Əli Rza Xələfli

Cəmiyyət həmişə keçmişi idealizə etdiyi kimi, cəmiyyəti yaradan ayrıayrı insanlar da artıq yaşamış olduqları həyatı daha çox idealizə edirlər. Sanki sehirli bir aləmdən ayrılıblar və bir də həmin aləmə doğru həmişə can atırlar. Uşaqlarda isə əksinədir, uşaqlar böyüklərin yaşadığı həyata tələsir. Amma bu həyata çatan kimi üzü geriyə boylanır və ən gözəl günlərinin geridə qaldığını düşünürlər. Görünür, bu, həyatın özündən gələn, həyatın təbiətindən doğan bir hissdir. Və biz Yaddaş Sahibinin “damarlarda eşq axardi” xatırlaması ilə gəncliyini, yeniyetməlik çağlarını bu qədər böyük hiss və həyəcanla anmasını da həmin hisslərlə bağlamalıyıq. Və görünür, elə bu səbəbdən gənclik əldən gedəndən sonra, insanlar yenidən gəncliyə qayıtmaq, yenidən cavanlaşmaq iksirini axtarıblar. Azərbaycan nağıllarındakı sehirli almanı yada salaq: Məlikməmmədi qaranlıq dünyadan keçirərək yenidən işıqlı aləmə qaytaran hadisələrin məğzində bu sehirin, bu ovsunun tapılması əsas şərtdir. Söhbət onda deyil ki, həqiqətən belə bir sehirli alma var, ya yox?! Amma insanlar hər halda bu almanı arzulayıblar. İnsanların zahiri əlamətlərdə onları gəncləşdirən, cavanlaşdıran, yaxud gənc kimi, cavan kimi göstərən vasitələrə meyl etmələri, müəyyən forma dəyişikliklərinə can atmaları həmin istəyin nəticəsidir. Cismani əbədi həyat olmadığı kimi, insanın yaşadığı ömrə cismən qayıdışı da mümkün deyil. Mifin məntiqinə görə,
“Ambroziya (müşkənbər) öz-özlüyündə yalnız gənclik, güc və gözəllik verirdi. O, bədənin əbədi yeniləşməsi üçün qidadır. İlahilərin ölümsüzlüyü əbədi həyatla, daimi gəncliyin və gözəlliyin birgəliyi kimi təsəvvür olunurdu”.

Əlbəttə, söhbət mifdən gedəndə. Amma gəncliyə qayıdış bütün zahiri vasitələrdən asılı olmayaraq (zahiri vasitələr müəyyən təsəvvürlər yarada bilər), ancaq xəyalən, ruhən mümkündür, insanın həyat enerjisindən, onun daxili-mənəvi ehtiyatından, həyata sevgisindən asılıdır. Bu hiss insanda bir mənəvi səfərbərlik yaradır. Onu gənclik enerjisi ilə yazmağa-yaratmağa sövq edir (müəyyən yaş dövrünü keçirən insanların fiziki işlə də belə şövqlə işləmələri mümkündür), amma bir şərtlə, gərək insanın damarlarında qan formasında eşq (həyat enerjisi, güc) çağlamış olsun. Hər halda, Yaddaş Sahibinin belə gücünü hiss edirik. Müəllifin timsalında onun yazıb-yaratmaq həvəsi sonsuzdur və tükənməzdir.
Poeziyanın şairin varlığına hakim olan bir fikrin məhsulu olması klassiklər tərəfindən dəfələrlə ən müxtəlif forma və şəkillərdə ifadə olunub. Azərbaycan ədəbiyyatında Nizamidən, Füzulidən üzü bəri şerin sənətkarın varlığından necə doğulması, yaranışı hətta təfərrüatına qədər şərh olunub. Ancaq söhbət onda deyil ki, ən yaxşı bir fikri şair müəyyən formaya, qəlibə salır və bizə oxucusuna təqdim edir. Xeyr, əslində, belə deyil. Şairin varlığına hakim olan fikir onun hissləri, emosiyaları ilə çulğaşır, başqa sözlə desək, qanına qarışır. Onun damarlarından axan qanın rəngini özünə hopdurur. Yalnız bu zaman şeir yaranır. H.İsaxanlının poeziyasını da əlvan rənglərə bürüyən, onu dil-dil ötməyə vadar edən, canlandıran, danışdıran öz qanının rənginə boyaması ilə bağlıdır. “Ziyarət”in ayrı-ayrı fəsillərində zaman, məkan dəyişir, poetik duyğuların ən müxtəlif formalarda rəngləri təzahür edir. Rənglər bəzən tündləşir, bəzən bozarır, hətta bəzən güclə seziləcək dərəcədə çalar kəsb edir. Bu, şairin damarlarından axan qanın sürəti, onun qatılaşması və bəzən də durulması ilə bağlıdır. Demək, bu poetik örnəklər yalnız ayrı-ayrı məqamlarda fikirlər şəklində təzahür eləmir, həm də şairin zəngin duyğular aləmini, onun gərginləşən, tarıma çəkilən əsəblərini, varlığını özündə ehtiva edən hisslərini bizə çatdırır. Damarlarında axan qan bu zaman şairin mənəvi aləmində fikir kimi təzahür edir. Şair bunu adicə qan hesab eləmir, insanı yaşadan vasitə, qaynaq kimi görmür. O, bu qanı həyat eşqi, yaradıcılıq enerjisi kimi təsəvvür edir. Gərək insanın qanında əvvəlcə eşqin özü yaransın, onun bəsirət gözü açılsın, o, həyatı sevsin, yaşamağın gözəlliyini duysun. Yalnız bu anlamdan sonra o, damarlarında axan mayenin qan formasında olan eşq olduğunu anlayacaq. Müəllifin düşüncəsinə görə (əsərdə Yaddaş Sahibinin qənaətinə görə), gəncliyin elə bir mərhələsi başlanır ki, bu mərhələdə zaman da, məkan da, hərəkət də bütövlükdə ecazkar, qeyriadi, füsunkar və cəzbedici olur. Özü də təsəvvür edin; qışda yağan qarın özü insanın damarlarında qaynayan (həm də sözün həqiqi mənasında qaynayan) qanı soyuda bilmir, onun mənəvi aləmində bir od qaynayır:
Zaman necə füsunkardı… Qışda lopa qar yağardı, İçimdə sönməz od vardı.
Yeraltı layların hansısa qatlarında güclü istilik enerjisi bəzən o qədər yığılır ki, yer təkinin onu boğub saxlamağa gücü çatmır. Və beləcə, vulkanlar püskürür. Şair də müəyyən mənada canlı varlıq olaraq təbiətin belə bir hadisəsinə bənzəyir. Bayırda lopa-lopa qarın yağdığı, onun özünün daxili aləmindəki alovun bu gənci təlatümə gətirdiyi dövrün özü, müəyyən mənada, açıq izah tələb edir. Onun gözlərinin önündə uzun yollar var. O, bu yolları necə keçəcək? Hələ aydın deyil, heç yolun son ucu haqqında da düşünmür. Amma bu yol ona görə cazibəlidir ki, bu yolda ona sirli baxışları ilə “arxamca gəl, mənimlə gəl, mənə çat, əlimdən tut, mənə qovuş” deyən, səssiz baxışlarla danışan gözəlin özü şairin ruhunu özünə çəkmiş, varlığını özündən almış dünyanın sahibi var:
O zaman uzundu yollar, Yol boyu gəzərdi yar. Ayaq gəzər, göz süzərdi, Könül hər şeyi bəzərdi.
Damarlarında eşq axan, gözlərindən vurğunluq yağan gəncin həyatının mənası onun könül dünyası ilə bağlıdır. Bu könül aləmi ayaqların gəzdiyi, gözlərin süzdüyü yerlərin hamısını öz dili ilə bəzəyir. Hətta sevgilisinin gövdəsinə söykənib dayandığı ağacın yarpaqlarına, bu yarpaqların tərpənişlərinə məna verir. Sanki o yarpaqların bir səhər küləyilə tərpənişləri şairə nəyi isə danışır. Burada şair anlamını aşiq kimi düşünmək təbiidir.
Yaddaş Sahibi bəzən özünü kənara çəkir, başqa sözlə, özündən özünə baxır. Yaxud bu günün gözü ilə qayıdıb həmin günləri təzədən müşahidə edir. Bir ağacın altında dayanmış axşamın qaranlığında yolları kəsişən gənclərin gözlərinin parıltısı ilə danışması, səssiz sükutla dilləşməsi damarlarında eşq axan, sevgi çağlayan gəncliyin ömür salnaməsinin başlanğıcı olan bir dövrdür. Bu, artıq insan həyatının elə anıdır ki, bu anın hər zərrəsi bir dünya qədər əhəmiyyət kəsb edir. Həmin anlarda gənclərə dünyanı əvəz olaraq verib odlu baxışlarla bir-birini süzməsini dəyişmək təklifinə onlar nifrətlə baxardılar. Çünki onların gözündə görünən parıltılar elə dünyanın özü deməkdir. Və nəhayət, Yaddaş Sahibi bu günün zirvəsindən boylanıb damarlarda çağlayan qanın o vaxt nə demək olduğunu bir daha etiraf edir. Bəli, bu, eşq idi:
Elə ki, axşam düşərdi, Sevgililər qaranlıqda
Bir anlığa görüşərdi. Gözlər həsrətlə baxardı, Damarlarda eşq axardı.
Nizaminin uca göylər üçün mehrab hesab elədiyi, Füzulinin “Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor” hökmüdür. Yaddaş Sahibi sanki klassiklərin düsturunu özünün orijinal düşüncəsi ilə tamamlayır. Eşqin damarlarda qan şəklində çağladığı dövrlərdə insan övladı özünü nağıllar aləmində bilir. Bu nağıllar aləmi son dərəcə “dadlı”dır, öz dadı ilə mənəvi aləmə bir sehr, ovsun gətirən gücdədir. Həm də bir yerdə qərar tutan deyil, damarlarında eşq axmayanların bir ildə bəlkə, elə bütün ömürləri boyu gəzə biləcəkləri yerləri, məkanları bircə anda gəzib dolanırlar. Onların xəyalı, şairin dililə desək, “atlı”dır. Çox işlənən bir fikirlə ifadə eləmiş olsaq, deməliyik ki, bu xəyallar qanadlıdır, mələk timsallıdır. Bəli, bu həyatın sirrini, sehrini ancaq onu yaşamış olanlar duya bilər:
Nağılların dünyası da Dadlı idi, atlı idi, Atları qanadlı idi. Söz-söhbət təsirli idi, Həyat necə sirli idi!
Bir daha damarlarında eşq axan gənclərin həyatının sirrini, sehrini şairin mənəvi aləmi ilə bağlamağa cəhd edək. Onda hansı mənzərəni görərik? Bu mənzərədə şairin fikirlər aləmi ilə hisslərinin, duyğularının necə qovuşduğunu müşahidə edə bilmək, əslində, onun poeziyasının sirlərini bilmək deməkdir. Bütün zamanlar boyu öz düşüncələri ilə şairlərə və poeziyaya sadiq olan ustad bütün əsər boyu bizimlə birgə addımlamış (Yaddaş Sahibi, şair və onların həmfikri olaraq mənim özüm) V.Q.Belinski belə düşünürdü:

“…Hər bir poetik əsər şairin qəlbinə hakim olan qüdrətli bir fikrin məhsuludur. Əgər biz bu fikri şairin ancaq əqli fəaliyyətinin nəticəsi saymış olsaydıq, bununla yalnız incəsənəti deyil, həmçinin incəsənətin yaranması imkanınını da məhv etmiş olardıq. Doğrudan da, iş təkcə bir fikri tapıb onu uydurulmuş bir formaya salmaqdan ibarət olsaydı, şair olmaq çox asan olmazdımı və hər kəs ehtiyac, fayda, yaxud həvəs üzündən şair ola bilməzdimi? Yox, öz təbiəti etibarilə və istedadına görə şair yarananlar bu yolla şair olmurlar! Təbiətcə şair olmayan şəxsin ağlına gələn fikir qoy nə qədər dərin, nə qədər həqiqi və hətta müqəddəs olursa-olsun, onun əsəri cüzi, yalan, saxta, eybəcər və cansız olacaq, bu əsər kimsəni inandırmayacaq, həmin əsərdə ifadə olunmuş fikrin düzgünlüyünə baxmayaraq, bəlkə də hər kəsi məyus edəcəkdir! Halbuki qara camaat incəsənəti nə isə məhz belə başa düşür, şairlərdən də məhz bunu tələb edir. Boş vaxtınızda onun üçün yaxşı bir şey düşünün, sonra isə qızılın ortasına alınan brilyant kimi bundan bir şey uydurub düzəldin! Bununla iş bitmiş olar! Yox, şairin başına gələn fikirlər belə fikirlər deyildir və bunlar şairin varlığına belə hakim kəsilmir, canlı əsərlərin canlı rüşeymləri belə olmur! İncəsənət mücərrəd, fəlsəfi və xüsusən düşünülmüş ideyaları yaxına buraxmır: o, yalnız poetik ideyaları qəbul edir; poetik ideyalar isə sillogizm, doqmat və qayda deyil, canlı ehtirasdır, pafosdur” 1.
Adamın heyfi gəlir, zəncir kimi bir-birilə bağlanan insan hisslərinin dərinliklərinə qədər baş vuran, sözə çevrilmiş bu duyğuların arasını harda, necə kəsmək olar? Axı bu cümlələrin qırılmaz məntiqi eynilə müəllifin mənəvi aləminin göstəricisidir. Eyni zamanda, “Ziyarət” müəllifinin daxili aləminin güzgüsüdür. Biz damarlarda eşq axan gənclərin ehtiraslarını, onları bir-birinə tərəf çəkən gücü görə bilirik. Başqa cür olsaydı, heç H.İsaxanlının özü də, hətta öz həyatının xatirəsi olsa belə, həmin günlərə qayıda bilməzdi. Yalnız ağlın məntiqinə söykənib hisslərdən təcrid olunar, damarlarda axanın ancaq qan olduğunu iddia edərdi. Və beləcə, damarlarında qan əvəzinə eşq axan gənclərin daxili aləmini poetik mənzərəyə, poeziyaya, şeriyyətə, şerə çevirə bilməzdi.
Bəli, poeziya emosiyaların, hisslərin, duyğuların tüğyanı ilə yaranır.

Ədəbiyyat:

Y.E.Qolosovker. “Mifin məntiqi”. Kitab aləmi. Bakı , 2006, s.94.
V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı , 1954, s.94.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.