2019-cu il yanvarın 24-də Xəzər Universiteti və Özəl Universitetlər Assosiasiyası arasında anlaşma memorandumu imzalandı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının da iştirakı ilə keçən görüşdə adı çəkilən assosiasiya ilə Anlaşma Memorandumu imzalandı və bu anlaşma ilə Xəzər Universiteti assosiasiyaya üzv kimi daxil oldu.

Özəl Universitetlər Assosiasiyası ilə görüşdə assosiasiyanın icraçı direktoru Pr. Dr. Zaza Maruaşvili, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dr. Liza Amilaxvari və Yeni texnologiyalar və innovasiyalar xidmətinin rəhbəri Mixeil Dvalişvili iştirak edirdilər. Həmin görüşdə Xəzər Universitetindən rektor Dr. Hassan Niknafs, Tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev, Elmi işlər üzrə prorektor Dr. İradə Xəlilova, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova və həmin şöbənin koordinatoru Lamiyə Pənahova da iştirak edirdilər.

Özəl Universitetlər Assosiasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Liza Amilaxvari assosiasiya haqqında təqdimat edərək, assosiasiyaya üzvlüyün faydaları haqqında danışdı. Mümkün əməkdaşlıq perspektivləri və sahələrinin müzakirəsindən sonra tərəflər Anlaşma Memorandumu imzaladılar və hədiyyələr təqdim olundu. Professor Dr. Zaza Maruaşvili professor Hamlet İsaxanlıya üzvlük sertifikatını təqdim edərək, olduqca məhsuldar əməkdaşlığa ümid etdiyini bildirdi.

Özəl Universitetlər Assosiasiyası 2017-ci ildə Gürcüstanda təsis olunmuş beynəlxalq təşkilatdır. Hazırda assosiasiya Gürcüstan, Rumıniya, Ukrayna və Türkiyədən universitetləri öz sıralarında birləşdirir. Qeyd edək ki, Xəzər Universitetinin üzvlüyü üçün təklif assosiasiyanın özündən rəsmi müraciətlə daxil olmuşdu.

khazar.org