2019-cu il fevralın 15-də British Council Azərbaycan-ın nümayəndələri Xəzər Universitetinin “Neftçilər” korpusunu ziyarət etdilər.
Görüşün məqsədi Xəzər Universiteti və British Council arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək idi. Görüşdə Xəzər Universitetinin nümayəndələri olaraq, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor vəzifəsini icra edən dosent İradə Xəlilova, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva və Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova iştirak edirdilər. British Council-i direktor cənab Samr Şah, direktor müavini Nigar Bayramova və imtahan xidmətləri meneceri Nərgiz Əkbərova tərəfindən təmsil edirdilər.
Görüşü açan Professor Hamlet İsaxanlı cənab Samr Şahı Xəzər Universitetində salamladı və ona yeni vəzifəsində uğurlar arzuladı. Professor İsaxanlı, həmçinin, Xəzər Universiteti ilə British Council arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı, bu əməkdaşlığın daha da güclənərək, davam edəcəyinə inandığını dilə gətirdi.
Öz növbəsində, cənab Samr Şah British Council Azərbaycanın həyata keçirdiyi proqramlar haqqında məlumat verdi və universitetin bu proqramlardan necə yararlana biləcəyi haqqında danışdı.
Görüşün sonunda Professor Hamlet İsaxanlı özünün müəllifi olduğu “Xəzərin sorağında” adlı kitabını cənab Samr Şaha təqdim etdi. Kitab Xəzər Universitetinin yaradılma tarixindən bəhs edir.