2024-cü il fevralın 21-də Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın iştirakı ilə elmi seminar təşkil olunub. Tədbiri giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova bu günün önəmindən, dilin hər bir millətin var olmasınndakı əhəmiyyətindən danışaraq, sözü Sevinc Əliyevaya verib.

Alim çıxışında mərkəzin fəaliyyət istiqamətləri, dilə dövlət qayğısı, Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin Azərbaycan dilinə həssas münasibəti, dillə bağlı həyata keçirilən layihələr və bir çox başqa önəmli məsələlər barədə əhatəli məlumat verib. Qeyd edib ki, Azərbaycan dili ilə bağlı təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerində önəmli işlər görülməkdədir. Mərkəzin gördüyü işlər, televiziya, radio, internet və digər sahələrdə Azərbaycan dilinin norma və qaydalarının pozulması halları, eləcə də dilimizə daxil olan yeni sözlər ətrafında müzakirələr aparılıb.

Tələbələrin suallarını cavablandıran prof. Sevinc Əliyeva gənclərə Azərbaycan dilinə sevgi, onun saflığının qorunması və yaşadılması ilə bağlı tövsiyələr verib. Tədbirin davamında Xəzər Universitetində təhsil alan əcnəbi tələbələrin universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının “Yaşamağa nə var ki” şeirini səsləndirdikləri video nümayiş olunub.

khazar.org