Dissertasiya müdafiələri  

2026/11/04

Məlum olduğu kimi, 2023 -cü ildən Xəzər Universitetində pedaqoji elmlər üzrə FD 2.49 Dissertasiya Şurası fəaliyyət göstərir (sədr Prof.Akad. Hamlet İsaxanlı). Şurada fəlsəfə doktoru proqramı üzrə dissertasiyaların müdafiəsi həyata keçirilir. Əsasən iki ixtisas 5804.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, eyni zamanda, 5802.01-təhsilin təşkili və planlaşdırılması ixtisasları üzrə müxtəlif ali təhsil müəssisələrinin, həmçinin, elmi təşkilatların doktorant və dissertantları müraciət edirlər.

İndiyə kimi Xəzər Universitetinin doktorantları Abdul-Rahman Balogun Muhəmməd-Şittu (Nigeriya), Nəzakət Zamanova, Aygün Verdiyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantlarından Mübariz Süleymanov, Rühiyyə Mehdiyeva, Zülfiyyə Şiriyeva, İlhamə Əsədova, Elnarə İsmayılova, Arzu Baxşəliyeva, Gəncə Dövlət Universitetinin doktorantları Nigar Ramazanova və başqaları Xəzər Universitetində fəaliyyət göstərən FD 2.49 Dissertasiya Şurasında müdafiə edərək, pedaqogika üzrə fəlsəfə doktoru diplomları almışlar.

2026-cı il oktyabrın 29- da  növbəti dissertasiyaların müdafiəsi keçirildi. Günay Məmmədzadə “Ümumtəhsil məktəblərində bullinq hallarının aradan qaldırılması üzrə işin təşkili” (elmi rəhbər pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov), Cavahir Maçanova isə “İbtidai siniflərdə təlimin səmərəliliyinin yüksəldilməsində layihələr metodundan istifadə üzrə işin sistemi” (elmi rəhbər pedaqogika üzrə fəlsəfə doktoru dosent Vidadi Bəşirov), mövzularında dissertasiya müdafiə etmişlər.

Günay Məmmədzadənin rəsmi opponentləri pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadə, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Emilya Hüseynova və pedaqogika üzrə fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva, Cavahir Maçanovanın rəsmi opponentləri pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Heydər Cəfərov və pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov olublar.  Rəsmi opponentlər və Dissertasiya Şurasının üzvləri hər iki dissertasiyanın yüksək səviyyədə yerinə yetirildiyini və iddiaçıların əsərlər barədə lazımınca məlumat verdiklərini qeyd etmiş, onların pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduqlarını bildirmişlər. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsinin yekun nəticəsi müsbət hesab edilmişdir.

khazar.org