Böyük bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının kafedra müdiri, Xəzər Universitetinin Fəxri doktoru, Avrasiya Akademiyasının qurucu üzvü Arif Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.

1933-cü il sentyabrın 13-də Bakıda anadan olan Arif Məlikov Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra musiqi yaradıcılığı ilə yanaşı ömrünün sonunadək pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olan Arif Məlikovun yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri kimi Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur.

Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək, geniş şöhrət qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın 60-dan çöx ölkəsində tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması Azərbaycan musiqi mədəniyyətinin möhtəşəm nailiyyətlərindəndir.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir.

Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir. Arif Məlikovu Xəzər Universiteti ilə sıx tellər bağlayırdı. O, universitetin Fəxri doktoru seşilmişdi. 2012-ci ildə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının təşəbbüsü ilə Avrasiya Akademiyası yaradılarkən Lütfi Zadə, Halil İnalcık, M. Gazi Yaşargil və Hamlet İsaxanlı ilə bərabər beş qurucu üzvdən biri olmuşdu. Arif Məlikov Avrasiya Akademiyasının indiyədək keçirilmiş iki rəsmi iclasında və özünün də layiq görüldüyü Avrasiya Əfsanəsi mükafatının təqdim olunması mərasimlərində iştirak etmişdi.

Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmqddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin.

XƏZƏR UNİVERSİTETİ

khazar.org