2019-cu il oktyabrın 3-4-də Xəzər Universitetində “Avrasiya Nanotexnologiya Konfransı – 2019” (Nanotech Eurasia-2019) keçirildi. Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Koreya, Yaponiya, Qazaxıstan və İrandan olan alim və mütəxəssislər iştirak edirdilər.
Konfransı universitetin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs açdı, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, iştirakçıları salamladı, konfransa uğurlu iş arzuladı. Sonra konfrans proqram üzrə işini davam etdirdi.
Konfransa təqdim olunan məruzələr kimya, neft, ətraf mühit və digər mühəndislik sahələrində tətbiq olunan nanotexnologiyanın ən son yeniliklərinə aid idi. Əsas məqsədlər kimi enerji və sağlamlıq sahəsində tətbiq olunan qabaqcıl nanomaterialların və nanotexnologiyanın nəzəriyyəsi, dizaynı və inkişafı müzakirə olundu.
Konfrans akademik sektorda və sənayedə fəaliyyət göstərən alim və mühəndislər üçün nanotexnologiyanın sürətlə inkişaf edən və bir-birinə bağlı sahələrini dəyərləndirmək, yeni əməkdaşlıqlar qurmaq imkanları yaratdı, həmçinin, gənc tədqiqatçılar və sahibkarlar üçün innovativ bir platforma oldu.
Konfransın sonuncu günü bütün iştirakşılara sertifikatlar təqdim olundu və Xəzər Universitetinin Kamera ansamblı musiqi proqramı ilə çıxış etdi.
Tədbir ATV televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.