“Xəzər Humanitar və Sosial Elmlər” (Khazar Journal of Humanities and Social Sciences) jurnalı beynəlxalq mükafata layiq görüldü Khazar Journal of Humanities and Social Sciences Receives International Award

2016/11/14

2016-cı il noyabrın 8- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science-2016” mükafatlarının təqdimetmə mərasimi keçirildi. Xəzər Universitetini bu tədbirdə universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı və “Xəzər Humanitar və Sosial Elmlər” (Khazar Journal of Humanities and Social Sciences) jurnalının redaktor müavini Xəyalə Məmmədova təmsil edirdilər.

Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib edilmişdir. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılmışdır.

“Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin direktoru Oleq Utkin Bakıda elmi ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşün təmsil etdiyi qurum üçün böyük əhəmiyyət daşıdığını söylədi. O, tədbirin təşkilinə dəstək göstərən hər kəsə “Thomson Reuters” şirkəti adından minnətdarlığını bildirdi.

O.Utkin: “Bu, Azərbaycanın elmi təşkilatları, elm xadimləri ilə keçirdiyimiz ilk tədbirdir. Belə görüşlərin davamlı olacağına ümid edirik. Azərbaycanın elm adamlarının “Thomson Reuters”-in resurslarına yol tapması bizim üçün çox vacibdir. Bu resursların sizə müxtəlif istiqamətlərdə xidmət edəcəyinə ümidvarıq”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda elmin, təhsilin inkişafından, bu istiqamətdə aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən söz açdı. Azərbaycan alimlərinin uğurlarından danışan nazir müavini son illər elm adamlarımızın reytinqinin yüksəldiyini, onların elmi məqalələrinə 1500-dən çox istinadın olduğunu diqqətə çatdırdı. Dünya elminə inteqrasiya üçün xarici dil bilməyin əhəmiyyətini qeyd edən C.Bayramov Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə xarici dillərin tədrisi, eyni zamanda, xarici dillərdə bir sıra ixtisaslaşmalarda tədrisin təşkili məsələsinin daim diqqət mərkəzində olduğunu söylədi. Bu istiqamətdə aparılan işlərin prioritet istiqaməti olaraq qarşıya qoyuan mühüm hədəf kimi bütün ali təhsil müəssisələrinin laboratoriya bazalarının yenilənməsini, müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədqiqatların aparılması üçün müasir laboratoriyalarla təchiz edilməsi səviyyəsinin yaxsılaşdırılmasının vacib məsələ olduğunu qeyd etdi. O, bu sahədə ali məktəblərin, AMEA-nın institutlarının və bir sıra sənaye müəssisələrinin birgə fəaliyyəti nəticəsində qısa vaxtda yüksək nəticələr əldə edilə biləcəyini vurğuladı. C.Bayramov yaxın vaxtlarda həmkar təşkilatlara bu istiqamətdə bir sıra təkliflər təqdim ediləcəyini və bunun ümumi işə çox müsbət təsir göstərəcəyini dedi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA ilə “Thomson Reuters” şirkətinin əməkdaşlığından, alimlərimizin məqalələrinin impakt faktorlu beynəlxalq jurnallarda dərc olunmasından və bu yazılara istinadların ildən-ilə çoxalmasından danışdı. Jurnal redaktorları üçün keçiriləcək seminarın əhəmiyyətini qeyd edən akademik ölkədə nəşr olunan beynəlxalq elmi jurnalların sayının artacağına əminliyini bildirdi.

Sonra beynəlxalq meyarlar əsas götürülməklə, ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırıldılar.

“Thomson Reuters” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu nominasiyalar üzrə mükafatları sahiblərinə təqdim etdilər. Xəzər Universitetində nəşri olunan “Xəzər Humanitar və Sosial Elmlər jurnalı” (Khazar Journal of Humanities and Social Sciences) “Yeni elm şəbəkəsi (Web of Science) jurnalı” nominasiyası üzrə qalib mükafata layiq görüldü.

Elmin İnkişaf fondunun icraçı direktoru mükafata layiq görülənləri təbrik etdi, onlara Azərbaycan elminin inkişafı sahəsində fəaliyyətlərində uğurlar arzulayaraq, bu istiqamətdə daha böyük nailiyyətlərin əldə olunacağına əminliyini bildirdi.

Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktor və redaktor müavinləri üçün “Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim keçirildi. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparıldı. On November 8, 2016, the Web of Science 2016 Awards Ceremony for the Azerbaijani scientific community was held with the joint coordination of the Science Development Foundation of the President of the Azerbaijan Republic and Thomson Reuters. Khazar University was represented at the event by Dr. Isakhan Isakhanli, Vice President for Administration and Student Affairs, and Khayala Mammadova, Assistant Editor of Khazar Journal of Humanities and Social Sciences.

The list of award winners was determined based on Web of Science, the leading platform in natural sciences, social sciences and humanities. Analysis was performed by experts in scientific research and intellectual property from Thomson Reuters and the Science Development Foundation.

Awards were presented by representatives from Thomson Reuters and the Science Development Foundation. The Khazar Journal of Humanities and Social Sciences published by Khazar University won an award for the category of “New Web of Science Journal.”

The Executive Director of the Science Development Foundation congratulated all the winners and wished them success in their endeavors towards the development of science in Azerbaijan. He noted that he was confident that these journals would achieve even greater accomplishments in this field in the future.