatın digər təbiət elmlərinin inkişafındakı rolu haqqında maraqlı məlumat və mülahizələrlə başladı. Sonra o, başlanğıcını 1925-1930-cu illərdən götürən Azərbaycan riyaziyyat məktəbi, onun inkişaf istiqamətləri, bu məktəbin qurucuları və aparıcı nümayəndələri, onların yaratdıqları məktəblər, o cümlədən, ölkəmizdə riyaziyyatın bir elm kimi inkişafının 1959-cu ildə Riyaziyyat və Mexanika İnstitutunun yaranması ilə başlayan institusional dövrü barədə geniş və maraqlı faktlarla zəngin məlumat verdi. Professor Hamlet İsaxanlı Riyaziyyat və Mexanika İnstitutunun onun həyatında oynadığı xüsusi rol haqqında danışarkən, Moskva Dövlət Universitetinin aspiranturasına və daha sonralar SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunun doktoranturasına məhz bu institut tərəfindən göndərildiyini, özünün isə təqribən 20 il bu institutda çalışdığını xatırlatdı. O, Xəzər Universitetinin Riyaziyyat departamentinin müdiri Əli Hüseynlinin də hal-hazırda bu institutda çalışdığını yada salaraq, bu mənada Xəzər Universitetinin Riyaziyyat departamentinin Riyaziyyat və Mexanika İnstitunun bir qolu sayıldığını vurğuladı və göstərilən dəstəyə görə öz təşəkkürünü bildirdi.
Sonra professor Hamlet İsaxanlı instituta Azərbaycan xalçaçılıq məktəbinin ən məşhur çeşnilərindən biri ilə toxunmuş, üzərində gümüşü lövhədə təbrik sözləri həkk olunmuş Şirvan xalçası və Xəzər Universitetinin müəllimi, rəssam Afaq Kərimovanın bədii üslubda işlədiyi qrafik kollaj hədiyyə etdi. Kollajda Azərbaycanın müasir riyaziyyat məktəbinin banilərindən başlayaraq hazırkı dövrə qədər görkəmli alimlərin fotoları kino lenti kimi yerləşdirilmiş, “Zəka, fantaziya və zəhmətin qovuşduğu ocaq” cümləsi rəsm edilərək, “Xəzər Universiteti, Hamlet İsaxanlı” imzası ilə tamamlanmışdır.
Qeyd edək ki, konfransda Xəzər Universitetinin Riyaziyyat departamentinin əməkdaşları da məruzələrlə çıxış etmişlər.